Cəmil Həsənli bütün enerjisini “Yeni Müsavat”a – bizə cavab verməyə xərcləyir. Yatır, qalxan kimi cumur Feysə, “satqın Rauf” deyə, başlayır yazmağa…
Özü də yaşına-başına, elmi tituluna, hazırda bulunduğu məqama uyğun olmayan bir ləhcəylə barəmizdə hədyanlar, həqarətlər istehsal edir. Görünən budur ki, professor müvazinətini tam itirib. Çaşqın və əsəbi vəziyyətdədir. İnformasiya müharibəsi sinirlərini tam gərib – ilk cümləsindən başlayaraq, ünvanımıza küçə söyüşləri yazır.
Adını demokrat qoyub, amma ölkənin ən müstəqil, demokratik, azad və tirajlı qəzet və saytları ilə vuruşur. Söz azadlığına, mətbuat özgürlüyünə, fərqli fikrə düşmən münasibəti göstərir rəsmən.
Professora ən çox təsir edən, onu özündən çıxaran Rüstəm İbrahimbəyovun məlum müsahibəsinə cavab olaraq qəzetdə dərc etdiyimiz şərhlər, yazılardır. Siyasi ömründə Əli Kərimlini bu qədər müdafiə etməyib. Nəinki müdafiə etməyib, əksinə, AXCP sədrini Əhəd Abıyevin, bu iqtidarın ayağına verib. Amma R.İbrahimbəyova və onun anti-milli mövqeyinə görə adam bizə savaş açıb. Özünü biabır edəcək addımlara gedir. Bizsə onun bu halına ürək ağrısı ilə baxırıq – iki il öncə bütün tayfamızla prezident olsun deyə səs verdiyimiz, informasiya xidməti göstərdiyimiz adam bu imiş?!
Biz Cəmil Həsənlinin səviyyəsinə enib, onu söyməyəcəyik. Hər kəs özünün tərbiyəsini, daxili aləmini və dözümünü nümayiş etdirir. Lakin bu adamın daha çox açılmasına, müxalifətin “çatı adayı” olan birisinin mahiyyətini ortaya qoymaqda davam edəcəyik.
Cəmil müəllimə İbrahimbəyovu tənqid və ifşa etməyimiz yaman pis təsir göstərib. Rauf Arifoğlunu açıq şəkildə, intensiv və yorulmadan facebookda söyməsi də bu səbəbdəndir.
Son statusunda yazıb ki, R.İbrahimbəyov Naxçıvandan tutmuş, digər cəbhə bölgələrində ermənilərdən müdafiə üçün əhaliyə pul paylayanda Rauf Arifoğlu doğulduğu sərhəd kəndi Yuxarı Öysüzlüdən çıxıb Bakının aşağı məhəlləsində kirayə ev axtarırmış. Müəllim demək istəyir ki, dostu Rüstəm Bakının elitasıdır, paytaxtın yuxarı məhəlləsindəndir, o, böyük işlər görəndə biz onun elita olduğu şəhərin aşağı məhəlləsində kirayədə qalmağa ev axtarırmışıq.
Birincisi, Cəmil müəllim özü hardandır? Hansı elitanı təmsil edir? Hansı yüksək mədəniyyəti, kültürü ilə seçilən, tanınan köydən çıxıb?
İkincisi, onun Rüstəm müəllimə bu heyranlığının səbəbi-hikməti nədir görəsən? Bəlkə natamamlıq kompleksi yaşayır ağsaqqal professor, xəbərimiz yoxdur? Yaxud ola bilsin C.Həsənli bir rayonlu, kəndçi olaraq Bakıda doğulub boya-başa çatan adamlara həmişə həsəd aparıb. Bu gizli həsəd də onda bu cür sublimasiya edir. Yoxsa adam niyə onun kimi kənddən Bakıya gəlmiş birisinə bu cür ironik tərzdə fikir bildirsin?
Üçüncüsü, R.Arifoğlu kənddən çıxanda 17 yaşında olub. Universiteti bitirdikdən sonra isə Bakıda işləməyə başlayıb. Və həmin illərdə də (1988-89-cu illər) Azərbaycanda başlayan milli-azadlıq hərəkatına qoşulub. 22 yaşında hərəkatın ideoloji yükünə çiyin verib – Sovet quruluşu əleyhinə dərgilər, broşürlar buraxıb. Gizli üsulla “Birlik” dərgisini, 23 yaşında isə “Yeni Müsavat” qəzetini qurub. Rauf bəy 22-23 yaşında elə nəhəng və cəsarətli işlər görüb ki…
1990-cı ilin yanvar ayı. Gəncə XC-nin qərargahının önü. R. Arifoğlu könüllü döyüşçülərlə
Baxın, Cəmil müəllim, Rauf bəy gənc yaşlarında milli-azadlıq hərəkatına qoşulanda, meydanlarda Azadlıq bağıranda, milli dəyərimiz olan müsavatçılıqdan, turançılıqdan, türkçülükdən bəhs edən elmi məqalələr yazıb gizli şəkildə, Sovet imperiyasının terrorundan, repressiyasından qorxmayaraq onu yayanda, beyinlərə azadlıq, müstəqillik toxumu səpəndə, siz işlədiyiniz universitetdə tələbələrdən semestr imtahanları üçün “zaçotka”ların arasında rüşvət alırdız. Min hoqqadan çıxıb özünüzü qəbul imtahanlarına saldırıb on minlərlə rubl haram pullara sahiblənirdiniz.
