“Çimərlik mövsümü başlayandan bu günə qədər çimməyə rəsmən icazə verilmiş yerlərdə boğulma faktı qeydə alınmayıb”.
Bu haqda Modern.az saytına Fövqaladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mənsur Piriyev məlumat verib.
O qeyd edib ki, çimərlik mövsümü başlayandan müxtəlif su hövzələrində 136 nəfər boğulmaqdan xilas edilib: “Əməkdaşlarımız tərəfindən xilas edilənlər həm çimərlik, həm də qadağan olunmuş su hövzələrində çimərkən təhlükə ilə qarşılaşanlar olub. Təəssüf ki, qadağan olunmuş su hövzələrində suda batanlar da qeydə alınıb. Bununla bağlı həmin ərazilərə yaxın yerləşən məntəqələrimizdən və dalğıc axtarışçılardan ibarət qrup dərhal hadisə yerinə göndərilib. Əməliyyat-axtarış nəticəsində şəxslər tapılaraq aidiyyatı üzrə təhvil verilib”.
Sektor müdiri deyib ki, baş verənlərlə bağlı nazirliyin saytında müntəzəm məlumat verilir:
“Araşdırma zamanı boğulma səbəbləri müxtəlif olur. Bunların arasında sərxoş halda, kriminal xarakterli əməllər (intihar məqsədilə) törətmək məqsədilə və s. suya girənlər də var”.
M.Piriyev builki monitorinqlərin əsasən qadağan olunmuş yerlərdə aparıldığını deyib:
“Bir sıra istirahət obyektləri var ki, onlar insanlar üçün təhlükə yaradır. Çimməyin qadağan olunduğu, qayalıq ərazilərdə istirahət obyektləri fəaliyyət göstərir ki, onlar gələn müştəriyə spirtli içki təklif edir. Həmçinin, suyun içərisində qaydalara zidd olaraq kölgəlik yaradır və insanları ora cəlb edirlər. Məhz bu cür obyektlərin ərazilərində suda boğulma faktları daha çox qeydə alınır.
Vətəndaşlara bir daha xəbərdarlıq edirik ki, qadağan olunmuş ərazilərdə fəaliyyət göstərən obyektlərə müraciət edən zaman həmin ərazidə çimməsinlər . İstirahətlərini edib suya daxil olmadan ərazini tərk etsinlər. Çimmək üçün çimərliyə getsinlər”.