Cəlilabad rayonun Alar kənd 2 nömrəli orta məktəbində direktor özbaşınalığı müəllimləri və kənd sakinlərini boğaza yığıb.
Bu barədə AzNews.az-a məktəbin müəllimləri məlumat verib. Məktəbdə illərdir ki, müəllim vəzifəsində çalışan Azad Dadaşov direktorun özbaşınalığından şikayətçidir. O, Həsənağa Əliyev adlı direktorun məktəbdə rüşvətxorluqla məşğul olduğunu deyir: “2013-2014 tədris ilində Əliyev Həsənağa məktəbin daima dərsdə iştirak edən, sağlam şagirdlərindən bir neçəsinə saxta yolla xəstəlik saatı yazıb. Şagirdləri öyrədir və onlardan ərizələr alaraq müəllimləri şantaj edir. Bu yaxınlarda bir şagird elə məktəbin həyətindəcə intihara cəhd etmişdi. Səbəb isə direktorun müəllimlərlə yanaşı şagirdlərə qarşı da özbaşınalıq etməsidir”.
Müəllim məsələ ilə əlaqədar rayon təhsil şöbəsinə müraciət edib, prezidentə teleqramlar ünvanlayıb: “O, qanunlara əhəmiyyət verməyərək ehtiyac olmadan müqavilələrlə müəllimləri işə götürüb.
Bundan əlavə, direktor ixtisasca coğrafiya müəllimi olsa da, məktəbdə coğrafiyanın tədrisi sıfıra bərabərdir. Onu bildirim ki, 2014-cü il yanvar ayının 18-də Əliyev Həsənağanın 65 yaşı tamam olmasına baxmayaraq, o, yenə də direktorluq edir. Bu şəxsin işi-peşəsi ancaq və ancaq vəzifədən sui-istifadə edərək, dövlət büdcəsindən məktəbə ayrılan vəsaiti talan etməkdir”. A.Dadaşovun sözlərinə görə, bir neçə ay əvvəl məktəbin şagirdi Elvir Cəfərov ona qarşı xuliqanlıq hərəkətləri edib. Araşdırma aparıldıqdan sonra məlum olub ki, həqiqətən də şagird müəllimə qarşı xuliqanlıq hərəkətləri edib. Buna görə də şagird barəsində cinayət işi başladılıb: “Lakin sonradan Həsənağa Əliyev məni əsassız yerə təqsirli hesab edərək, heç bir qanuna məhəl qoymadan işdən azad etdi. Aidiyyəti qurumlardan xahiş edirəm ki, bu məsələ ilə maraqlansınlar və mənim tapdanmış hüquqlarımı bərpa etsinlər. Mən bir gənc kadr kimi, rayon təhsilinə tövhələrimi verə bilərəm”.
Məsələ ilə əlaqədar məktəbin direktoru Həsənağa Əliyevlə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz baş tutmadı. Lakin direktorun və məqalədə adıçəkilən şəxslərin mövqelərini dərc etməyə hazırıq.