Türkiyədəki ötən bazar seçkiləri tək seçki ilini yaşayan Azərbaycan üçün, müsəlman türk-dünyası üçün yox, bir çox Şərqi Avropa xristian dövlətləri üçün də nümunə sayıla bilər. Biz hələ Rusiyanı, Belarusu, Baltikyanı ölkələr xaric, başqa postsovet ölkələri demirik.
Artıq ATƏT, Avropa Birliyi, ABŞ, Almaniya bir sıra qüsurlara rəğmən, 7 iyun seçkilərini beynəlxalq standartlara uyğun hesab edib. Nəticələr də özlüyündə çox şeyi deyir. Şəksiz ki, hakim partiya istəsəydi, marağında olsaydı, öhdəsindəki nəhəng resursların bir qismindən yararlanıb səsvermə prosesinə asanca manipulyasiya edər, öz kosntitusion üstünlüyünü təmin edə bilərdi. Yolunu kim bilməsə də, bizlər – Azərbaycan seçiciləri çox yaxşı bilirik…
Keşkə, qardaş Türkiyədəki demokratiyanın, demokratik seçki ab-havasının, sağlam seçki rəqabəti mühitinin 30 faizi bizdə olaydı, xalqın iradəsi heç olmasa, 30-ca faiz ciddiyə alınaydı. Azərbaycan xalqı bunu haqq edib. Bu xalq 1918-20-ci illərdə müsəlman Şərqinin ilk demokratik cümhuriyyətin hüquqi varisi olan dövlətin xalqı, elektoratıdırsa, niyə də olmasın?..
***
Qayıdaq Türkiyədəki seçkilərə Bu seçimlər növbəti dəfə demokratiyaya xalqın deyil, ilk növbədə hakimiyyətin hazır olmasının önəmini ortaya qoydu, nümayiş etdirdi. Və əksinə, əgər demokratiyaya xalq hazır deyilsə, hakimiyyət hazırdırsa, yenə problem qaçılmaz olacaq.
Konkret olaraq Azərbaycanın problemi birinci varianta uyğun gəlir. Yəni bizdə toplum, elektorat yox, məhz hakim qüvvə dürüst və ədalətli seçkilərə, sağlam siyasi yarışa hazır deyil. YAP komandasının 22 illik hakimiyyəti dövründə ölkədə beynəlxalq standartlara uyğun sayılan bircə bələdiyyə seçkisinin keçirilməməsi bun bariz sübutdur.
İndi əgər beynəlxalq miqyasda türk-müsəlman dünyasına və ölkələrinə, Azərbaycana qarşı qərəz varsa, o zaman niyə eyni münasibəti Türkiyəyə və qardaş ölkədəki seçkilərin nəticələrinə yanaşmada görmürük? Demək, azad seçki – azad seçkidir, saxta seçki – saxta.
Odur ki, bəlkə bir az da özümüzə güzgüdə baxaq? Ötə yandan, demirikmi, bir millət – iki dövlətik? Hanı bəs?
***
Bu yerdə bəzi ağzıgöyçəklər iddia edə bilər ki, nə olsun, demokratiyanın da problemləri var. Məsələn, deyilir ki, Türkiyədə koalisiya hökuməti qurmaq çətin olacaq və ya mümkün olmayacaq, nə bilim ölkə qarışa bilər və s.
Doğru, hökumət problemi yaxın aylar üçün Türkiyə qarşısında ciddi şəkildə dayanacaq. Ehtimal böyükdür ki, koalision hökumət alınmayacaq da. Çünki AKP, CHP, MHP və HDP-nin ortaq hökumətlə bağlı şərtləri sərt və ağırdır, bir-birinə uyğun gəlmir və hətta biri-birini istisna edir.
Amma hətta belədirsə də, bu seçkiləri saxtalaşdırmağa, ölkədə avtoritar üsul-idarə formalaşdırmağa heç kəsə haqq tanımır. Ona görə ki, ortada əlahəzrət xalqın, on milyonlarla seçicinin iradəsi var. Xalq bəyəm avtokratiya istəyirmi ki, sən bu yolu onun əvəzinə seçir, onun adından bəyənirsən?!
Xalqın hansı üsul-idarəyə üstünlük verdiyini yalnız referendum müəyyən edə bilər ki, bu da qəbul olunan konstitusiyalarda əksini tapıb. Orada isə hakimiyyətin mənbəyinin xalq olduğu, idarəçilik formasının demokratiya adlandığı birmənalı şəkidə və açıq təsbit edilib. Türkiyənin konstitusiyasında da belədir, Azərbaycanın “Ana Yasa”sında da.
Xalqın əsas işi isə seçdiyi, məsul elədiyi qüvvələrə hökumət, parlament qurmağa mandat verməkdir. Yerdə qalanlar xalqın qulluqçularının boyun borcudur. Zəhmət çəkib öz aralarında anlaşsınlar, dil tapsınlar. Bütün variantları sınaqdan çıxarsınlar. Axı demokratiyada çarə tükənməz. Tükənəndə isə…
Tükənəndə də seçkilər keçirilir – erkən, ya da növbədənkənar. Bunun özü də elə demokratiyada bir çarədir – son çarə.