Bölgələrimiz gözəldir, Bakının gecələri kimi… Son həftə ərzində ölkənin şimal-şərq və cənub bölgəsində olduğum zaman bir daha bunu yəqin elədim. Ancaq rayonlara gedəndə kəndlilərin durumu, onların ən müxtəlif məsələlərlə bağlı şikayətini eşidəndə adam gəldiyinə peşman olur.
Kəndlinin də yaxşı yaşamaq, istirahət etmək haqqı var – ən azı ilboyu çəkdiyi zəhmətin müqabilində. Ancaq onların dərdi istirahətlə bağlı deyil, əksəriyyəti hər gün əkin-biçinə gedərkən yanından ötüb keçdikləri bahalı istirahət obyektlərinin də giriş-çıxışından xəbərsizdirlər.
Bu insanlar sadəcə, normal işləmək, yaxşı məhsul yetişdirmək üçün yardım istəyirlər. Səlahiyyət sahibləri də onların səsini eşitməyə borcludur. Çünki paytaxta gətirilən məhsullara görə əliqabarlı kəndlilərimizə minnətdar olmalıyıq. Amma “quzunun yaxşı yerindən kabab” sifariş verəndə onu bəsləyən kəndlini yada salıb atasına rəhmət deyənimiz varmı?
Niyə kəndlinin məhsulu dəyərsiz olur, amma ondan alınanların üstünə biriləri dədəsinin də qiymətini qoyub satır, bax, adamları yandıran budur. Qaxda bir kəndli həyətindəki göycə dediyimiz alçanı göstərib dedi ki, gəlib onlardan 50 qəpiyə alır, Bakıda isə 10 manata satırlar. Bu, soyğunçuluqdur, vətəndaş əməyinin istismarı, möhtəkirlikdir. Elə şərait yaratmaq olar ki, kəndli də normal qazanar, alıcı da istədiyi qiymətə alıb razı qalar. Ancaq dərd alça dərdi deyil…
Görün kənd təsərrüfatında problemlər nə qədərdir ki, ötən həftə kənd təsərrüfatı naziri Heydər Əsədovun İmişlidə “Açıq qapı” keçirdiyini eşidənlər uzaq şəhər və rayonlardan, hətta Şəkidən də onun yanına axışıb. Çünki bu gün kəndli çıxılmazda qalıb, zülmlə əkib, amma indi biçməyə kombayn tapa bilmir, yaxud otu dəryazla biçib, onu bağlatdırmağa, daşımağa texnika tapmır. Hələ bunun ardınca şum vurulmalıdır – yenə texnika çatışmazlığı. Üstəlik, toxum, gübrə və kimyəvi preparatlar, suvarma, güzəştli kredit dərdi…
Allah bol məhsul verib, kəndlilər də razıdır, hətta son 7-8 ildə belə bolluğun olmadığını deyirlər. Ancaq bu məhsul sahədə qalıb məhv olur, ot tayaları örüşdə, taxıla həşəratlar daraşıb. Rəsmi məlumata görə, ölkədə taxılı itkisiz yığmaq üçün təxminən 1000 kombayn lazımdır. Keçən il 300, o biri il 100 kombayn alınıb, kəndli isə kombayn həsrətindədir. Hansı ki, bu illər ərzində xeyli iş görmək olardı.
2015-ci il “Kənd təsərrüfatı ili” elan olunub. Ancaq ili elan etməklə iş bitmir, gərəkdir ki, yerlərdəki problemlər aradan qaldırılsın, kəndlini narahat edən məsələlərin həllinə başlanılsın. Məsələn, kəndlini yetişdirdiyi pomidoru necə satacağı narahat edir. Haqlıdır. Çünki həyətində 10 qəpiyə alınıb Bakıda on qat bahasına satılır. Deməli, ona məhsulunu normal satmaq üçün şərait yaratmaq məmurun borcudur. Əks təqdirdə, əkinə maraq olmayacaq, nəticədə qıtlıq və bahalaşma qaçılmaz olacaq, xaricdən GMO-lar ölkəyə axın edəcək. Cənab Heydər Əsədovsa ondan yardım istəyən kəndlini “A kişilər, mən pomidor satanam?” – deyə yazığı peşman edib, onu nokauta salıb.
Bəlkə də haqlıdır, nazir pomidor satmamalıdır. Amma axı, biz bir qayda olaraq onu Bakıdakı yarmarkalarda görürdük. Əsədov deyib Bakıda yolların ortasında tikilmiş yarmarkaların fəaliyyəti yaxın vaxtlarda bərpa olunacaq. Əslində o yarmarkalarda qazanan yalnız bir qrup işbazdır, kəndli yox. Nazir “qiymət öldürülməsi” işinə baxmamalıdır. Heydər müəllimi Ağsudakı taxıl zəmisində, Şamaxının üzümlüyündə, Lənkərandakı limon sahələrində, Gədəbəyin kartof sahələrində görmək istərdik. Gedib vəziyyəti öz gözləri ilə görsə, kəndlini, fermeri, sağıcını yerində dinləsə, gözü yolda texnika gözləyən kəndlinin bir stəkan çayını içsə, daha yaxşıdır, nəinki Bakıdakı yarmarkaları gəzməsi. Dərd təkcə pomidor dərdi də deyil. Qubalı meyvəsinin, sabirabadlı qarpız-yemişinin, cəlilabadlı çiyələyinin dərdi ilə baş-başadır.
İmkansızlıqdan gileylənən kəndliyə Heydər Əsədovun cavabı belə olub: “Kim kasıbdırsa, Səlim Müslümovun idarəsinə müraciət etsin”. Əslində Heydər müəllim elə işləyə bilər ki, vətəndaşlar ünvanlı sosial yardım almaq üçün Səlim Müslümovun qapısını döyməyə ehtiyac görməz.
Ölkədə istifadəsiz torpaqlarla bağlı qanunvericiliyin sərtləşdirilməsi müzakirə mövzusudur. Ancaq fakt budur ki, kəndlinin torpağa marağının azalmasının səbəbləri kifayət qədər çoxdur, bəzilərini yuxarıda yazdıq. Belə davam etsə, Heydər Əsədovun Səlim Müslümovun qəbuluna “göndərdiyi” kasıbların sayı da artacaq.