Ötən əsrin doxsanıncı illərinin sonlarıydı, bir gün Müsavatın qərargahında gördüm ki, o dövrün siyasi fəal gəncləri bir otaqda toplantı keçirir, ciddi-ciddi müzakirələr aparırlar. Mövzu uyğur türklərinin problemiydi. Gənc bəylər öz ölkəmizin problemlərini bay eləmiş kimi danışırdılar. Qəti rəy bundan ibarət idi ki, Çin uyğur türklərinə qarşı yeritdiyi təqib-təzyiq siyasətinə son qoymalıdır və uyğurlar müstəqil dövlət qurmalıdır.
Düzdür, müzakirə əsnasında gənc bəylərdən biri dedi ki, Çin rejimi elə bir qanacağın yiyəsi deyil və çox qəddardır, amma yenə də gənc azərbaycanlılar dediklərindən dönmədilər, tələblərini yumşaltmadılar və axırda müvafiq bəyanat qəbul edərək, İraq türkmənlərinin probleminin müzakirəsinə keçdilər.
Budur, aradan 17-18 il vaxt keçib, həmin müzakirədə iştirak edən gənclər artıq orta yaşlı adamlardır, saç-saqqalları ağarmağa başlayıb, Çində və İraqda isə uyğurların və türkmənlərin problem olduğu kimi qalır, hələ vəziyyətləri bir az da ağırlaşıb, genosid təhlükəsi qarşısındadırlar.
Hər şey o tərəfə dursun, o vaxtkı gənc fəalların fəhmi və uzaqgörənliyi hörmətəlayiqdir. Əgər o zaman azərbaycanlı gənclərin əvəzinə həmin müzakirəni BMT-nin başbilənləri, böyük dövlətlərin siyasi dairələri eyni ciddiyyətlə aparsaydılar, yəqin ki, bu gün nə uyğurlar bu gündə olardı, nə də türkmənlər.
Nə edəsən ki, dünyanı idarə edənlər hamar biçilmiş çəmənliklərdə qolf oynaya-oynaya, viski içə-içə boş-boş söhbətlərlə baş qatarkən, əslində əyləncə dalınca düşməli olan gənclər dünya məsələlərini müzakirə edirdilər və tərəflərin heç birinin əlindən bir iş gəlmirdi.
Nəticə göz qabağındadır. İndi uyğurların incidilməsinə etiraz olaraq qardaş Türkiyədə etiraz aksiyaları keçirilir. Gənc türklər hiddətlənərək meydanlara tökülüşüblər və Çinə qarşı şüarlar hayqırırlar, tələb edirlər ki, Çin uyğurlara qarşı repressiyanı dayandırsın.
O gün hətta həmin hiddətli gənclər koreyalı tursitləri çinli hesab edərək basıb döymək istəyiblər, polis araya girib, birtəhər başa salıb ki, siz onların qıyıq gözlərinə baxmayın, bunlar çinli deyil. Bundan əvvəl isə bir uyğurun özünü çinli bilərək şapalaqlamaq istəyiblər, o da yaxşı qurtarıb. Axırda Türkiyədə yaşayan uyğurlar sosiaı şəbəkə üzərindən etirazçılara müraciət ediblər ki, Çinə qarşı bu cür aksiyaları dayandırın, sizin bizi müdafiə etməyiniz üzündən mağazaya çörək almağa gedə bilmirik, görən kimi tutub döyürsünüz.
Gənc türkləri də qınamalı deyil, bir çinlini bir uyğurdan, bir koreyalıdan ayırmaq onlara çox çətindir. Eyni coğrafi şəraitdə yaşadıqlarından hamısının gözləri, ağız-burunları eyni cürdür. Söz yox, onlar bir-birlərini yaxşı ayırıb-tanıyırlar, amma uzaq ölkələrin adamları üçün bu müşkül məsələdir.
Ona qalsa, çinlilər, hollandlar, argentinalılar da bizi – gürcünü, azərbaycanlını, ermənini bir-birindən ayırmaqda çətinlik çəkirlər. Baxırlar, aşağı-yuxarı, eyni sifətdir, eyni burundur, eyni saç-saqqaldır, nə bilsinlər ki, başlıca fərqi tapmaq üçün müşahidə obyektinə bir də peysərdən baxmaq lazımdır. Bilənlər bilir, bilməyənlər də bilsinlər ki, diqqətli olanda hər üç Qafqaz xalqını peysərdən tanımaq mümkündür, o da o şərtlə ki, adamlar keçəl olalar.
Təxminən 20 il öncə ölkəmizdən Türkiyəyə səfər etmiş bir qrup müəllimin başına Adana tərəflərdə belə bir iş gəlib. Müəllimləri bir vilayətdən digərinə aparan avtobusun qarşısı silahlı jandarmalar tərəfindən kəsilib və jandarmaların böyüyü deyib ki, avtobusda yoxlama aparacağıq, bir az əvvəl PKK-çılar bölgədə terror aktı törədiblər və gizləniblər. Bu söhbəti mənə danışan Əli müəllim belə nəql edir: “Aramızda hər bölgədən müəllim vardı, bir müəllim də Laçından idi, ona “kürd” deyirdik, o da deyirdi ki, kürd deyil, heç kürd dilində kəlmə də bilmir. Xülasə, jandarmalar avtobusa daxil oldular, hamının üzünə diqqətlə baxa-baxa irəlilədilər və gəlib laçınlı müəllimin yanında dayanıb dedilər, sən sənədlərini göstər. Aldılar, baxdılar, gördüləri adam azərbaycanlıdır, düşüb getdilər”.
Bəli, çox diqqətli və ayıq-sayıq olanda kimin hansı etnik qrupa məxsus olduğunu gözlə təyin etmək mümkündür. Amma nə qədər ki, insan qarşısındakı insanı insan olduğuna görə yox, burnunun quruluşuna, gözünün diametrinə və rənginə görə fərqləndirəcək, dünya xoşbəxt olmayacaq.