Əməkdar artist Elza Seyidcanın bəstələdiyi “Divlərin yalnızlığı” mahnısı müəllifə xəbərdadlıq edilmədən türk serialında istifadə edilib. Bundan qəzəblənən bəstəkar-müğənni bu özbaşınalığa görə qarşı tərəfi məhkəməyə verəcəyini deyib.
Bu barədə “Yeni Müsavat”ın əməkdaşına danışan Elza Seyidcahan bəstəsinin oğurlanmasını ilk jurnalistlərdən eşitdiyini bildirib:
“Bu günlərdə Türkiyədə çəkilən “Çilek kokusu” serialında mənim “Divlərin yalnızlığı” adlı bəstəm saundtrek olaraq seçilib. Bu barədə mənim qətiyyən xəbərim olmayıb. İlk xəbəri elə jurnalistlərdən eşitdim. Bundan sonra adı çəkilən serialı izlədikdə şahidi oldum ki, həqiqətən orda səsələnən musiqi eynilə mənim bəstələdiyim mahnıdır. Bəstələdiyim mahnımın Türkiyədə çəkilən serialda səslənməsi çox gözəldir, lakin bəstəmdən mənə xəbərdarlıq etmədən, özbaşına, icazəsiz olaraq istifadə ediblər. Buna görə də həmin serialı istehsal edən şirkəti məhkəməyə verəcəm”.
Əməkdar artist adı çəkilən mahnısını vaxtilə tələbəsinə həsr etdiyini deyib:
“Bildiyiniz kimi, 2014-cü ildə keçirilən məşhur “Türkvision” yarışmasında Azərbaycanı təmsil edən Elvin Ordubadlı mənim tələbəm idi. “Divlərin yalnızlığı” mahnısını məhz onun üçün yazmışdım. Doğrudur, tələbəmin çıxışı məni kifayət qədər qane etməsə də, mahnı 25 ölkə arasında 8-ci yeri tutmuşdu”.