Bakıda 17 gün ərzində keçirilən və dünya idman ictimaiyyətinin diqqətini cəlb edən I Avropa Oyunları iyunun 28-də başa çatdı.
Bu gün Bakı Olinmpiya Stadionunda I Avropa Oyunlarının bağlanış mərasimi keçirilir. Modern.az xəbər verir ki, mərasimdə Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış edib. O, əvvəlcə fəxri qonaqları və tamaşaçıları salamlayıb.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki. Avropa Oyunlarının atletləri. Xanımlar və cənablar. İlk Avropa Oyunlarının bağlanış mərasiminə xoş gəlmisiniz. Hörmətli həmvətənlər! Birinci Avropa Oyunların uğurla başa çatması münasibətilə sizi ürəkdən təbrik edirəm! Oyunlar zamanı Azərbaycan yığma komandasına, Avropa atletlərinə və çox saylı qonaqlarımıza göstərdiyiniz dostluq, qonaqpərvərlik və dəstəyə görə sizə dərin minnətdarlığımı bildirirəm. Müstəqil Azərbaycana yeni qələbələr, Azərbaycan xalqına xoşbəxtlik və əmin-amanlıq arzulayıram”.
İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən duyduğu fərəh hisslərini diqqətə çatdıran Təşkilat Komitəsinin sədri deyib: “Əziz dostlar, ilk Avropa Oyunları başa çatır. Ötən 17 gün Azərbaycanın tarixində əlamətdar və yaddan çıxmaz günlər oldu. Biz ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən fərəhlənirik. Qürur hissi duyuruq ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi cəmi iki il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbirini keçirdi”.
Ötən 17 günün Azərbaycanın tarixində əlamətdar və yaddaqalan günlər olduğunu vurğulayan Mehriban Əliyeva Oyunlara və atletlərə verdiyi böyük dəstəyə görə Azərbaycan xalqına dərin minnətdarlığını bildirib. O, eyni zamanda, Avropa Oyunlarını yaddaqalan idman festivalına çevirən bütün atletlərə, öz mövqeyi və qətiyyəti sayəsində bu ideyanı reallaşdıran Avropa Olimpiya Komitəsinə və onun prezidenti Patrik Hikkiyə, beynəlxalq tərəfdaşlara, eləcə də azarkeşlərə və könüllülərə təşəkkür edib.
”Mən Oyunlara və atletlərə verdiyi böyük dəstəyə görə Azərbaycan xalqına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bütün xalq öz atletləri ilə qürur duyur. Onlar bütövlükdə 56 medal, o cümlədən 21 qızıl medal qazanmış, ümumi medallar cədvəlində isə ikinci yeri tutmuşlar. Azərbaycan atletləri, Sizin uğurunuz gələcək nəsillər üçün bariz nümunədir. Mən bu Oyunlarda iştirak etmiş bütün atletlərə təşəkkürümü bildirmək istəyirəm. İlk Avropa Oyunlarını belə bir yaddanqalan idman festivalına çevirdiyinizə görə minnətdaram. Siz möhtəşəm çıxışlarınızı həvəslə, cəsarətlə və incəliklə bizə bəxş etdiniz. Bu Oyunlar Sizin Oyunlardır və nailiyyətləriniz bizi həqiqətən ilhamlandırır.
Hamınızı təbrik edirəm.
Mən mövqeyi və qətiyyəti sayəsində Avropa Oyunları ideyasını reallığa çevirən Avropa Olimpiya Komitəsinə və onun prezident cənab Patrik Hikkiyə dərin təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm. Mən, həmçinin hazırlıq zamanı dəyərli tövsiyələrinə görə Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralosa təşəkkürümü bildirmək istəyirəm”.
Mehriban xanım Əliyeva qeyd edib ki, Azərbaycan öz qollarını və ürəyini Avropaya açdı: “Biz köhnə dostlarımızı salamladıq və yenilərini qazandıq. Bu axşam biz hamınızla sağollaşırıq. Lakin Sizi Azərbaycanda gələcək tədbirlərdə yenidən görməyə ümid edirik. Gələn il Bakıda 42-ci Şahmat Olimpiadası və “Formula-1” Avropa Qran-Pri yarışları keçiriləcək. 2017-ci ildə biz dördüncü İslam Həmrəylik Oyunlarını qəbul edəcəyik. Nəhayət, 2020-ci ildə futbol üzrə Avropa Çempionatının matçları şəhərimizdə təşkil olunacaq. Bu axşam biz məşəli söndürəcəyik və ilk Avropa Oyunları başa çatacaq. Belə bir idman və dostluq bayramı başa çatdığı zaman mən ölkəmizdən və xalqımızdan böyük qürur duyduğumu bəyan edirəm. Son 17 gün hər zaman xatirimizdə qalacaq. O, nəsillərə qalacaq, tariximizin yaddaqalan məqamı olacaq. Atletlər, sağ olun! Dostlar, sağ olun! Azərbaycan, sağ ol!”
Birinci xanım, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın nitqi hərarətli alqışlarla qarşılanıb.