“Yüksək fəxri adlı aktyorlar teatrda neçə tamaşaçı saxlaya bilər?”
“Əleyhimizə olanların bəziləri bunu dərk edir ki, onlar artıq bitiblər. Daha heç nəyə yaramırlar, onlarla heç kəs işləmək istəmir”.
“YUĞ teatrının kollektivinə irad tutanlar, gözləyin, əvvəl-axır Vaqif İbrahimoğlu məktəbinin davamçılarından biri o teatra baş rejissor gələcək”.
Bir neçə aydır ki, teatrlar barədə mətbuatda yazılan qalmaqallı xəbərlərin ardı-arası kəsilmir. Bu qalmaqalların da əksəriyyəti YUĞ teatrının ətrafında baş verir. Əməkdaşımız teatrda nələrin baş verdiyi ilə bağlı ətraflı məlumat almaq və bütün məsələlərə aydınlıq gətirmək üçün teatrın baş rejissoru Gümrah Ömərlə söhbətləşib.
Rejissorun AzNews.az-a vediyi geniş müsahibəni təqdim edirik:
-Son dövrlərdə YUĞ teatrının adı mətbuatda müəyyən mənada hallanmağa başlayıb. Sizcə, bu kollektivə qarşı bir kampaniyadır, yoxsa…
-Mən bu məsələdə “əməyi” olanlara demək istəyirəm ki, bircə dəfə gəlsinlər və teatrın şəraitinə, məkanına baxsınlar. Onda görəcəklər ki, belə dar məkanda YUĞ Azərbaycan teatrına nələr bəxş edib.
-Nələr bəxş edib?
– Əvvəla, kiçik bir araşdırma YUĞ-dan başqa Azərbaycanda bənzərsiz poetikası olan teatrın mövcud olmadığını görməyə kifayət edər. Vaqif İbrahimoğlunun yaratdığı teatr yeni düşüncə mərkəzinin davamıdır və ən başlıcası klassik dramaturgiyaya önəm verməyən mədəniyyət ocağıdır. Hə, sual yarana bilər ki, Vaqif İbrahimoğlu kimdir? Bunun cavabını isə əleyimizə danışanlar yaxşı bilirlər. Əvvəla o, özündən sonra 7 rejissor qoyub gedib. Hansı rejissor Azərbaycan teatr sənətinə özündən sonra bu qədər tələbə bəxş edib? Köhnə ənənələr teatrda işə yaramır. Bunu siz də bilirsiniz, adımızı qalmaqallarda hallandıranlar da. YUĞ teatrı və onun kollektivini ittiham edənlər bir şeyi unutmasınlar ki, bu gün köhnə ifadə vasitələri işləmir. Bunlarla uzun yol gedə bilmərik. İnsanlar, tamaşaçılar fərqli düşüncəli tamaşalar istəyirlər. Bu gün Azərbaycan teatr sənətinə bizim kimi fərqli düşünən rejissorlar və aktyorlar gərəkdir. Akademik Milli Dram Teatrında çalışan aktyorlar bunun fər qindədirlər? Yaxud sualı başqa cür qoyuram, fərqliliyi bacarırlarmı? Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bunu anlayan biridir. Bütün ağırlıq o kişinin çiyinlərindədir. Çox təəssüf ki, YUĞ Teatının əməyi Akademik Teatrda qısqanclıqla qarşılanır. Biz o teatrın düşüncə tərzinə hörmətlə yanaşırıq, ənənəsinə sədaqətlə qulluq edirik. Amma onlar inciməsinlər. Biz onların geridə qalan düşüncə tərzi ilə yaşaya bilmərik.
-Barışıq üçün Akademik Milli Dram Teatrının aktyorlarının düşüncə tərzlərini dəyişmələrini təklif edirsiniz?
-Əslində gərək sənətkarın özü bunu dərk etsin. Əgər o düşüncə tərzi ilə ona xoşdursa, bizə xoş deyil. Gəlin bizi, eləcə də İsrafil İsrafilovu qəbul etməyənlərin sənətinə və keçmişinə baxaq. Görək o özünü dahi sayan, yüksək fəxri adların sahibi olan aktyorlar düşüncə vasitələri ilə Akademik Teatrda nə qədər tamaşaçını saxlaya bilərlər? Monoton ifadə vasitələri ilə, qışqırmaqla, o yana-bu yana gəzməklə tamaşaçının maraq dairəsini qoruyub saxlamaq mümkün deyil. Yalnız “ağıllı-ağıllı” fikirləri başqasına yeritməklə məşğuldurlar. Başa düşmürlər ki, biz heç kimi ağıllandıra bilmərik. Yaxud da niyə qarşımızdakı tamaşaçını ağılsız hesab etməliyik? İttihamlara baxın ha: siz düz yolda deyilsiniz. Teatrın mahiyyəti bunun üstündə qurulub ki, insanları tərbiyələndirsin.
