Ərəb xəlifəsi Müaviyə ibn-Süfyan 680-ci ildə ölüm yatağında olarkən əhlikef oğlu Yezidi yanına çağırır və barmağındakı hakimiyyət simvolu olan üzüyü çıxarıb ona verir. Yezid bunun nə demək olduğunu anlayaraq, üzüyü barmağına taxır və qəddini dikəldərək atasının qarşısında təntənəli bir nitqə başlayır: “Ata, and içirəm ki, mən islamın uca bayrağını daha da yüksəklərə qaldıracam, ona şərəflə, sədaqətlə…”
Müaviyə onun sözünü kəsir, deyir ki, oğul, vaxtilə mən də bu cür sözlərdən istifadə edib xalqı tovlamışam, sən əbəs yerə bunları mənə demə, çalış hakimiyyətini qoru.
Bu tarixi hadisə bir çox mənbələrdə var. Yəni bu, sonradan düzəldilmə hədis, rəvayət, pritça-filan deyil.
Bu iqtibasdakıi vurğu onun üzərinədir ki, Müaviyə vəliəhd oğlunun onun hüzurunda boşboğazlıq etməsini istəməyib və onu hakimiyyət məsələsində gözüaçıq olmağa çağırıb.
Siyasi nitqlər, açıqlamalar edərkən yüksək materiyalardan, ülvi məqsəd və məramlardan danışaraq xalqın başını tovlamaq ənənəsi Müaviyədən 3-4 min il əvvəl də olub, ondan min il sonra da olub, hətta o söhbətdən 1335 il keçməsinə baxmayaraq, yenə də yaşayır.
Yenə xalqın qarşısına çıxıb o cür danışanlar var, yenə aldananlar, küyə gedənlər olur, həmişə də olacaq. İnsan oğlunun xisləti budur: beynində tutduğuna, ülvi arzularına dair danışanlara mütləq inanmaq istəyir, inanır, umsuq olur, yenə inanır, bir də, bir də…
Siyasətin qaydası budur. Əsrlər dəyişsə də, onun oyun qaydaları dəyişmir. Bu, əsasən Şərqdə belədir. Qərbdə siyasət məsələləri çoxdan elmi-fəlsəfi-hüquqi müstəvi üzərində həll edilir. Elə Qərb dünyasının uğuru da bundadır.
Bizdə isə hər şey Müaviyənin qoyub getdiyi kökdədir. Düşüncə həmin düşüncədir: hakimiyyət hər şeydir, onu nəyin bahasına olursa- olsun, qorumaq lazımdır, hakimiyyəti qorumaq üçün bütün yalanlardan, hiylələrdən, zordan istifadə etmək, düşmənlərə (hakimiyyətə iddia edən rəqib deyil, düşməndir) amansız olmaq lazımdır, ala bildiyini almalısan, qova bildiyini qovmalısan, tuta bildiyini tutmalısan, əzə bildiyini əzməlisən və s.
Bizdə hakimiyyətə müxaliflik də qoca Şərqdə olduğu kimidir: əgər hakimiyyətdə zalımlardırsa, demək, onlara qarşı mübarizə aparmaq müqəddəs işdir. Mübarizəni stimullaşdıran ritorika da bənzərdir: “Xalqın rifahı”, “haqq-ədalətin təntənəsi”, “insanların asudə və firavan yaşayışının təmin edilməsi”, “zülmə son qoyulması” və sair və ilaxır.
Təcrübə göstərir ki, Şərqdə bəzən istibdad rejimlərinin süquta uğradılması, zalımların hakimiyyətdən qovulması halları baş verib, ancaq onların yerində başqa bir müstəbidin hakimiyyəti qurulub, köhnə zalımları yeni zalımlar əvəzləyib.
Min illərdir insanlar Şərqdə ideal hökmdar axtarır, amma tapa bilmirlər. Bu regionda hakimiyyətdə minlərlə şah, sultan, padşah, kral, prezident olub, içində az-az yaxşı adamlara da rast gəlinib, ancaq heç biri sona qədər adil hökmdar olmayıb, mütləq haqsızlığa, ədalətsizliyə yol veriblər.
Bunları bilə-bilə hakimiyyətdə olan və hakimiyyətə can atan siyasilərin bəlağətli çıxışlarına qulaq asmaq adama mənasız görünür.
Bir siyasi qrupun o birini satqınlıqda, xainlikdə, halaypozanlıqda ittiham edib damğalaması, hər tərəfin özünü imam övliyası, “yeganə xalqcanlı qüvvə” elan etməsi, rəqibi “şeytanın köləsi” adlandırması, onların əsas niyyətlərinin hakimiyyət əldə edərək varlanmaq olduğunu bəyan etməsi , qarşılıqlı düşmənçiliklər və sair və ilaxır yüz il, min il əvvəlki kimidir. Bu regionda Şah Abbasın vaxtında da belə olub, Nadir şahın dövründə də, Şah Qacarın dönəmində də.
Bu ölkədə demokratiyanın bərqərar edilməsi yolundakı başlıca problem odur ki, biz Qərb demokratiyasına ənənəvi şərqli təfəkkürü ilə yanaşırıq.
Şərq-müsəlman dünyasının ən demokratik ölkəsi Türkiyə idi, Qərb demokratiyasının standartları ilə, azad seçki yoluyla hakimiyyətə gələn Ərdoğan 12 ildən sonra müstəbidlik eşqinə düşdü, parlament respublikasından prezident respublikasına, faktiki olaraq diktatorluğa keçid etmək istədi, sadəcə, onun planı alınmadı.
Nə qədər ki, belədir, bu ölkədə haqq-ədalət bərqərar olmayacaq. Əsas məsələ düşüncə sisteminin dəyişməsidir. Şərq təfəkkür tərzi isə gündən-günə güclənir, sonu necə olacaq, bilinmir.