Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) koalisiya şərtlərini açıqlayıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, AK partiya koalisiya üçün bütün partiyalarla görüş keçirəcək. Lakin partiyalarla görüşdə heç bir halda güzəştə gedilməyəcək 3 əsas şərt də açıqlanıb.
Birinci güzəştə gedilməyəcək mövzu “paralel dövlət”lə bağlı olacaq. Belə ki, AK partiya “paralel dövlət”lə mübarizənin iqtidar deyil, dövlətin mübarizəsi olduğunu vurğulayıb. Xəyanətləri bağışlamayacağını deyən AK partiya bu məsələdə güzəştə getməyəcək və koalisiyanın necə olmasından asılı olmayaraq, onun dövlət içərisindəki bağlantıları təmizlənəcək.
Güzəştə gedilməyəcək digər məsələ isə Türkiyədə uzun illərdir davam edən kürd probleminin həllinə yönəlmiş AKP hökuməti tərəfindən başladılan və hələ də davam edən prosesin yenidən davam etdirilməsi olacaq. Şərtdə göstərilir ki, “çözüm süreci”ndə izlənilən yol xəritəsi davam etdiriləcək və yol verilən səhvlərdən nəticə çıxarılacaq. Bununla yanaşı, seçki nəticələrindən istifadə edərək Şərq və Cənub-Şərqdəki terror təşkilatının fürsətçilik etməsinə də izn verilməyəcək.
Koalisiya hökuməti üçün hakim partiyanın irəli sürdüyü sonuncu tələbisə ondan ibarətdir ki, Ərdoğanın legitimliyi müzakirə olunmayacaq və əsla koalisiya üçün bazarlıq mövzusu olmayacaq.