Milli Məclisin deputatı Fazil Mustafa Bakının Pirallahı rayonunda 5 yaşlı Aişə Qələndərovaya vəhşicəsinə təcavüz etdikdən sonra onu amansızlıqla qətlə yetirən 32 yaşlı Yakov Çernova törətdiyi əmələ görə ölüm hokum tələb edib.
Modern.az-ın məlumatına görə, F.Mustafa bu haqda belə deyib:
”İllərdir tələb edirəm ki, uşaqların və hamilə qadınların qəsdən öldürülməsinə görə ölüm hökmü bərpa olunmalıdır. Ancaq rəsmi qurumlar Avropa Şurası qarşısında öhdəliyi bəhanə edərək, bu məsələdə bir qəti qərar vermək istəmirlər. Budur, Pirallahıda 5 yaşlı qıza təcavüz edərək öldürən 32 yaşlı qatilin indi cəzası nə olmalıdır? Bu məxluqun yaşamasının bir mənası qalırmı? Ömürlük həbs etsinlər və hər gün büdcədən qida da ayıraq ki, mədəsini doldursun, bunun zərərçəkmiş tərəf üçün hansı təsəllisi ola bilər ki?.. 5 yaşlı qızı, o mələk cocuğu bir sərxoşdan, bir manyakdan qoruya bilməyən bir cəmiyyətik, həqiqətən utancvericidir. Bir də verilən cavab bizim cəmiyyətdə əksər kriminal əməl daşıyıcalarına xarakterik cavabdır: “İçkili idim maşınla adamı vurdum, içkili idi maşın vurdu, içkili idim bıçaqladım, güllələdim, qumbara atdım, içmişdim və çəkmişdim gedib evi yandırdım”.
Canınız çıxsın içməyin, çəkməyin! Nəticəsini ki görürsünüz. Çevrədə sərxoşluğun və narkomanlığın necə tüğyan etdiyini, stimullaşdırıldığını görürsən, gələcəyimizin qaranlıq mənzərəsini daha dəqiq təsəvvür edirsən. Ailələrin görünməyən faciəsi əksər hallarda bu amillə bağlıdır. 5 yaşlı qız övladını qoruya bilməmənin günahını hamımız daşıyırıq”.
Qeyd edək ki, mayın 28-də Pirallahı rayonunda itkin düşmüş 5 yaşlı qızın meyiti tapılıb. Onun meyiti elə yaşadığı məhəllədə, qonşularının həyətində aşkarlanıb. Aişənin elə həmin həyətdə yaşayan qonşusu 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç tərəfindən qətlə yetirildiyi bildirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Yakov Çernov Xəzər rayon Prokurorluğundakı dindirilmə zamanı cinayəti törədərkən içkili olduğunu bildirib. Yakov Çernov dindirilmə zamanı Aişə Qələndərovanı zorlamadığını deyib. Hüquq-mühafizə orqanları hazırda uşağın meyitini tibbi ekspertizadan keçirirlər. Onun həqiqətən zorlanıb-zorlanmadığı isə ekspertizanın rəyindən sonra məlum olacaq.