“Azərbaycanda bir çox böyük şirkətlərin, həmçinin AZAL və SOCAR-ın səhmləri satışa çıxarıla bilər. Çünki sözügedən şirkətlər ən cüzi vergi öhdəliklərini yerinə yetirə bilmirlər”.
AzNews.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu Maliyyə Nazirliyinin və Dövlət Neft Fondunun 6 aylıq hesabatlarını şərh edərkən belə deyib.
Onun fikrincə, 2013-cü ildən başlayaraq, dövlətin büdcə xərcləmələri azalmaqda davam edir: “Əgər əvvəlki il üzrə qeydə alınan azalma büdcə prioritetlərindəki dəyişikliklə bağlı idisə, cari ildə gözlənilən dəyişikliyi maliyyə sistemində yaranmış və getdikcə ciddiləşən problemlər şərtləndirəcək. Dünən Maliyyə Nazirliyi və Neft Fondunun 6 ayın yekunları ilə bağlı açıqlamaları ölkənin fiskal durumunun çətinliklərini aşkara çıxarmağa və qiymətləndirməyə imkan verir. Bu il üçün büdcəyə 19 milyard 438 milyon manat vəsait yığmağı planlaşdıran hökümət ilin 1-ci yarısında onun 7 milyard 807 milyon 200 minini və ya 40 faizini təmin edib”.
Q.İbadoğlu hesab edir ki, proqnozun icrasında başlıca çətinlik Neft Fondundan gözlənilən transferlərin azalmasıdır: “Belə ki, bu il ərzində büdcəyə 10 milyard 388 milyon manat köçürmək öhdəliyinə mailk olan Neft Fondu ilin 6 ayında onun 3 milyard 562 milyon manatını və ya üçdə birindən bir az artığını transfer edib. Çünki, Neft Fondunun özünün də gəlirləri ilin 1-ci yarımilliyində 4 milyard 54 milyon manat olub ki, bu da proqnozlaşdırılan vəsaitin 40 faizindən də azdır. Göründüyü kimi, həm dövlət büdcəsində, həm də Neft Fondunun büdcəsində icra faizi 40-ı ötə bilməyib. Deməli, mədaxilin təminatında eyni səviyədə icra vəziyyətini xarakterizə edən bu asılılıq birbaşadır və Neft Fondunun gəlirləri azaldıqca dövlət büdcəsinin xərcləmələrində də problemlər çoxalacaq. Çıxış yolunu kiçik və orta vergi ödənişlərini inzibati qaydada sıxmaqla büdcəyə əlavə vəsait cəlb etməkdə görən hökumət buna ilin ilk 6 ayında nail olsa da sonrakı aylarda eyni metodla istədiyi effekti ala biləcəyi real görsənmir. Bu halda hökümətin başqa bir alternativə müraciət edəcəyi də istisna olunmur”.
Ekspert deyir ki, hazırkı situasiyada və gələcəkdə daha da pisləşən durumda büdcəyə vəsait cəlb etməyin yollarından biri də özəlləşdirmədən əldə edilən gəlirlər ola bilər: “Bu halda hətta ARDNŞ-nin də səhmləşdirilməsi və sonradan səhmlərinin satışa çıxarılması gündəmə gələ bilər. Mümkündür ki, ondan qabaq digər iri vergi ödəyicilərindən – “Azərenerji”, “Azərsu”, Xəzər Dəniz Gəmiçiliyi, “Aztelekom”, “AZAL” kimi şirkətlər də özəlləşdirməyə çıxarılsın. Çünki, onların çoxu hazırda büdcə qarşısında olan cüzi vergi öhdəliklərini belə yerinə yetirə bilmirlər və ildən ilə vergi borcları ilə yanaşı kreditor borclarını da artırılar. Çox güman ki, Azərbaycan Beynəlxalq Bankı böyük özəlləşdirmə siyasətində sınaq-təcrübə funksiyasını yerinə yetirəcək”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.