Teatrın məqsədi odur ki, tamaşaçılar gəlib özlərini tamaşada tapsınlar. Məsələn, biz tamaşa ilə oğrunu, qatili, yaxud da cinayətkarı tərbiyələndirə bilmərik. Bunlar gülməli və absurd məsələlərdir. İnsanlar teatra öz ruhlarını görmək üçün gəlirlər, daha “ağıllanmaq” üçün deyil.
-Azərbaycan teatrının problemləri tam həll olunub, yoxsa…
-Azərbaycan teatrının hələ xeyli problemləri var. Bunlar asanlıqla həll olunan problemlər deyil. Təbii ki, bunlar sovet ideologiyasının içində formalaşmış teatrın bəlalarıdır. Biz hələ bundan qurtula bilmirik. Teatr yalnız ideologiyaya xidmət edə bilməz. Bu, bədii yaradıcılıqdır. Teatrda vətənpərvərlik və əxlaqi mövzularda tamaşalar olmalıdır. Bu məsələyə yenidən baxılmalıdır. Böyük sənətkar dediyimiz insanlar özlərini bir də təftiş etməlidirlər. Təftiş edib baxsınlar ki, onlar bu gün müasir tələblərə cavab verirlərmi? Onların bu gün fiziki imkanları hansı səviyyədədir? Onlar nələrə arxayındırlar? Hansı ifadə vasitələrinə, hansı düşüncə tərzlərinə güvənirlər? Və bununla nə deyə bilərlər?
Əlbəttə ki, “onların hamısı pisdir, yararsızdır” kimi düşünmək də ədalətsizlikdir.
-Bu ittihamlar Akademik Milli Dram Teatrının aktyorlarına ünvanlanıb?
-Əlbəttə, danışanlar, bizim sənətimizi bəyənməyənlər onlardır. Səhnəyə kifayət qədər istedadlı aktyorlar gəlir, tamaşalar oynayırlar. Onlar səhnədə yeni düşüncə tərzi və oyun manerası göstərirlər. Kimsə bizlərdən deyilsə, bizim kimi oynamırsa o düşmən xalqdan sayılmalıdır, məgər? Bu kimi qarşıdurmada mənəviyyat və peşə problemləri var. Yaradıcılıqla məşğul olan insanlar heç vaxt qərəzli olmamalıdır.
-Akademik teatrın aktyorları Akademik teatrın səhnəsində YUĞ-u aktyorlarını görməkdən mənun deyillər. Deyirlər ki, İsrafilov öz qohumlarını yığır ətrafına və niyə bizim teatrda başqa aktyorlar oynamalıdır…
– Düşünürəm ki, Vaqif İbrahimoğlunun yetirmələri kifayət qədər bacarıqlı və istedadlıdırlar, işləyəndirlər. Yəqin buna görədir.
-Amma Akademik Milli Dram Teatrının aktyorları sizi, Vaqif məktəbinin yetirmələrini istedadlı hesab etmir…
-Etməyə bilərlər. Bunu həyat, zaman və işlər göstərəcək. Akademik teatr keç kimin dədəsinin mülkü deyil. Ümumi ortaq bir mədəniyyət ocağıdır. Bu sahədə kimlər bacarqlı, lazımlıdırsa, onlar da oynayacaq və işləyəcəklər. Bu rəqabətdə kimlər gücsüz, yararsız olacaq, onlar da uduzacaq.
Amma qaldı gələcəkdə bunların olma ehtimalına güman ki, baş tutacaq. Əslində biz sənətimizi cağdaş müasir dünyada gedən teatr problemlərinin bir hissəsi kimi qavramaq istəyiriksə, kifayət qədər gənc, bacarqlı insanlar var ki, mütləq gec ya tez onlar öz işlərini görəcəklər.
– Məsələn kimləri nəzərdə tutursunuz?
Mikayıl Mikayılov kifayət qədər tamaşalar hazırlayıb, son dərəcə də müasir düşüncəsi var. Çox fərqli tamaşalar qoya bilir, peşəkardır. O, nəinki Azərbaycanda, hətta ondan kənarda da Qazaxıstan, Rusiya və başqa ölkələrdə tamaşalar qoyur. Bunlar gənc və dünyaya açıqdırlar, ən başlıcası bu peşəni bilirlər. Mənim üçün onun quruluş verdiyi tamaşalar uğurlu olar. Hazırda o, Qoqolun “Müfəttiş” əsərini hazırlayır. Mən inanıram ki, maraqlı bir tamaşa, yeni teatr düşüncəsi görəcəyik.
