Rəhmətlik şair Xəlil Rza Ulutürk sağ olsaydı, yəqin ki, danışığında “şortik” və “kislota” sözü işlətdiyinə görə Hafiz Hacıyevin boğazına əridilmiş qurğuşun tökməyi tövsiyə edərdi. Ağsaqqal ziyalımız ana dilimizin qayğısına çox qalırdı, bu məsələdə xeyli həssas idi.
Gerçəkdən də gül kimi “sulfat turşusu” termini varsa, “kislota” nədir? Düzdür, indilikdə “şortik” sözünün bir kəlməlik əvəzedicisi yoxdur. Gərək ya “qısa şalvar” deyək, ya da nəsə başqa bir şey. Mən “dizbalaq” təklif edirəm, yəni balağı dizdən olan şalvar.
İndi keçək əsas məsələyə. Bildiyiniz kimi, Hafiz Hacıyev qısa şalvar geyən vətən oğullarına qarşı böylə bir fətva verib, deyib ki, onların qıçasına sulfat turşusu atmaq lazımdır.
Belə bir qəddarlığın həyata keçirilməsində məqsəd qısa şalvar geyinmiş eloğluların qıllı qıçını yandırıb eybəcərləşdirməkdir ki, onlar bir daha mentalitetimizə zidd geyimlər geyməsinlər.
Bilməyənlər onu da bilsinlər ki, o andır sulfat turşusu düşdüyü yeri pis yandırır, elə yandırır ki, eybəcər ləkəsi qalır. Bu kimyəvi maddə ələ, ayağa, bədənin görünməyən yerlərinə düşəndə yenə birtəhər təhəmmül etmək olar, amma üzə, boyuna dəyəndə çox pis fəsadlar törədir.
Qısa şalvar geyən kişilərin qıçına sulfat turşusu tökülməsini tövsiyə, hətta əmr edən Hafiz Hacıyev yandırılmalı bədən üzvünü seçərkən əslində bir qədər humanistlik edib. O, başqa əzaları da tuşuda bilərdi.
Ancaq bir əngəl var ki, sulfat turşusunu hələm-hələm əldə etmək mümkün deyil, yəni dükanda satılmır. Nə də bunu kustar üsulla düzəltmək mümkün deyil ki, tut arağı çəkən tanışlardan “mənə bir butulka sulfat turşusu çək, əlimdə savab işim var” deyə xahiş edəsən.
Vikipediya bu kimyəvi maddə barədə yazır: “Susuz sulfat turşusu adi şəraitdə rəngsiz, iysiz, yağabənzər ağır mayedir, 10,45°S-də donur, 296,2°S-də qaynayır. Qatı sulfat turşusu bütün metallarla reaksiyaya girir, … qızdırıldıqda bütün metalları (qızıl və platin müstəsna olmaqla) oksidləşdirir. Durulaşdırılmış sulfat turşusu gərginlik sırasında hidrogendən solda yerləşən bütün metallarla (qurğuşundan başqa) reaksiyaya girir”.
Ona görə də qısa şalvar geyinən bəylər və xanımlar çox da narahat olmasınlar, hər ürəyi istəyən onların qıçına H2SO4 (andırın kimyəvi tərkibi belədir) maddəsi ata bilməz. Bunu eləsə-eləsə, yalnız qəsdə dolanlar, qatı fanatiklər, namus-qeyrət qarovulçuları edə bilər.
Ölkəmizdə belələri də var, əlbəttə. “Sahil” bağında it gəzdirərkən “namus üstə bıçaqlanan” gəncin, parkda sevgilisi ilə busə mübadiləsi edərkən öldürülən cavanın, sevgilisini liftə ötürüb geri dönərkən ürəyindən bıçaqla vurulan aşiqin acı taleyini yada salanda hiss edirsən ki, topuqdan dizə qədər olan 20-25 santimlik qıllı (eləcə də hamar və şümal) əzanın, anatomiya terminləri ilə desək, qamış və incik sümüklər olan hissənin görünməsinə görə adamı kesici-deşici alətlərlə yaralaya bilərlər. Hətta hücum nəticəsində büzdüm sümüyünün yerləşdiyi nahiyəyə xətər dəyməsi ehtimalı da var.
Bəs prezidentliyə keçmiş namizədi belə bir fətva verməyə nə məcbur edir? Milli mentalitetmi, dini heysiyyatmı, yoxsa siyasi populistlikmi?
Bir çoxları sonuncudan quşqulanır. “Havalanıb” deyənlər də var. Bəzi biləndar adamlar isə deyirlər var ki, Hafiz müəllimin son illərdə verdiyi bəyanatlar və açıqlamalar psixiatrlar tərəfindən təhlil olunarsa, onun ruhi sağlamlığında problem olmadığı meydana çıxar. Heç bir problem yoxdur artıq.
Hətta sizə deyim ki, tamam əksinə ola bilərdi. Əgər həmin o “şortik fətvası”nı iranlı axundlardan biri versə, “Bakıda kişilər qısa tuman geyir, din əldən gedir” deyə haray salsaydı, sizi əmin edirəm ki, hamıdan birinci məhz Hafiz Hacıyev qısa şalvar geyib bulvara çıxar, axundlara meydan oxuyardı, deyərdi, müstəqil dövlətik biz, heç kəs burnunu bizim şortikimizə soxmasın.
Adam bu dərəcədə prinsipialdır. Amma yaxşı olar ki, danışığında “kislota” və “şortik” sözləri də işlətməsin.