Azərbaycan təmsilçisi Elnur Hüseynov bu gün Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Eurovision – 2015” mahnı müsabiqəsinin ikinci yarım finalında çıxış edəcək.
AzVision.az-ın məlumatına görə, Elnur səhnədə “Hour of the Wolf” mahnısını ifa edəcək.
İkinci yarımfinalda isə ölkələr bu ardıcıllıqla çıxış edəcək: Litva, İrlandiya, San Marino, Monteneqro, Malta, Norveç, Portuqaliya, Çex Respublikası, İsrail, Latviya, Azərbaycan, İslandiya, İsveç, İsveçrə, Kipr, Sloveniya və Polşa. Azərbaycan təmsilçisi səhnəyə 11 nömrə altında çıxacaq.
Müsabiqəyə ev sahibliyi edəcək Avstriya təşkilatçıların qərarına əsasən, finalda 14-cü çıxış edəcək. Ölkələrin finaldakı iştirak ardıcıllığı isə yarımfinalların nəticəsi məlum olandan sonra müəyyənləşəcək.
Qeyd edək ki, mayın 19-u keçirilən ilk yarımfinal mərhələsində 15 ölkənin təmsilçisi çıxış edib. Səsvermədən sonra isə Ermənistan, Belçika, Yunanıstan, Estoniya, Serbiya, Macarıstan, Rusiya, Albaniya, Ruminiya və Gürcüstan final mərhələsinə keçib.