Saxlanılan şəxs və Ukrayna DİN əməkdaşı danışdılar.
Odessada bolqar tələbənin güllələdiyi 3 azərbaycanlıdan biri ötən gecə xəstəxanada dünyasını dəyişib.
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Odessa vilayəti üzrə İdarəsinin mətbuat katibi Alla Marçenko bildirib. Alla Marçenko qeyd edib ki, qətli törətməkdə ittiham olunan şəxs barəsində həbs – qəti imkan tədbiri seçilib və o, istintaq təcridxanasında saxlanılır.
Saxlanılan şəxs: “Nə üçün saxlanıldığımı bilmirəm. Biz maşınla gəlirdik, saxladılar, çantamı yoxladılar. Dedilər ki, guya orada silah var. Ancaq o silah mənim deyil, barmaq izlərindən də xəbərim yoxdur. Bu hadisə ilə heç bir əlaqəm yoxdur.”
Qeyd edək ki, hadisə mayın 1-də Odessa şəhəri Kiyev rayonunun Lvov küçəsində baş verib. 1 May münasibətilə keçirilən bayram tədbirində gənclər arasında mübahisə baş verib. Tərəflər münasibətləri aydınlaşdırmaq üçün axşam görüşmək qərarına gəliblər. Onlar yerli vaxtla axşam saat 23:00-da Odessa Ekoloji Universitetinin yataqxanasının qarşısında görüşüblər və atışma başlayıb. 3-cü kurs tələbəsi olan Bolqarıstan vətəndaşı 3 azərbaycanlıya odlu silahdan atəş açıb və onları yaralayıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Fakta bağlı cinayət işi açılıb, araşdırma aparılır.