Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Virtualaz.org “Azərbaycan” qəzetinə istinadən bildirir ki, sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
İlqar Əziz oğlu Mustafayev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti”.
Virtualaz.org-un əldə etdiyi məlumata görə, İlqar Mustafayev Heydər Əliyev Fondunun əməkdaşı olub və Fondun 10 illik yubileyi münasibətilə, eləcə də Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə Azərbaycan prezidentinin 10 may 2014-cü il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Onu da qeyd edək ki, prezident İlham Əliyev mayın 4-də Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin əvvəlki rəisi Rəşad Rəfael oğlu Məmmədovu vəzifəsindən azad edib. Yeri gəlmişkən, virtualaz.org saytı həm də “Azİmport” şirkətinin sahibi olan R.Məmmədovun şirkətinin Bakı sakinlərinə qarşı özbaşınalıqları haqda bir neçə araşdırma yazısı dərc edib. R.Məmmədovun bacısının əri A.Əsgərov tərəfindən rəhbərlik edilən şirkət Bakıda yüzlərlə, minlərlə ailənin halal mal-mülkünü qəsb etməkdə ittiham olunur.
Son məlumatlara görə, R.Məmmədov artıq həbs olunub və hazırda Milli Təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanasında saxlanılır.