Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Odessa vilayətinin qubernator təyin edilməsi az qala beynəlxalq gündəmə düşən hadisə oldu. Təkcə ona görə yox ki, bir nüfuzlu eks-prezident, siyasət adamı daha aşağı ranqlı vəzifəyə gedirdi və həmin post da başqa ölkədə idi, həm də ona görə Saakaşvili və onun yeni vəzifəyə razılaşdığı ölkə – Ukrayna qonşu Rusiyanın lənətinə gələnlərdir.
Məsələ də ondadır ki, indi hamı bu eksperimentin nə ilə bitəcəyini səbirsizliklə gözləyəcək. Xüsusən də Odessa vilayəti ilə sərhəddə “Novorossiya” adı altında böyük bir separatçı qurum yaratmağa çalışan Moskva üçün onun sonucu həyati əhəmiyyət daşıyır. Çünki Mişa vilayətdə balaca Gürcüstan modeli yaratmağa nail olsa, – hərçənd vilayət ərazi və əhalicə Gürcüstandan böyükdür, – o zaman hesab eləmək olacaq ki, Putinin “balası qarnında ölüb”. Niyə?
Əvvəla o səbəbə ki, “Novorossiya”nın böyründə çiçəklənən, korrupsiyasız və rüşvətsiz, əhalisi rifahda bulunan əhalinin varlığı istər-istəməz qonşu regionların rusdilli insanları üçün hüsn-rəğbət və həsəd mənbəyi olacaq. İkincisi, Putinin düşməni Saakaşvilinin reytinqi xeyli yüksələcək, adekvat surətdə Kreml başçısının daim kəllə-çarxda olan süni imici enəcək.
Üçüncüsü isə, uğurlu nümunə qısa zaman sonra Ukrayna miqyasında tətbiq oluna bilər ki, bu da yenə Kremin cari və orta perspektivli maraqlarına cavab vermir. O üzdən Moskva əlindən gələni edəcək, hər cür təxribata əl atacaq, hətta lazım gəlsə sui-qəsdlərə gedəcək ki, Saakaşvilinin, Kiyevin planları uğursuzluğa düçar olsun.
Rusiya buna həmçinin, ona görə can atacaq ki, Mixail Saakaşvilinin rəmzi olduğu gürcü demokratik inkişaf nümunəsini, mütərəqqi Gürcüstan modelini birdəfəlik gözdən salsın, postsovet məkanında demokratik üsul-idarəçiliyin mümkünsüzlüyünü dünyaya, Qərbə nümayiş etdirsin, demokratiya arzusunda olan postsovet xalqlarını ruhdan salsın, nəhayət, sadalananların sayəsində Ukraynaya, digər postsovet ölkələrinə ənənəvi təsir-təzyiq imkanlarını əldə saxlaya bilsin.
Moskvanın bu məkrli plan və istəklərindən kim xəbərdar olmasa da, təbii ki, Saakaşvili hamıdan çox agah və bilgilidir. Şübhə yox ki, o hələ yeni vəzifəyə razılıq verməzdən öncə bütün bunları hesablayıb, ciddiyə alıb. Ancaq onun Rusiya, Putin qarşısında üstünlüyü də az deyil və sanballıdır.
Söhbət Ukrayna cəmiyyətinin, Qərbin ona dəstəyindən gedir. Bura əlbəttə ki, təhlükəsizlik dəstəyi də daxildir. Onu da gərək unutmayaq ki, Odessa eksperimentinin alınmasında ABŞ və Avropa hamıdan çox maraqlıdır. Bəzi məlumatlara görə, bu, hətta elə Qərbin öz projesidir və Rusiyanı sivil yolla zəiflətmək vasitələrindən biri kimi düşünülüb.
Təsadüfi deyil ki, Rusiyadakı rusların 73 faizi Mixail Saakaşvilini öz regionlarının rəhbəri kimi görmək istədiklərini bildiriblər. Bunu “Exo Moskvı” radiosunun Rusiya əhalisi arasında bu günlərdə keçirdiyi rəy sorğusu ortaya çıxarıb…
*****
Analoji sorğu Azərbaycanda keçirilsəydi, bişəkk, oxşar nəticə ortaya çıxacaqdı. Çünki Azərbaycan da Rusiya kimi korrupsiya-rüşvət bataqlığına düşən, əhalisi məmur-oliqarx bespredelindən və monopoliyasından əzab çəkən ölkələr sırasındadır. O dərəcədə ki, bu bespredel artıq günahsız körpələrimizi udmağa başlayıb.
Görəsən, Saakaşvili Bakının meri olmaq istəyərdimi? Olsaydı, işləməyə qoyardılarmı, mərdimazarlar sui-qəsd etməzdilər ki? Ona badalaq vuranlar güc gələrdi, yoxsa Saakaşvili və onun arxasında duracaq xalq?
Bir şey dəqiqdi ki, Bakıya çoxdan onun kimi bir rəhbər gərəkdir. Ən azından, məsum körpələrimizin evlərdə diri-diri yanmaması üçün.