Hər dəfə hansısa ölkədə demokratik, dürüst, qanuni, şəffaf seçkilər keçiriləndə və bu cür seçkilərin nəticəsinə uyğun olaraq hakimiyyət dəyişikliyi olanda ölkəmizin siyasi fəal kəsimi ikili durumda qalır: həm sevinir, həm də kədərlənir.
Azərbaycan seçicisi ona görə sevinir ki, dünyada demokratik seçki keçirən, dinc yolla hakimiyyət dəyişikliyinə nail olan ölkələrin mövcudluğunu faktoloji olaraq görür və anlayır ki, “dünyanı masonların idarə etməsi”, “siyasət mafiyasının bütün ölkələri cənginə alması” kimi nəzəriyyələr puçdur. Odioz siyasilər və oliqarxlar heç də həmişə öz hakimiyyətlərini qoruya bilmirlər, bir gün onu müxaliflərə verməli olurlar.
Dünyada, xüsusilə də Avropada keçirilən demokratik seçkilərdən sonra ölkəmizin siyasi fəal kəsiminin qanı ona görə qaralır ki, dürüst seçki keçirmək ənənəsindən, dinc yolla hakimiyyət dəyişikliyi mexanizmindən nə qədər uzaq olduğumuzu anlayır, “onlar harda, biz hardayıq” düşüncəsinə qapılır və Avropa standartlarına uyğun seçki keçirmək üçün lazım olan illərin çoxluğu qarşısında dəhşətə gəlir.
Bir aralara belə deyildi. Hər dəfə saxtakarlıq və zorakılıqla keçirilən seçkidən sonra bir sonrakı seçkiyə ümid qalırdı. Avropanın aparıcı siyasi üst qurum təşkilatları da seçkilərin dünya və Avropa standartlarına uyğun olmadığını qeyd etsələr də, hər seçkini “irəliyə doğru addım” kimi qiymətləndirirdilər.
Uzun illərdən sonra, təxminən 2003-cü ildə məlum oldu ki, biz demokratiya müstəvisində irəliyə doğru 5-6 addım atmışıq. Ancaq 2003-cu ildən sonra geriyə atdığımız addımlar daha çox oldu və 2010-cu ildən sonra ölkəmiz daha iri addımlarla irəliləyib müxalifətsiz parlamentə malik olan, dərnək səviyyəsində müxalifət qüvvələri mövcud olduğu ölkələrin sırasında yer aldı.
Bir neçə gün öncə Türkiyədə keçirilmiş parlament seçkiləri bu məsələni yenidən aktuallaşdırıb. 17 iyun seçkiləri qardaş ölkənin iç siyasəti ilə bağlı bəzi problemləri kəskinləşdirsə də, ən azı demokratiyanın sürəkliliyi, azad və dürüst seçki mexanizminin işləkliyinə dair əndişələrə son qoydu.
Seçkidən əvvəl Türkiyə boyunca seçici səslərinin cüzi də olsa saxtalaşdırılması təşəbbüslərinin olmasına dair şübhələr vardı və bu, hakim partiyanın – AKP-nin hakimiyyəti əlində nəyin bahasına olursa-olsun saxlamaq ehtirasının şiddətindən doğurdu. Hesab olunurdu ki, hakimiyyətdən dördəlli yapışan, təkbaşına hökumət qurmaq üçün son dərəcə canfəşanlıq edən, bununla yetinməyib ölkə konstitusiyasını dəyişdirmək, parlament respublikasını arxivə verib, prezident respublikası bərqərar etmək istəyən AKP məqsədinə çatmaq üçün bütün yollara baş vuracaq.
Ancaq elə olmadı. Ya müvafiq təşəbbüslər beşiyindəcə boğuldu, ya da AKP sadəcə inzibati resurslardan sui-istifadə ilə kifayətləndi, açıq dövləti cinayətə qol qoymadı. Beləliklə, Türkiyədə azad, dürüst seçki keçirmək ənənəsi pozulmadı.
Əgər iyunun 7-də Türkiyədə keçirilən seçki son 22 ildə Azərbaycanda keçirilən seçkilərə bənzəsəydi, bu hakimiyyət dairələrində dərin məmnunluq yaradacaqdı və onların öz yollarının nə dərəcədə düz olduğunu üstüörtülü şəkildə olsa da, millətin başına qaxacaqdılar. Eyni zamanda Azərbaycan seçicisində dərin ruh düşkünlüyü əmələ gələcəkdi, belə bir rəy yaranacaqdı ki, “bir dövlət-iki millət” şüarı artıq yerini alıb, biz necəyiksə, Türkiyə də elədir, biz necə seçki keçiririksə, onlar da elə keçirir.
Yaxşı ki, Türkiyə bizə və digər türk dövlətlərinə dürüst seçki keçirmək məsələsində parlaq örnək olaraq qaldı.
Bu ilin payızında Azərbaycan da eyni imtahanı verəcək. Bizdə də seçkilərə çoxlu partiya qatılacaq. Yenə hakim partiya parlamentdəki yerlərin mütləq çoxluğunu əldə etsə, bu, o demək olacaq ki, biz bu dəfə də seçkini Avropa standartları ilə yox, Myanma, Svazilend, Zimbabve standartları ilə keçirmişik.
Hələlik bu məsələdə yaxşılığa doğru heç bir dəyişiklik yoxdur. Hər şey indiyəcən keçirilmiş seçkilərdə olduğu kimidir.
Əslində, ölkədə elə bir durum yetişib ki, seçkilərdə kimin qalib gəlməsinin o qədər də əhəmiyyəti yoxdur, təki dürüst seçki keçirilsin, kim qalib gəlir-gəlsin və bu xalq da bilsin ki, verdiyi səsin əhəmiyyəti var, seçib-seçilmək haqqı var.
Yoxsa son seçkilərdə olduğu kimi, seçicilər yenə də heç bir çağırışsız-filansız, təbii boykot yolunu seçəcəklər, kütləvi şəkildə səsverməyə gəlməyəcəklər.