Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 25 iyul tarixində keçirdiyi qəbul imtahanında II qrup 700 bal toplayanları Modern.az danışdırıb.
Qasımov Elçin ailədə yüksək bal toplayan yeganə şəxs deyil. Belə ki, onun bacısı Gülçin də bu il qəbul imtahanında II qrup üzrə 685 bal toplayıb. “Düzü belə nəticəni gözləmirdim, çünki kodlaşdırmadan sonra 1-2 səhv olacağını gözləyirdim. Amma nəticələr açıqlananda 700 bal olduğunu gördüm. Bacımla Gəncə şəhər 1 saylı orta məktəbin məzunlarıyıq. Bütün qiymətlərim əladır., buraxılış imtahanlarını “5”-lə vermişəm. Fikrimdə ADA Universitetində oxumağı tutmuşdum. Amma orada təhsil ödənişli olduğu üçün başqa ali təhsil müəssisələrini seçmək məcburiyyətində qalıram. Əgər ADA Universitetində bizim üçün ödənişsiz təhsil imkanı yaratsaydılar oranı böyük mənuniyyətlə seçərdim. Xaricdə təhsil üçün də Dövlət Proqramına sənədlərimi vermişəm. Alınsa yəqinki Türkiyədə oxumağa gedəcəm. İnşallah gələcəkdə yaxşı iqtisadçı olmaq istəyirəm”.
Əhmədov İbrahim Nizami rayonunda yerləşən 214 saylı məktəbini bitirib. Yalnız 11-ci sinifdə müəllim yanına gedən İbrahim 11-ci sinifdə Respublika Fənn Olimpiadasının bürünc medal qazanıb. Təhsil Nazirliyinin qızıl və ya gümüş medalına da öz namizədliyini verib.
“İmtahanda 700 bal toplamaq adi bir iş deyil. Yüksək nəticə göstərməyim təkcə mənim deyil, valideynlərimin və müəllimlərimin əziyyətidir. Necə illik əziyyətin də nəticəsi olmalı idi. Hamı məndən bu nəticəni gözləyirdi və inanırdılar. Çox şükür ki, inamlarını da boşa çıxartmadım. Həmişə sınaqlarda mexaniki səhvlərim olurdu. Müəllimlərim imtahanda da həmin mexanik səhvlərimin olacağını düşünürdülər. Şükür ki, sınaqda olan səhvlərim olmadı. Sınaqlarda əsasən 670 və 690 arası bal toplayırdım. İnşallah Beynəlxalq münasibətlər ixtisası üzrə ADA Universitetində təhsilimi davam etdirmək istəyirəm. Hələ ki, xaricdə oxumaq fikrim yoxdur. Gələcəkdə xaricdə oxumaq istərdim. Sinif yoldaşlarımdan biri 695 bal toplayıb. Digər dostlarımdan da yüksək bal toplayanlar var”.
İsgəndərov Əli Xırdalan şəhəri Bəxtiyar Cəfərov adına 3 saylı məktəbinin məzunudur. Məktəbdən xeyli fəxri fərmanlar alan Əli Təhsil Nazirliyinin qızıl medalına da namizəddir. “1-ci sinfidən 11-ci sinfə kimi əlaçı olmuşam. 10-cu və 11-ci sinifləri müəllim yanına getmişəm. Bu nəticəni gözləyirdim. İmtahandan çıxanda artıq bilirdim ki, 700 bal toplaşım. Yalnız 3 sual şübhəli idi mənim üçün, onların da cavablarını yoxladıqdan sonra 700 bal topladığımı dəqiqləşdirdim. Sınaqlarda ən çox sonuncuda 648 bal toplamışdım. Əvvəlki sınaqlarda isə 626 və 632 bal toplayırdım. ADA Universitetinin Menecerlik fakültəsini oxumaq istəyirəm”.