Və nəhayət… O dediyiniz sərhəd kəndi Yuxarı Öysüzlü var ya. Bax, o kəndin müdafiəsi üçün Rauf Arifoğlunun gördüyü işləri deyəsən gerçəkdən bilmirsiniz. Çünki biz Vətəni, el-obanı təmənnasız, reklamsız sevdik, həşir qoparmadan, minnət yükləmədən, sakit-sakit, fəqət Allahına qədər sevdik. Həm də bu sevgi təkcə Öysüzlü ilə, Tovuzla məhdudlaşmır.
Rauf bəyin fəaliyyəti ilə bağlı bəzi fraqmentləri deyim, yadınızda saxlayın, gərəyiniz olar nə vaxtsa…
Rauf Arifoğlunun siyasi və mətbu fəaliyyətində Naxçıvan dönəminin olduğunu yəqin bilmirsiz. Naxçıvanın Ermənistanla sərhəd kəndlərinin müdafiəsindən tutmuş, Muxtar Respublikada Müsavat Partiyasının yerli təşkilatlarının qurulmasına kimi çox ciddi işlərə imza atıb Rauf bəy. “Yeni Müsavat” qəzetinin kütləvi tirajla, həm də gizli yolla Naxçıvana çatdırılması üçün hansı fədakarlıqları etdiyini elə yaxşı xatırlayıram ki, sayın professor. Bilirsiniz, Raufun ən yaxın dostları naxçıvanlı cəbhəçilər və müsavatçılar olub. 1989-1992-ci illərdə qəzet buraxıb onu Naxçıvan da daxil olmaqla, Azərbaycanın ən müxtəlif rayonlarında, bölgələrində yayırdı. Qəzetin satışından gələn pulun bir hissəsini Müsavatın yerli strukturlarının formalaşdırılmasına sərf edirdi (o vaxtlar AMDP – Yeni Müsavat Partiyası), qalan hissə partiyanın cari xərclərinə yönəldilirdi, üstəlik ruslardan silah-sursat alınıb sərhəd kəndlərinə göndərilirdi.
Gələlim Öysüzlüyə… Kəndimiz Ermənistanla birbaşa sərhəddə yerləşməsə də, ondan yuxarıdakı kəndin – Əlibəylinin müdafiəsi üçün rayona ilk avtomat silahı məhz Rauf bəy gətirib. Özü də Sovet hakimiyyəti dövründə. Tovuzun qəhrəman batalyon komandiri Etibar Əmiraslanov bu haqda müsahibələrində danışıb, tapıb oxuya bilərsiz. Əlibəylinin müdafiəsi üçün Gəncədəki zavodlarda qumbaralar düzəltdirib kənddəki evimizin zirzəmisinə yığırdı. Heç kimi təhlükəyə atmamaq üçün edirdi bunu. Ki, ilişsə, özü həbsə girsin, kimsəyə zərər gəlməsin. Sonra da o silahları atamızın “Jiquli”sinin baqajında sərhəd kəndlərindəki döyüşçülərə çatdırılmasını təmin edirdi.
Goranboyun erməni-rus hərbi birləşmələrindən təmizlənməsində, ermənilərin yaşadığı Çaykəndin boşaldılmasında, Gəncə ətrafındakı Todan, Sarısu və başqa kəndlərin müdafiəsində Rauf bəyin və onun döyüşçü dostlarının böyük hünərləri, xidmətləri olub. 1990-da Rauf bəyin qurduğu könüllülər batalyonunun “yeni müsavatçı” döyüşçüləri şəhid olub, Çaykənd uğrunda gedən döyüşlərdə – Ruzigar, Bəxtiyar, Abbasqulu, Neman… Ruhları şad, məkanları cənnət olsun. Onlar Azərbaycanın döyüşlərdə verdiyi ilk şəhidlər idi.
Sonralar… Zatən sonraları siz xatırlamamış olmazsız, Cəmil Həsənli. Rauf Arifoğlu Bakının sizin təbirinizcə desək, aşağı məhəllələrində, şəraitsiz evlərində qala-qala, bir qarnı ac, bir qarnı tox qəzet çıxarıb – “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” şüarı ilə. Bu şüarın Azərbaycan və xalqımız üçün nə demək olduğunu, hansı aydınlarımızdan bizə miras qaldığını sizə izah edəcək deyiləm. Tarixçisiniz, alimsiniz, bilmişliyiniz olar düşünürəm. Bu şüarın Azərbaycanın və bütün türk coğrafiyasının xilas, qurtuluş formulu olduğunu da inanıram ki, çoxlarından yaxşı bilirsiz.
26 ildir sözə əsgərlik edir Rauf bəy. Mövqeyinə, partiyasına, liderinə, hədəflərinə xəyanət etmədən 26-27 il eyni yolla gəlmək, yürümək bilirsinizmi nədir, Cəmil müəllim? Siz belə şeyləri haradan biləsiz, mən də görün sizdən nə soruşuram, Allah eşqinə…
Cəmil Həsənli bizə hər mövzuda cavab verir öz aləmində. Arqumentləşdirməyə çalışır fikirlərini. Amma iki sualımızı hələ də cavablandırmayıb. Burdan bir daha soruşuram dəyərli professorumuzdan: niyə 2002-ci və 2005-ci illərdə – ard-arda düz iki dəfə lideriniz, partiyanızın sədri Əli Kərimlini deputat mandatına satıb parlamentə getdiniz? Bu suallara verəcəyiniz cavabı qəzetdə çap etməyə hazırıq. Başqa suallarımızda olacaq sizə, Cəmil müəllim. Yaxın tarixin yaddaşını qurdaladıqca, sizin “parlaq” siyasi, pedoqoji fəaliyyətinizlə bağlı zamanın toz basmış rəflərindən nələr tökülür, bir bilsəz. Biz o toz basmış faktları, həqiqətləri yavaş-yavaş silib təmizləyib ictimaiyyətə çatdıracağıq.
Varmısınız, yoxmusunuz, sayın professor?..