“2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı yeni idman infrastrukturunun inşası gözlənilmir”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri gənclər və idman naziri, I Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
A. Rəhimov bnildirib ki, Azərbaycanın idman infrastrukturu çox yüksək səviyyədədir:
“Dövlət başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. Yəni Azərbaycan müasir idman və digər infrastruktura, dünya arenalarında böyük uğurlar qazanan idmançılara sahib dövlət kimi seçim zamanı bir addım öndə olur.
Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və bu kimi digər beynəlxalq tədbirlərin keçirilməsi zamanı Azərbaycanın seçilməsi inkişaf və sabitlik göstəricilərinə görə ən əlverişli dövlətlərdən biri olan ölkəmizə qlobal səviyyədə inamın, etibarın təsdiqidir. Bu inam və etibarın arxasında isə məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır”.
“Bir daha vurğulamaq istərdim ki, Avropa Oyunlarında istifadəyə verilən idman obyektləri 2017-ci ildə ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına da yetərli olacaq. Bir sözlə, bu nüfuzlu yarış üçün yeni idman infratsrukturunun yaradılmasına ehtiyac yoxdur”. – Nazir deyib.