Avropada yaşayan mühacir həmvətənlərimizə dair qəzetimizdə gedən silsilə materiallar – müsahibələr bir neçə həqiqətləri üzə çıxarıb.
Məlum olur ki, öz şəxsi səadətini Avropada axtaran və tapan adamların bir çoxu avropalıları aldadıb. Onlar heç də öz ölkələrində ciddi təqib-təzyiqə məruz qalmamışdılar və ölkədən getmələrinin səbəbi siyasi motivlərlə əlaqəli deyil, sırf güzəran, yaxşı gün görmək məqsədi daşıyır.
Əslində bu, normaldır. Hər insan istər ki, bircə dəfə gəldiyi dünyada 3-5 gün rahat, firavan, asudə yaşasın, maddi sıxıntı çəkməsin, övladlarının gələcəyindən nigaran olmasın.
Adam bütün bunları öz ölkəsində təmin edə bilmirsə, məcburdur ölkəsini dəyişsin. Ölkədəki durumu dəyişmək isə çox çətindir, ancaq təyyarəyə minib ölkədən çıxmaq, vətəni başqa bir ölkəyə dəyişmək qat-qat asandır.
Ona görə də bir çox fərasətli, riskə getməkdən çəkinməyən adamlar bu yolu tuturlar. Bu zaman onlar yalan danışmaq, özləri haqqında “təqib-təzyiq hekayətləri” uydurmaq zorunda qalırlar. Bəxtlərindən, bundan ötrü keçərli səbəblər var. Azərbaycan insan haqlarına riayət edilməməsi xüsusunda beynəlxalq səviyyədə ad çıxarıb, siyasi dustaqlar məsələsi gündəmdən çıxmır, seçkilər saxtalaşdırılır, insanlar təqib olunur və s.
Əgər bir ölkədə insanların seçib-seçilmək hüququ məhdudlaşdırılırsa, o, artıq həmin ölkəni tərk etmək üçün özündə mənəvi və siyasi haqq tapa bilər. Ancaq Avropaya sığınanların bir xeylisi bu ölkədə yaşayanda öz vətəndaş hüquqlarından istifadə etməyənlərdir. Onlar ömürlərində bir dəfə mitinqə, piketə, nümayişə çıxmayıblar, heç hansısa partiyanın üzvü də olmayıblar.
Bir neçə il öncə belə ailələrdən biri ilə həmsöhbət oldum. Ortaya çıxdı ki, 55-56 yaşlı kişinin arvadı, oğlu və qızı İsveçə gedib. Siyasi mühacir kimi. Guya bunları təqib edirmişlər. Soruşdum ki, onun ailə üzvləri hansı partiyanın üzvü olublar. Kişi əvvəlcə “heç birinin” dedi, sonra bir partiyanın adını çəkdi və dedi, sadəcə, həmin partiyaya daxil olmaq üçün ərizə veriblər, qəbul olunublar, üzvlük vəsiqəsini alandan bir neçə gün sonra təyyarəyə minib gediblər. Adam ailəlikcə üzv olduğu partiyanın nəinki məşhur simalarını, heç sədrini belə tanımırdı. Həmsöhbətimin dediyinə görə, ailəsi Avropa ölkəsinə çatandan sonra bir müddət onları sorğu-sual ediblər, qız fərasətli tərpənib, Suriyadan olan bir kürdlə ailə qurub, oğlan da bir yerli qadınla yalan-gerçək nikaha girib. “Müxalifətçi xanım” tək və köməksiz qalıb və onu bir müddətdən sonra ölkədən deportasiya ediblər. Çünki heç bir müsahibədən, istintaqdan üzüağ çıxmayıb, onun öz ölkəsində təqib olunduğuna inanmayıblar.
Təbii ki, bu, təcrübəsiz adamların aqibətidir. Hələ ölkədə olarkən hansı sənədləri düzəltməyin, orda müsahibələrdə nə danışmağın, necə danışmağın təhərini yaxşı bilənlər avropalılalara kələk gələ bilirlər.
Bir də var, gerçəkdən də siyasi motivlərlə təqib olunanlar, təzyiqlərə məruz qalanlar, keçmiş siyasi məhbuslar… Onların siyasi sığınacaq alması asan və halaldır. Zatən, bu adamlara siyasi sığınacaq verilməsi təşəbbüsü çox hallarda qarşı tərəfdən, qəbul edən dövlətdən gəlir.
İstər dolayı yollarla, istərsə də əsası olaraq ölkəni tərk edən, Avropaya sığınan insanların bu yolu seçməsinin başlıca səbəbkarı hakimiyyətdir. Əgər Avropanın yüksək rifahlı ölkələrində olan siyasi-iqtisadi mühitin, şəraitin yarısı bu ölkədə təmin edilmiş olsa, heç kəs kənarda, Rusiyada, Türkiyədə, Avropada xoş gün axtarmaz.
Gedənlərin arasında elələri də var ki, bu ölkədə yaxşı yaşayıblar, bahalı maşınları, şəxsi vilları, qazanclı işləri olub. Amma gediblər. Niyə? Çünki sabahkı gün üçün qarantiyaları olmayıb, gələcək görməyiblər, hər şeyin bir günün içində əllərindən çıxacağından əndişələniblər. İndi onlar bir az kasıb, amma daha asudə və rahat yaşayırlar.
Bu ölkədən gedənlərin əksəriyyəti yerli cəmiyyətə adaptasiya oluna bilmirlər, 99 faizi isə mütləq vətən üçün darıxır və qayıtmağa hazırdırlar. Bu, onu göstərir ki, adamlar məcbur olmasalar getməzdilər.
Bir şeyə də təəssüf ki, mühacir həmvətənlərimizə həsəd aparan, hətta açıq şəkildə paxıllıq edən, onların ünvanına təhqiramiz ifadə işlədənlər çoxdur. Hətta qəzetimizə şərh yazaraq mühacirləri “yaxşı ifşa etdiyimizə” görə təşəkkür edənlər də var.