Ölkəmiz dar bir coğrafi məkandadır. Onu pərgarla cızılmış dairə içində saysaq, pərgarın iynəsi taxılan yerdən, yəni ölkənin mərkəzindən 250 kilometr cənuba, şimala, şərqə, qərbə doğru hərəkət edəndə ölkə qurtarar.
Bütün qonşu dövlətlər ölkəmizin xarici dünyaya açılan qapıları və pəncərələridir. O qapıların biri əsrdən artıq yaşı olan düşmənçilik üzündən bərk-bərk bağlıdır. Zaman-zaman digərləri də qapanıb-açılır, müxtəlif problemlər yaşanır.
Hazırda ölkə əhalisinin ən çox istifadə etdiyi əsas qapını düşmən qapısına döndərmək istəyənlər var. Söhbət ölkəmizlə dostluq-müttəfiqlik münasibətində olan Gürcüstanla aramızda yaşanan futbol-bayraq-pankart qalmaqalından və ona reaksiyalardan gedir.
Məsələnin qısa məğzi belədir: Qəbələnin futbol klubu “Qəbələ” Tbilisidə yerli “Dinamo” ilə Avroliqanın təsnifat mərhələsi çərçivəsində oynayarkən bəzi gürcü azarkeşlər ölkəmizə qarşı ərazi iddiaları irəli sürən transparant qaldırıblar, daha sonra milli bayrağımızı və klubun bayrağını təhqir ediblər, bir sözlə, düşmənçilik aktları sərgiləyiblər.
Hələlik bu hərəkətləri kimlərin, hansı qrupun etdiyi bəlli deyil. Yəni bilinmir ki, Gürcüstan dövləti adından Qax və Zaqatalanı “geri tələb edən”, məsuliyyətsizcəsinə qonşu və dost dövlətin bayrağına həqarətli münasibət göstərən şəxslər kimlərdir, etnik mənşələri nədir, kimə, hansı dairəyə bağlıdırlar.
Fəqət bilinən şeylər də var. Ortada olan budur ki, onlar 3-5 nəfərlik bir qrupdur və məqsədləri iki qonşu dövlətin arasını vurmaq, düşmənçilik toxumu səpməkdir.
İndi bizim ölkəmizdə də həmin o “siyasətçi fan-qrup”un hərəkətlərinə layiqli cavab verməyə çağıranlar var. Bu da o deməkdir ki, bizdən də bir fan-qrup ortaya çıxmalı, Gürcüstanın və “Dinamo”nun bayrağını təhqir etməli, Borçalının tarixi Azərbaycan torpağı olduğunu bildirən transparant qaldırmalı, lazım gəlsə, Gürcüstandan gələn azarkeşləri basıb döyməlidir.
Gürcüstanı və Azərbaycanı istəməyən, hər iki dövlətin münasibətlərinin gərgin, hətta düşməncə olmasını arzulayan dairələrin çalışdığı da elə budur.
Bir baxaq, görək, belə olmasını kim istəyir? Siyasətlə maraqlanan heç kəsə sirr deyil ki, Ermənistan dövləti illərdir buna çalışır. Azərbaycanla açıq və qatı düşmənçilik mövqeyində olan Ermənistan heç Gürcüstanla da dost deyil, ilk fürsətdə ondan da ərazi qoparmağa çalışır və istəyir ki, Gürcüstan və Azərbaycan düşmən olsunlar və bu minvalla öz işi avand olsun.
Eyni zamanda 2008-ci ildən etibarən Gürcüstanla müharibə vəziyyətində olan Rusiya bu kiçik Qafqaz ölkəsini “sındırmaq” üçün vaxtaşırı cürbəcür təxribatlar törədir, hər bir dağıdıcı faktordan yararlanmaq istəyir. Gürcüstanın zaman-zaman Azərbaycanın hesabına duruş gətirdiyi, Kremlin siyasətinə müqavimət göstərdiyi də hər kəsə bəlli faktdır və demək, onu bu dayaqdan məhrum etməyi düşünənlər var.
Bu baxımdan, Gürcüstan-Azərbaycan gərginliyi iki dost xalqa qətiyyən lazım deyil, əksinə, onların düşmənlərinə lazımdır.
Tbilisi stadionunda baş verən xoşagəlməz olayı isə heç cür gürcü xalqının iradəsi kimi qələmə vermək olmaz. O bədnam pankartı qaldıran 3-5 adamla yanaşı, minlərlə azarkeş yalnız öz komandasının qələbəsi üçün qışqırıblar və heç bir pis hərəkətə yol verməyiblər.
Sabah ölkəmizdə keçiriləcək revanş matçında da kimsə o hərəkətlərin qisasını almaq istəsə və siyasi şüarlar səsləndirsə, bu, Azərbaycan xalqının, dövlətimizin siyasi iradəsi kimi qəbul oluna bilməz.
Bununla belə, bunu məhz bu cür qələmə verənlər, gərginliyi artırmaq, nifaqı körükləmək istəyənlər mütləq olacaq.
***
Təxminən 10 gün öncə Tiflisdəydim. Bir gürcü xanımla Qafqazdan, erməni, gürcü və azərbaycanlılardan danışırdıq. Dedim ki, bu üç xalq dost olsalar, Qafqazda sabitlik olar və hər üç xalq rifah içində yaşayar. Yekaterina adlı ziyalı xanım dedi ki, nəzəri olaraq belə bir şey mümkündür, amma ortada erməni amili var, onlar çox mənfəətpərəst, eqoistdirlər və hər zaman qonşularına kələk gəlmək, onları aldadıb irəli düşmək istəyirlər.
Düşmənin kələyinə uymayaq, fitvasına getməyək.