“Rusiya Ukrayna ilə sərhədə hər zamankından daha çox əsgər yığıb”.
AzNews.az xəbər verir ki, bu sözləri Türkiyənin Anadolu agentliyi Ukrayna prezidenti Petro Poroşenkoya istinadən yayıb.
Ukrayna televiziyalarından birinə müsahibə verən dövlət başçısı deyib:
“Ukrayna sərhədləri yaxınlığında rekord miqdarda Rusiya Silahlı Qüvvələrinin hərbçiləri toplaşıb. Bu haqda dəqiq məlumat kəşfiyyat tərəfindən əldə edilib. Məlumatlar NATO, ABŞ və Avropa Birliyi mənbələri tərəfindən də təsdiq edilib”.
Poroşenko Ukrayna Silahlı Qüvvələrinin hərbi hazırlığının nəzərə çarpacaq dərəcədə artdığını, əsgərlərin əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu bildirib: “Hazırda terrorla mübarizədə 64 min əsgərimiz öz vəzifə borcunu yerinə yetirir. Onlara, həmçinin Milli Qvardiya Ordusu, Təhlükəsizlik Xidməti və sərhəd mühafizə qüvvələri də kömək edir. Bölgəyə çox saylı hərbi texnika da toplamışıq”.
“Belə bir hərbi güc Ukraynanı xarici təcavüzdən hər an qorumağa hazırdır” deyən Poroşenko daha sonra bunları qeyd edib:
“Ukrayna suveren bir ölkədir. Nə Şərqin, nə də Qərbin bizə diktə etməsinə imkan vermərik. Biz, Ukraynaya sülh gətirməklə məşğuluq”.
Poroşenko hazırda ABŞ, İngiltərə və Kanadadan gələn hərbi ekspertlərin ukraynalı əsgərlərə hərbi dərs keçdiyini bildirib.