Tural Mustafayev istedadlı, dünyada gedən teatr problemlərindən xəbərdar, bacarıqlıdır və Lənkəran teatrının baş rejissorudur.
Biz İsrafil müəllimə təşəkkür edirik. O, qapılarını hamının üzünə açıb. Nəinki Vaqif İbrahimoğlu məktəbinin davamçıları, hətta, başqalarının, o cümlədən Tural Musatafayevin Akademik teatrda tamaşa hazırlamağa haqqı var və edəcək də. Bunlar bütövlükdə Azərbaycan teatrlarına xidmət edir. Mən özümü Azərbaycan teatrına xidmət edən adam hesab edirəm. Başqa cür necə ola bilər?
Nicat Kazımov bacarıqlı bir rejissordur, Akademik teatrda bir necə tamaşa qoyub. Bu insan dövlət tədbirlərində rejissor kimi fəaliyyət göstərir. Onun bacarığını biz necə dana bilərik? Niyə ona istedadsız damğası vurmaq istəyirik? Anlayın, Nicat Kazimov sizin kimi danışmır, ortaya iş qoyur.
Rejissorluq ağır sahədir. Ona görə İsrafil müəllim maraqlı eksperimentlər apardı. Akademik teatra həm xaicdən, həm də yerli rejissorlar dəvət etdi. Məlum oldu ki, biz öz rejissorlarımızın dəyərini bilməliyik. Eyni zamanda məlum oldu ki, dünya şöhrətli rejissorların işi ilə bizim rejissorlar arasında heç bir fərq yoxdur. Biz keçmisi anırıq, amma yanımızda olanlar bizi didir. Niyə Ramiz Novruzu sevməyək? Bizə bu xəbslik hardan gəlir? Sənət “babam mənə kor dedi, gəlib gedib vur dedi” prinsipi ilə yaşaya bilməz. Kim bizdəndir dostumuzdur, kim fərqli düşünür düşmənimizdir deməklə iş bitmir. Sənətin siyasətə aidiyyatı yoxdur.
Bu gün Ermənistanda gözəl rejissorlar, aktyorlar var. Düşmənik, amma sənəti niyə danaq? Bu, mənəviyyatımızı zənginləşdirmək üçün olan sahədir. Burada ancaq ruhunu təmiz saxlamalısan. O ruhdan milyonlara pay ver, başqasına ağıl öyrətmə, lazım deyil sənin verdiyin ağıl. İddialı şeylər söyləmə, fətva vermə. Çox təəssüf, bu gün fəxri adlar alan, sənətdə uzun yol gələn insanların bu günkü müasir teatr prosesində problemləri var. Əksəriyyətinin peşəkarlıq, yaddaş, düşüncə, hətta plastika problemləri olanlar da var. Bu həqiqətdir. Ayaq üstə danışmaq və qışqırmaq, ağlamaq, gülmək hələ aktyor olmaq deyil. Böyük titullar ala bilərsən, amma gəl geriyə baxaq, sən burdan başqa harada çalışmısan? Səni dünyada kim tanıyır? Sən nəylə məşğulsan. Ömrünüzü nəyə həsr etmisiniz? Sizinlə işləmək gənclər üçün maraqlıdırmı? Yoxsa xoflanaraq, özünüzü ağıllı hesab edirsiniz? Aktyor uşaq kimi olmalıdır. O, hər uşaqdan bir şey öyrənməlidir. Aktyor ağıllı oldusa, deməli onun işi çoxdan bitib. Əleyhimizə olanların bəziləri bunu dərk edir ki, onlar artıq bitiblər. Daha heç nəyə yaramırlar, onlarla heç kəs işləmək istəmir. Başqalarına qara yaxmaq kimlərəsə qurğu qurmaqla məşğul olmasınlar, ayıbdır, yaşlarından utansınlar. İstəməzdik o insanları elə görək, onların əllərindən opülən vaxtlarıdır. Yaşda bizdən böyük ola bilərsiniz, peşədə sənətdə isə heç vaxt. İsrafil İsrafilov həqiqətən böyükdür, çox mürəkkəb sahədə çalışan insandır. Bu gün o, dünya teatrına baxır və orada gördüyünü Azərbaycana gətirməyə çalışır. Biz indi başlayırıq, əslində isə geridə qalmışıq. Nədən və kimdən qorxuruq?
YUĞ teatrının kollektivinə irad tutanlar, gözləyin, əvvəl-axır Vaqif İbrahimoğlu məktəbinin davamçılarından biri o teatra baş rejissor gələcək.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.