“Qoy mən tox olum, özgələr ilə nədi karim,
Dünyavü cahan ac olur olsun, nə işim var?!”
(Sabir, “Hophopnamə”)
Yapistlər diqqətsizliyə görə Avropa dövlətlərindən bəzən inciyirlər, onları tənqid atəşinə tuturlar. Məncə onların buna haqqı çatır. Qərbin ikiüzlülüyü olmasa bəlkə heç biz də indiki duruma gəlib çatmazdıq.
Təzəlikcə kubalı yazıçı Alexo Karpentyer-in “Üslubun dəyişkənliyi” adlı romanını oxuyurdum. Çox bəyəndim. Roman haqda yəqin gələcək yazılarımda daha geniş bəhs edəcəyəm, indilik yalnız onu qeyd edim ki, bu əsər Qabriel Qarsia Markes-in dünyada tanınan “Patriarxın payızı” romanına böyük təsir edib. Hətta deyilənə görə Markes bu romanı oxuyandan sonra “Patriarxın payızı”nın əlyazmasında kardinal, köklü dəyişiklik edib. Karpentyerin romanında bəyəndiyim cəhətlərdən biri onun çox tanış bir məkan haqda yazılması idi. Örnək üçün, romanda təsvir edilən Latın Amerikasındakı xəyali dövlətin diktatoru Fransa, Paris aşiqidir və öz xalqının qanını tökməkdən asudə vaxtlarında Parisə gəlib operaya baxmağı, yeyib-içib gəzməyi, klassik fransız rəssamlarının rəsmlərini toplamağı sevir. Onun ipə-sapa yatmayan, öz ölkəsinə nifrət edən, bütün günü Avropa şəhərlərində dolaşan qızı Ofeliya isə avanqard rəssamlara maya buraxır, diktatorun Parisdəki villasının divarlarını onların əcaib şəkilləri ilə doldurur.
Sırf təsadüfən romanı oxuduğum günlərdə Fransanın Bakıdakı səfiri cənab Paskal Monyenin Azərbaycan Diplomatik Akademiyası (ADA) ilə birgə qayırdığı tədbirdən xəbər gördüm. Sən demə, bu ilin payızında Parisdə qlobal istiləşməyə, ümumən Yerin iqlim problemlərinə həsr edilən beynəlxalq, yüksək səviyyəli konfrans olacaqmış. ADA-dakı tədbir də buna həsr edilibmiş.
Çox əla, pakizə, hətta klassiklərimiz demişkən, xub. Amma Fransanın Yerin iqlimi haqda tədbir qayırması ikiüzlülük deyilmi? Dünyada hansı diktatura rejimini qurdalasan altından bir fransız barmağı çıxır. Örnək üçün, fransızların yapistlərlə yüksək səviyyədə əməkdaşlığı, Versal sarayının, Luvr muzeyinin, Strasburq kilsəsinin təmirinə çirkli, oğurluq yapist paralarının cəlb edilməsinə nə ad vermək olar? “Yol əhvalatı” kinosunda deyilən kimi: “Qrabitel, tüfeyli”. Bəs hanı “Azadlıq, qardaşlıq, bərabərlik” şüarı? Volterin ruhuna sədaqətiniz budurmu? Bir ilə yaxındır Fransanın ali ordenini almış yaşlı və xəstə qadın Leyla Yunus rejim zindanında olmaz işgəncələr çəkir, Fransa isə bu rejimin yiyələri ilə mazaqlaşır, bir yerdə Burqund şərabı içirlər, Zümrüd sahildə quma uzanırlar. Hətta Yasamal icra hakiminə embarqo qoya bilmirlər. İkiüzlülük daha necə olur? Yerin havasını, iqlimini korlayanlar daha çox diktatorlar deyilmi? Bəlkə cənab Paskal Monye bir az da Kürdəxanı təcridxanasının havası ilə maraqlansın? Anar Məmmədlinin saxlandığı zindanda daş tozundan boğulanları fikirləşsin?
Mən, əlbəttə, bu iradlarımı qətiyyən Avropa xalqlarına, ictimai dairələrə aid eləmirəm. Orda “Sərhədsiz reportyorlar”, “Beynəlxalq Amnistiya” kimi prinsipial qurumlar da var. Avropa bizim üçün həm də U2 qrupunun solisti, Azərbaycan siyasi dustaqlarının adını konsertində çəkən Bonodur, isveçli müğənni Lorendir. Təəssüf ki, insan haqlarına belə güzəştsiz münasibəti hakim qüvvələrdə çox az, həm də gec görürük. Bəzən iş-işdən keçəndən sonra.
Amma sizə deyim ki, Fransa tarixinə baxanda bizim duruma şükür eləmək olar. Paris indiyə qədər hansı diktatorlara isti qucaq açmayıb… Meksika diktatoru Porfirio Diasdan afrikalı adamyeyən Səlahəddin Əhməd Bokassaya, Haitinin anasını ağlar qoymuş ata-oğul Düvalyelərə qədər. Bu tip diktatorlar həmişə, hətta xalq üsyanı ilə hakimiyyətdən yıxılandan sonra da rəsmi Parisdən dəstək görüblər. Fransa baş naziri Jiskar d-Esten-in Bokassadan brilyant və almaz rüşvət alması, Fransa prezidenti Sarkozinin Qəddafinin pulları ilə seçki kampaniyası qurması heç uzaq tarix deyil.
Hava dərdi çəkən çıxıblar. Hətta lap iqlim məsələsində də səmimi deyillər. Çirkli istehsalı Asiyanın, Afrikanın geridəqalmış, ucuz əmək qüvvəli ölkələrinə köçürəndən sonra nə var deməyə ki, biz havaya karbon qazı atılmasını azaltmışıq? Həmin zavodlar yenə sizindir, sadəcə, tüstüsü Çindən, Banqladeşdən-filandan çıxır.