Qabaqdan deputatxana seçkiləri gəlir, ancaq uca millətimizin başı Avropa Oyunlarına qarışdığı üçün qanunqayıran obyektin gələcəyini vecə alan yoxdur. Görünür belə məsləhətdir. Yoxsa ki, ingilis Con və fransız Pyer də parlament qayırsın, Danabaş kənd sakini Tağı müəllim də – bunu Allah götürməz, göydən daş yağdırar. O baxımdan, bizimki bir növ “kitayski”, ucuzvari parlamentdir. Yeri gəlmişkən, Azərbaycanda parlament anlayışını xalq daha çox siqaret və araq kimi qəbul edir. İnanmırsan çıx küçədə sosioloji sorğu qayır. Rəy soruşduğun hər 10 nəfərdən doqquzu “Niyə bilmirəm ki, parlament nədir? Əla bilirəm. Dünən Həmdullahla adama iki butulka içib gəyirmişik” tipində cavab verməsə heç mənin qandığım qrafa yoxdur.
Bu sahədə vəziyyət o qədər tragikomikdir ki, hətta bir dəfə Parlamentdə Deputatlardan Nəmər İstəyən Jurnalistlər Birliyi adlı qeyri-hökumət təşkilatının rəy sorğusuna görə “İlin ən aktiv deputatı” mükafatını deputatxanaya heç ayaq basmayan bir nəfər almışdı.
Bu baxımdan, dünən bir dostum zəng vurub “Nazim Fərəcov adından deputat tanıyırsan?” soruşanda “nırç” cavabı verdim. Sən demə beləsi var imiş, deputatxanada Laçın rayonunu təmsil edirmiş. Yəni, rayon işğal edilib, faktiki yer üzündən silinib, ancaq deputatı vardır. Üstəlik, Nazim müəllim modern.az saytına intervü veribmiş. Seçkilərə az qaldığı üçün hesab edək bu adam deputatxana plovunun qazmağıdır, indi üzə çıxıbdır. İntervüdə deyib ki, hələlik növbəti dəfə namizəd olacağını bilmir, bunu YAP-ın ixtiyarına buraxır.
Ancaq ən maraqlısı bu deyil. Nazim Fərəcovun adını internet axtarış portalında yazarkən qəribə faktla üzləşdim: məlum oldu ki, bu adamın deputatxanada son 5 illik fəaliyyəti haqda yeganə cümləni… elə mən özüm, bu ilin fevralında yazmışam! Həmin vaxt məşhur bələdiyyə qəhrəmanı Əfruz xalanın 121 saylı Laçın dairəsindən deputat qoyulmasını təklif etmişəm. Özümdən sitat gətirim, kimdən əskik oğlanam: “Çünki son 5 ildə o dairədən deputat qoyulan Nazim Fərəcovu bəlkə heç Oqtay Əsədov da üzdən tanımır”. Belə-belə işlər… Yaddaşımız korlanır. Hərçənd, bu boyda millət deputatlarını tanımırsa, mənim yaddaşımın nə günahı? Qalır indi YAP-ın təklifimizi dəyərləndirməsi. Mən “Əfruz xala!” deyirəm.
Bu arada Nazirlər Kabineti də aktiv fəaliyyətə başlamışdır. Görünür prezidentin ordakı iclasının təsiridir, yuxudan oyanıblar. Artur müəllimin imzaladığı sərəncamla Kənd Təsərrüfatı Nazirliyinin “Azərdamazlıq” idarəsi ləğv olunub. Heyf. Bəs ölkədə bu qədər heyvanın damazlığını kim tutacaq? Yaxşı şıllaq atan eşşəklərimizin nəslini, böyürən inəklərimizin cinsini, lomba tüpürcəkli dəvələrimizin genini hansı dövlət idarəsi qoruyacaqdır? Yazıqlar olsun. NK-nın, KTN-in bəlkə bircə faydalı funksiyası vardı, onu da ləğv elədilər. Artur müəllimə istefa! (Çaşıb birdən çağırışıma səs verər, lazım deyil. Onsuz fərqi azdır).
Eyni zamanda fikirləşirsən ki, əgər cins eşşəyi Almaniyadan, inəyi başqa Avropa dövlətindən, hətta qoyunu İngiltərədən alırıqsa, bu damazlıq idarəsi nəyə yarayırdı? Elə yaxşı edib başını əkiblər.
Bayaq dəvə yazdım, yadıma Azərenerji düşdü. Onun şefi Pirverdiyev müəllimin dəvə fermaları vardır. Dəvədən enerji alır. Sözüm bunda deyil, bizim konstitusiyaya görə hər kəsin enerjisini istədiyi yerdən almaq hüququ var. Sadəcə, son günlər orda-burda Pirverdiyev əleyhinə cızmaqaralar gözümə dəydi. Yazırlar ki, guya yoldaş Pirverdiyev enerji sistemini yeyib-dağıdıbdır.
Mən bircə sual vermək istəyirəm: bəyəm Pirverdiyev özbaşınadır ki, hansısa elektronu satıb yesin? Yazığın gördüyü bəlkə elə dəvə qığı olmuşdur. Misal üçün, bayraq meydanını Azərenerji-yə qayırtdıranda niyə soruşmurdunuz ki, bu pullar hardandır?
Sonda hörmətli oxuculara Mirzə Cəlilin “Pirverdinin xoruzu” hekayəsini oxumağı məsləhət görərdim. Özüm də oxuyacağam, yadımdan çıxıb.