İlin sonuna kimi 1 milyon insan yoluxacaq
Rusiyanın QİÇS-lə mübarizə federal mərkəzinin rəhbəri Vadim Pokrovski xəstəliyin yayılma sürətinin ölkənin milli təhlükəsizliyinə təhlükə törətdiyini deyib.
Məmur infeksiyanın yayılma tempinin indiki sürətdə qalacağı təqdirdə ilin sonuna qədər ölkədə 1 milyon QİÇS xəstəsinin olacağını deyib. Ekspert 1-2 il ərzində isə xəstələrin sayının daha 2 dəfəyə qədər artacağını güman edir.
Rusiya Elmlər Akademiyasının akademiki olan Pokrovski hökumətin təcili tədbir görməli olduğunu deyib. Onun fikrincə, ilk növbədə məktəblərdə seksual bilgilərlə bağlı dərslər təşkil olunmalı, narkotik aludəçiləri ilə bağlı sosial proqramlar genişlənməli və QİÇS sahəsində tibbi araşdırmalar davam etidrilməlidir.
Vadim Pokrovski Rusiya hakimiyyətini QİÇS-lə mübarizəyə passiv yanaşdığı üçün kəskin tənqid edib:
QİÇS-lə mübarizə üçün Rusiya hökuməti 200 milyon rubl vəsait ayırıb. Axı 145 milyon insan üçün 200 milyon rubl nə puldur ki? Bu 1 insana 1 rubldan bir az artıq vəsaitin düşməsi deməkdir”.
Pokrovski 2015-ci ilin ilk rübündə QİÇS-li xəstələrin sayının 10 faiz artdığını və mayın 1-i üçün ölkədə 933 min 419 rəsmi xəstənin olduğunu deyib. İlin ilk 3 ayında Rusiyada 30 min insanın xəstəliyə tutulduğunu xatırladan federal mərkəz rəhbəri müqayisə üçün Almaniyada 2014-cü il ərzində cəmi 1 minə yaxın insanın QİÇS-ə yoluxduğunu vurğulayıb:
“Rusiyada QİÇS-ə yoluxanların sayı əhalinin 1 faizini, Almaniyada isə 0,01 faizini təşkil edir”.
Onun məlumatına görə, yoluxanlar arasında homoseksuallar, narkomanlar və 30-35 yaş arasında insanlar üstünlük təşkil edir.
Rusiyalı akademik hökumətin QİÇS təhlükəsini yetirincə, qiymətləndirmədiyi fikrindədir. “Kommersant” qəzeti məsələ ilə bağlı Rusiya Səhiyyə Nazirliyinin fikrini öyrənib. Qurumda akademiki Rusiyanın maraqlarına qarşı çalışan xarici agnet adlandırıblar.
Modern.az