“Dialoqda siyasi partiya sədrlərinin bəziləri keçən görüşdə gündəmə gətirilən məsələləri, bəziləri də digər məsələləri qaldırdı”
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bu gün keçirilən iqtidar-müxalifət dialoqunda iştirak edən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov deyib.
PA rəsmisi qeyd edib ki, görüşdə bir sıra məsələlər müzakirə olundu: “Biz siyasi partiyalara imkan yaratdıq ki, onları narahat edən məsələlərlə bağlı təklifləri gündəmə çıxarsınlar. Bu gün əsas məsələ Avropa Oyunları və onun təşkili oldu. Cari məsələlərdə bəzi məhbusların azadlığa buraxılması ilə yanaşı ictimai-siyasi proseslərdə iştirak, partiyaların maliyyələşməsi, onların qərargahı məsələsi, bank kreditlərindən tutmuş adi siyasi plüralizm məsələslərinə qədər mövzular müzakirə edildi. Həmçinin onların müzakirəsinin sornakı görüşlərlədə də davam etidirilməsi qərara alındı”.
Ə.Həsənov tərəflərin Avropa Oyunları ilə bağlı ümumi qərarını da açıqlayıb. Onun sözlərinə görə, tərəflər hesab edir ki, Avropa Oyunları həm Azərbaycan dövləti, həm də Azərbaycan xalqı üçün önəmlidir: “Ümumi qərara gəlindi ki, Avropa Oyunları Azərbaycana həm də idman resurslarını artırmağa, idman strukturlarını genişləndirməyə imkan verdi və gələcəkdə daha böyük olimpiya oyunlarına ev sahibliyi iddiasını ortaya qoyur. Bu yarışlar məqsəd, yox vasitədir. Bu vasitə də Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa yönəlməlidir”.
PA rəsmisi iqtidar-müxalifət diaqloqunu müsbət qiymətləndirib.
“Görüş üçün siyasi partiya nümayəndələrinə hakimiyyət nümayəndəsi olaraq təşəkkür edirəm. Hesab edirəm ki, bu görüşün alternativi yoxdur. Siyasi partiyalar Azərbaycan cəmiyyətinin aparıcı institutlarıdır. Azərbaycanda baş verənlərə və baş verməsi mümkün olan bütün məsələlərə onların münasibətini dinləmək bizim üçün də maraqlıdır”