Yol hərəkəti qaydalarına dəyişiklik edilib, Avropa Oyunları üçün yollarımızın xüsusi hissələrə ayrılması qərara alınmışdır. İndən belə oyuna gedən ermənistanlı idmançının qabağına çıxan azərbaycanlının alnından snayperlə bir dənə qoyacaqlar. (Xoşum gəlir belənçik qaqulya danışıq tərzindən. Həm də hazırkı dövlətçilik siyasətimizə uyğundur).
O qanun deputatxanada müzakirə edilən anlarda isə gərgin durum yaşanmışdır, hətta Quskanı təzədən döyüb tutublar. Zarafat edirəm, qorxmayın. Heç kim tarixin təkərini geri çevirə bilməz. Hərçənd, Eynşteynin nisbilik nəzəriyyəsinə görə keçmiş deyə bir şey yoxdur. Bu dəqiqənin özündə kosmosun hansısa paralel dünyasında Brejnev Bakıya gəlir. Lenin Razliv gölü ətrafında kabab çəkir. Kleopatra burnunu qurdalayır. Mən birinci sinifdə sevdiyim qızın təpəsini daşla yarıram.
Uzun sözün qısası, qanun müzakirə edilərkən deputat yoldaşlardan Fəzail Ağamalı müəllim dəhşətli çıxış eləmişdir. Yeri gəlmişkən, Eynşteynə görə yoldaş Ağamalı hal-hazırda da Narxozda Azərbaycan tarixindən dərs deyən kasıb müəllimdir və rektor onu işdən qovur. Ancaq biz daha bu mövzu üzərində çox dayanmayaq, gələcəyə baxaq. Bizi işıqlı gələcək gözləyir, 22 ildir qaçqınlarımız da bu inamla YAP-ı dəstəkləyir və ölürlər.
Gördüyünüz kimi, əziz oxucular, Fəzail Ağamalı haqda yazmaq həm asandır, həm çətindir. Asandır ona görə ki, çətindir nəyə görə ki? Bunları müəyyənləşdirməyi oxucuların ixtiyarına buraxıram. Fəzail müəllim isə avtobus sürücülərindən şikayətlənmişdir. Deyir təzəlikcə maşınında gedirmiş, bir avtobus qəza şəraiti yaradıb, az qalıbmış deputat ölsün, həmin dairədə təkrar seçkilərə ehtiyac yaransın. “Ölümdən döndük” – Fəzail müəllim belə deyibdir.
Məncə hazırda deputatı tuneldə görünən işıq-filan mövzularında televerilişlərə qonaq çağırmağın məqamıdır. Ümumiyyətlə, dönmək yaxşı şeydir. Deputat yoldaşlardan İlyas müəllim, Fazil müəllim demişkən, ancaq ölülər və dəlilər dönmür. Nə qədər imkan varsa dön. Döndükcə imkanlar da artır, həyat belə döngə-imkan dialektik əlaqələri ilə zəngindir. “Dönməz geri”-zad söhbətləri əsgərlərə aiddir, onlar da imkansızların uşaqlarıdır, özləri bilər. Səyavuş Novruzovun uşaqlıq dostu qəzetimizə intervü vermişdir, deyir Səyavuş müəllim hətta dava-dava oynayanda da “bizimkilər” olmaq istəmirmiş. (Bu əslində başqa mövzudandır, gəldi girdi yazıya, qovdum getmədi. Həyatda belə sırtıq cümlələr olur).
Fəzail müəllim deyir ki, avtobus sürücüləri harınlayıblar, polisin onlara gücü çatmır. Yüksək səslə mahnı qoyurlar. Sərnişinlərin hüquqlarını pozurlar. Deputatları qəza vəziyyətinə salırlar. Təkrar seçkilər keçirilməsini istəyirlər. Sanki. (İndiyə qədər “sanki” sözünü ayrıca cümlə şəklində oxumuşdunuzmu? Buyurun. Hər bir sözün müstəqil yaşamaq hüququ vardır).
Ancaq müxbirimiz həmin avtobus sürücüsünü tapıb eksklüziv açıqlamalar almağı şok formada bacarmışdır. Sürücü deyir: “Əslində mənim Fəzail müəllimi qətiyyətlə, həmçinin qətiyyən vurmaq fikrim yox idi. Sadəcə, həmin gün mən canlı deputatı ilk dəfə görürdüm, onu qucaqlamaq, bağrıma basmaq istədim, ümumxalq məhəbbətini belə büruzə verəcəkdim, sevindiyimdən yadımdan çıxdı ki, sükan arxasındayam. Elə sərnişinlər də Fəzail müəllimi görüb çox şad olmuşdular, hamısı bir ağızdan qışqırırdı ki, yaxına sür, deputatı canlı görək. Nəticədə Fəzail müəllim bir qədər qorxdu. Hadisə yerinə çağırılan polis nəfərləri də həyatlarında ilk dəfə diri deputat gördükləri üçün hamısı çalıb-oynadılar, mən də yüksək səslə musiqini buna görə qoydum. Ümid edirəm deputatxana mənim əleyhimə çıxaracağı qanunda bunları yüngülləşdirici hal kimi nəzərə alacaqdır”.
Nə deyək, bizə də bu arzuya qoşulmaq qalır.