8 və 9 may tarixlərinin Azərbaycan üçün əhəmiyyətini xırdalamağa bəlkə də lüzum yox. Biri – 8 may bizdən, Azərbaycandan ötrü Şuşanın işğal günüdürsə, 9 may da guya qələbə günümüzdür.
Ona görə “guya” yazdıq ki, faşizm üzərində qalibiyyət bizə, millətimizə yaxşı heç nə bəxş etmədi. 1945-ci ildən sonra nəinki itirilən istiqlaliyyətimiz qayıtmadı, üstəlik, cəmi bir neçə il sonra (1947-50-ci illər) Ermənistanda soydaşlarımız deportasiyaya məruz qaldılar. Kremlin Azərbaycan xalqına, nefti hesabına qələbə çaldığı Bakıya minnətdarlığı bu idimi?
Təbii ki, bununla II dünya müharibəsində sovet ordusu tərkibində vuruşmuş azərbaycanlıların ruhunu, sağ qalan veteranların isə qəlbini incitmək fikrində deyilik. Hər halda faşizm bəşəriyyət üçün böyük bir bəla olduğu üçün dəf edilməli idi.
Amma və lakin bolşevizm, kommunizm ondan heç də kiçik bəla deyildi! Sadəcə, o zaman bir bəla, şər digərinə üstün gəlmişdi və dünya da bununla 70 il barışmışdı. Məsələ də ondadır: 1941-45 müharibəsində azərbaycanlılar bilmirdilər ki, Böyük Vətən müharibəsinin yox, 2-ci Dünya müharibəsinin iştirakçılarıdır. Fərq bu qədər böyük.
Ancaq diqqət edin, ruslar hələ də bunu “Böyük Vətən müharibəsi” adlandırırlar. Çünki onlar həqiqətən də “vətən”, daha doğrusu, imperiyanın saxlanması uğrunda vuruşurdular. Rusların vətən anlayışı isə əfsus ki, bizim və əksər xalqların vətən anlayışından köklü surətdə fərqlənir. Elə olmasaydı, Rusiya cəmi bir il öncə faşist Almaniyası kimi öz qonşusunun – Ukraynanın ərazisini, Krımı işğal eləməzdi. Bura Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini də əlavə eləmək olar.
Bu mənada 9 may Moskva paradı əslində qalib Rusiyanın yox, hələ də işğalçı qiyafəsini soyunmayan təcavüzkar Rusiyanın bayramıdır. Hərçənd, dünya, Qərb Putinin bayram ovqatına əməllicə zəhər qata bildi. Bolşevizmin faşizm üzərində qələbəsinin 70 illiyini təntənəli şəkildə bayram edib bunu qlobal hadisəyə çevirməyi Kremlə imkan vermədi.
Qərb dövlətləri bununla bir daha Moskvaya göstərdi ki, onun dəyərləri ilə bəşəri dəyərlər bambaşqadır və üst-üstə düşməz. Kremlə əyani olaraq göstərdilər ki, hələ də xarici siyasətdə zor amilinə üstünlük verən bir dövlət faşizm üzərində qələbəni qutlaya bilməz; başqa sözlə, 70-75 il öncə qonşu ölkələri ərazilərini bir-bir yağmalayan faşizm Almaniyası ilə XXI əsrdə öz qonşusunun ərazisini ələ keçirən Rusiya atasında ciddi fərq yoxdur.
Əslində Qərb bununla da Moskva paradını dünyanın gözündə bir matəm tədbirinə çevirdi, bu tədbirin ilk növbədə azad xalqlara növbəti “əzələ nümayişi” olduğu haqda bəşəriyyətdəki qənaəti daşlaşdırdı. Gerçəkdən, Hitler də ötən əsrin 40-cı illərinin sonunda bu cür güc nümayişi ilə Avropanı qorxutmurdumu?
O ki qaldı, ermənilərin 8 may “qələbəsi”nə, bu da onlardan ötrü bayram günü deyil. Axı, qalib ona deyərlər ki, qələbəsini hamı tanısın, qəbul eləsin. Ermənilər Şuşanı, Azərbaycanın digər ərazilərini işğal eləməklə nə qazandılar, daha yaxşı güzəranamı tuş gəldilər?
Şuşa da daxil, o ərazilərin heç birindən məskunlaşmaq, iqtisadiyyatı dirçəltmək üçün istifadə oluna bilmirsə, Ermənistan atəşkəs dövründə qat-qat acınacaqlı duruma düşübsə, sürətlə boşalırsa, bunun harası qələbə oldu indi? Üstəlik, bilə-bilə ki, günün birində bu torpaqların yiyəsi mütləq qayıdacaq. Kəsəsi, “Pirr qələbəsi”…
*****
Bu yerdə yada bir rus yazıçısının 2-ci Dünya savaşından illər sonra Almaniya etdiyi səfər zamanı gördüklərindən, alman möcüzəsindən və inkişafından heyrətə gələrək söylədiyi sözlər düşür. Demişdi ki, “Müharibəni biz udduq, amma yaxşı yaşayan almanlardır”.
Rus, erməni “qalib” olsa da, günü bu gün də pis, məğlublar kimi yaşayır. Çünki qələbəni halallıqla qazanarlar.