Köhnə qatarlara kondisioner quraşdıra bilmərik. Metro qatarlarında bir qədər havasızlığı başa düşürəm və gənclər bununla bağlı tələblərində haqlıdır. Ancaq biz problemin həlli üçün qatarlarda kondisioner quraşdıra bilmərik.
Bu sözləri Axar.az-a “Bakı Metropolitetini” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sosial şəbəkələrdə gənclərin metro qatarlarında kondisonerlərin quraşdırması tələbi ilə bağlı səhifə yaratmalarına münasibət bildirərkən deyib. N.Paşayev qeyd edib ki, köhnə qatarların texniki göstəriciləri kondisioner quraşdırmağa imkan vermir: “Gənclər tələblərində haqlı ola bilərlər. Ancaq bu, mümkün olan bir şey deyil. Yeni qatarlarda kondisionerlər var. Köhnə qatarlarda da rahatlıq üçün havalandırma sistemləri mövcuddur. Yay fəsli və istilərlə əlaqədar havalandırma sistemləri təmizlənib. Düzü, əvvəlki illərlə müqayisədə qatarlarda havalandırma sistemi daha yaxşı çalışır. Ancaq problemin birdəfəlik həlli üçün yaxın günlərdə yeni qatarlar gətiriləcək”.
Qeyd edək ki, Feysbukda qatarlarla bağlı səhifə yaradan gənclər hər gün on minlərlə vətəndaşın istifadə etdiyi yeraltı nəqliyyatda sərnişin sıxlığı zamanı havanın çatışmadığını bildiriblər. Təşkilatçılar metro qatarlarında kondisionerlər quraşdırılmasını istəyiblər.