İlk dəfə bu barədə “Yeni Müsavat” yazmışdı. Həmkarımız, bakılı balası Elşən Məmmədəliyev bir gün qanıqara gəldi ki, bəs, onun yay-qış üz tutduğu Pirşağı çimərliyini kimsə hasara alıb. Özü də hasar nə hasar – hündürlüyü 4-5 metr, uzunluğu Allah bilir. 15 hektarlıq ərazidən söhbət gedir…
Bu hasara çəkilən xərclə bir qəsəbə salmaq olardı, elə Pirşağıda məskunlaşıb ağır vəziyyətdə yaşayan qaçqınlar üçün. Amma dənizi hasarlayan o naməlum qüvvə qaçqın-köçkünmü düşünür?
Özü də maraqlısı budur ki, bu, gözəgörünməz qüvvə dənizin bağlanışını… məhz Avropa Yay Oyunlarının açılışı gecəsi – iyunun 12-dən 13-nə keçən gecə həyata keçirib. Belə ki, 15 hektarlıq ərazinin hasarları arasındakı darvazanı məhz həmin gecə birdəfəlik camaatın üzünə bağlayıblar.
Kəsəsi, həmkarımız bu özbaşınalıqdan yazdı, foto, videofaktları yaydı, ancaq nə faydası? Üstündən xeyli keçib, nə dənizi dədə malı sayıb onu vətəndaşların üzünə qapayandan bir soraq var, nə hasarların bir daşı uçurulub, nə də…
Yox, dəyişən bir şey var ki o da narazı camaatın hasarın o üzünə keçid üçün qoyulmuş yeganə qapının bir tayını sındırıb atmasıdır. Bu kadrları ANS-də gördüm. Pirşağalılar da hiddətlə hasardan şikayətlənirdilər. Təsəvvür edin, Allah bu məmləkətə dəniz bəxş eləyib, erməninin həsrətində olduğu neməti verib, ancaq bizim işbazlar, nə bilim nə bazlar onun suyunu, qumlu sahilini, küləyini bu camaata çox görür.
Qəzetimizdə yazı dərc olunanda da nə Pirəşağı bələdiyyəsi, nə Pirşağı icra hakimiyyətindən kimsə irəli durub bu “Çin səddi”nin sahibi barədə bir söz deməmişdi. Telekanalın sorğusuna da nə Sabunçu İcra Hakimiyyətindən, nə də Pirşağının aidiyatı qurumlarından kimsə cəsarət edib cavab verməmişdi. Görünür, çox nəhəng adamın hasarıdır. O qədər nəhəngdir ki, bir rəsmi şəxs irəli durub bu qanunsuzluğa “dur” demir. Yaxşı, hasar “sahibsizdirsə”, niyə müvafiq qurumlar onu yerlə bir eləmir, kimdən ehtiyatlanırlar, bəlkə haqları çatıb? Suallar cavabsızdır…
Avtomobil yolu ilə Bakıdan Batuma, oradan da Trabzon tərəflərə gedənlər yəqin ki, Qara dəniz sahili boyunca mənzərəni seyr eləyib. Bir yerdə sahilin zəbt edilməsini görə bilməzsən. Ağ dəniz, Mərmərə boyunca da Xəzərin sahili boyu olan özbaşınalıq yoxdur. Orda iş adamları təkcə qazancını yox, həm də vətəndaşının rahatlığını düşünür, kənardan əməlinin ironiya və tənə predmetinə çevrilə biləcəyindən ehtiyatlanır. Bizim bəzi hallı-pullu adamlarsa nə qanun bilir, nə vətəndaşa hörmət edir, nə Allahdan qorxur.
2003-cü ildə keçmiş prezident Heydər Əliyev “Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqda” sərəncam imzalamışdı. Bakı və Sumqayıt şəhərləri, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Abşeron, Salyan, Neftçala, Lənkəran, Masallı və Astara rayonlarının İcra Hakimiyyəti başçılarına tapşırmışdı ki, Xəzər dənizi sahilinin 130 metrlik zolağında yerləşən torpaqların hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin etsinlər. Üstəlik, bu barədə Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Torpaq Xəritəçəkmə Komitəsinə də tapşırıqlar verilmişdi.
5 il sonra isə Milli Məclis dəniz sahilindəki 130 metrlik zolağı “20-50″ metrlik zolaq sözləri ilə əvəz etdi. Bəlkə buna da dözmək olardı. Amma fakt budur ki, Pirşağıdakı həmin ”Çin səddi” sonda dəmir borularla dənizin içərilərinə girib. Sanki “20-50″ qadağası qanunda ”dənizin içərilərinə doğru” yazılıbmış. Özbaşınalıq bu qədər yəni. İndi həkimin xəstə uşağına dəniz qumunu məsləhət görən biçarə pirşağılı qalıb hasarın bu üzündə çatlaya-çatlaya. Hasarın sahibi isə tapılmır.
“Dostluq” parkındakı villaların taleyi göz önündə. Prezidentin tapşırığından sonra Hacıbala müəlllimin buldozerin qabağına verib zurna-balabanla 42 villanı dağıtdırdı. İndi Xəzəri xilas üçün də belə bir əməliyyata ehtiyac var. Şıx, Türkan, Şüvəlan, Mərdəkan, Bilgəh, Novxanı… üzü cənuba və şimala bütün dəniz sahili hasarlanıb. Xəzərin nə İran sektorunda belə vəziyyət var, nə Rusiya, nə Qazaxıstan, nə də Türkmənistana aid hissəsində. Axı, kənardan bizə baxıb gülürlər – bu nə ölkədir, deyə.
Nəhayət, qonşunu bizə güldürənlərin cavabı verilməlidir. Haram pullarla tikdirdikləri qala-qəsrlərinin sökülməsinin zamanıdır. Sadəcə, bir “Xəzər müşavirəsi”nə ehtiyac var. “Gedin, sökün o hasarları, görək sahibləri üzə çıxacaqmı…” deyiləcək müşavirəyə. Çoxları gözləyir. Ən çox da Pirşağı əhli.