Çimərlik mövsümünün rəsmi açılışına on gündən çox vaxt qalsa da yayın istisindən yaxa qurtarıb sərinləmək istəyənlərin əksəriyyəti artıq dənizə üz tutmağa başlayıb.
Ölkəmizdə tezliklə ilk Avropa Oyunlarının keçiriləcəyini nəzərə alaraq çimərliklərin hazırlıq durumunu öyrənməyə çalışdıq.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərindən başqa digər çimərliklər yararlı hesab edilmir. Belə ki, adı çəkilən ərazilərdə beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırılıb və bunun nəticəsində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalıb, son illər ərzində həmin sahələrdə bağırsaq çöplərinin və şərti patogen bakteriya olan “Escherichia coli”nin miqdarı minimum həddə çatıb.
Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsindəki çimərliklərdə isə ötən il olduğu kimi, bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb.
Bütün bu xəbərdarlılqlara baxmayaraq, insanlar hələ də adı çəkilən bu çimərliklərə üz tuturlar.
Xüsusilə də şəhərə yaxın ərazidə yerləşdiyindən həyatını risk altına qoyaraq “Şıx” çimərliyinə gələnlərin sayı kifayət qədərdir. Bu məqsədlə çimərlikdə yerləşən bir neçə istirahət mərkəzinə üz tutduq.
Məlumat üçün bildirək ki, “Şıxov” adı ilə tanınan bu çimərlik hələ sovet dövründən təhlükəli hesab edilib. Səbəb isə Bayıl qəsəbəsinə yaxın ərazidə yerləşən bu çimərliyə xeyli miqdarda çirkab suları, neft məhsulları və məişət tulantıları axıdılır. Əvvəllər hər kəs üçün açıq olan çimərlik artıq uzun illərdir ki, müxtəlif istirahət mərkəzləri tərəfindən özəlləşdirilib. Çimərliyə giriş rəsmi şəkildə pulsuz olsa da mərkəzlər çimərliyə gələnləri ödənişsiz içəri buraxmır.
İlk öncə “Eldorada” restoranının ərazisində yerləşən çimərlikdə olduq. Mərkəzin əməkdaşı bidiridi ki, hələ ki, rəsmi açılış mövsümünə qədər çimərlikdə təmir işləri gedir. Özünü Tahir kimi təqdim edən adminstratorun sözlərinə görə, çimərlik tam hazır vəziyyətdə olmadığından giriş haqqı hələ ki, tənzimlənməyib:
“Hazırda çimərliyə gələn insanlar ödəniş etmədən daxil olurlar. Soyunub-geyinmə otağı, şezlonq, duşdan istifadə xidmətlərinə gəldikdə isə hazırda bu işlərə baxan əməkdaşlar yerində olmadığından dəqiq cavab verə bilməyəcəm”.
Adminstrator onun da qeyd etdi ki, Avropa Oyunları ilə əlaqədar olaraq çimərlikdə monitorlar yerləşdiriləcək , bu minvalla istirahət edən insanlar eyni zamanda yarışları canl yayımla izləyə biləcəklər:
“Çimərliyimizdə bu məqsədlə ciddi hazırlıqlar gedir. Gələn müştərilər restoranımızın yüksək səviyyədə təklif etdiyi xidmətlərdən də yararlana biləcəklər. Restoran tərəfindən turistlərə milli və Avropa mətbəxi təklif olunur. Milli xörəklərimizdən xüsuslə buğlama və kabab olur. Qiymətlərə gəldikdə isə, ləziz təamlar hər zaman tərəfimizdən müştəriləri razı salacaq ucuz qiymətlərlə təklif olunur”.
Restoranın menyusu ilə maraqlandıqda administrator bildirdi ki, menyular açılış mövsümünə qədər tərtib olunacaq. Burdan da aydın olur ki, mərkəzin əməkdaşları jurnalist olduğumuzudan qiymətləri gizlətməyə çalışırdılar.
Tahir adlı şəxsin dediyinə görə “Eldorado”ya məxsus xilasetmə qayığı və ya skuter yoxdur. Burda əsasən FHN-ə məxsus xilasedicilər nəzarət edir. Diqqət etdikdə mərkəzə üz tutan turistlərin əksəriyyətinin milliyətcə ruslar təşkil etdiyinin şahidi olduq.
Azərbaycanlılardan daha çox gənc oğlanlar bura üz tutmuşdu.
Məşhur “Şıx” çimərlik mərkəzlərindən biri olan “Aqua Park”da olduq. Araşdırmamız zamanı məlum oldu ki, bura giriş 10 manatdır. Bu məbləğə çardaq altında qoyulan masa və hovuz kənarında uzanmaq üçün qoyulan ləvazimatlar da daxildir. Mərkəzdə böyüklər üçün 3, uşaqlar üçün 1 hovuz yerləşdirilirb. Digər çimərliklərə nisbətən bura gələnlərin sayı xeyli çox idi. Daha çox ailəvi gələnlər əksəriyyət təşkil edirdi.
Mərkəzdə məsul vəzifədə çalışdığını deyən Firdovsi adlı şəxs bildirdi ki, mərkəzdə xüsusi olaraq Avropa Oyunları üçün heç bir hazırlıq işləri aparılmayıb:
“Hər il necə idisə, bu il də gələn qonaqlarımızı həmişəki qaydada qarşılayacağıq. Çimərlik mövsümü açılmadığından çimərlik barəsində dəqiq heç bir məlumat verə bilmərik”.
Firdovsi adlı şəxs mətbuat işçilərindən gileyli olduğunu da gizləmətdi:
“Ümumiyyətlə mərkəzimizin əməkdaşları jurnalistlərə hər hansı bir məlumat verməkdən yayınmağa çalışır. Çünki dəfələrlə olub ki, mətbuat işçiləri gəlib çəkilş edib gediblər, sonra da şəxsi mövqedən çıxış edərək mərkəzimizi pisləyəcək məlumatlar yazıblar”.
Çimərliyə gələnlərə xidmət göstərən “Aqua Park” restoranındakı menyu ilə maraqlandıq. Lakin bizə bildirdildi ki, menyular yeniləndiyindən heç bir məlumat verilmir.
Qeyd edək ki, ötən il “Aqua Park” mərkəzindəki çimərlikdə qalmaqala səbəb olan kütləvi dava baş vermişdi. Belə ki, mərkəzin türkiyəli adminstratoru bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülmüşdü.