Son illər Əli Kərimlinin xeyli sayda silahdaşı, partiyadaşı onu tərk edib. Bunların içində AXCP sədri ilə şəxsi dostluq münasibəti olan insanlar da var. Tələbəlikdən üzü bəri Ə.Kərimli ilə yol gəlmiş ən yaxın dostları onu bir-bir, iki-bir tərk edib yön, əqidə dəyişdirirlər. Aralarında iqtidar düşərgəsinə transfer olunanı da var, sakitcə bir kənara çəkilib “qonorarını” yeyəni də. Eləsi də var ki, Əli Kərimlidən ayrılıb özünə partiya yaradıb və həmin partiya müxalifətdədir – fəqət konstruktiv müxalifət mövqeyində…
Kiçik bir siyahıya baxaq:
1. Asim Mollazadə – AXCP sədrinin müavini olub
2. Qulamhüseyn Əlibəyli – AXCP Ali Məclisinin sədri olub
3. Fuad Mustafayev – AXCP sədrinin müavini olub
4. Bahəddin Həzi – AXCP sədrinin müavini olub
5. Asəf Quliyev – AXCP sədrinin müavini olub
6. Fazil Mustafa – AXCP sədrinin müavini olub
7. Əliməmməd Nuriyev – AXCP Rəyasət Heyətinin üzvü olub
8. Qüdrət Həsənquliyev – AXCP sədrinin müavini olub
9. Əbülfəz Qurbanlı – AXCP sədrinin müavini olub
Siyahını uzatmaq da olar. Amma məncə mənzərəni anlatmaq üçün yetərlidir. Bu, hələ əsas heyətdən gedənlərin az hissəsidir. İndiyədək onlarla orta ranqlı Cəbhə funksioneri, jurnalist AXCP-ni və sədri atıb gedib. Onların adlarını yazsaq, uzun bir siyahı alınar.
İndi fikir verin, Əli Kərimli siyahıda göstərilən şəxslərin adını bircə dəfə pisliyə çəkibmi? (Q.Həsənquliyev və F.Mustafa istisnadır. Amma bu iki şəxsin adları son illər müəmmalı şəkildə Ə.Kərimlinin “qara siyahısından” çıxarılıb. Daha nə “Azadlıq” qəzetində, nə də facebookda Kərimlinin zombiləri onları söymür – A.A.). Onları satqınlıqda, dönüklükdə, prinsiplərini, partiyalarını, liderlərini, dostlarını satmaqda suçlayıbmı? Siz Asim Mollazadə haqda “Azadlıq” qəzetinin nə vaxtsa mənfi planda bircə sətir yazdığını görüb-eşitmisizmi? 2013-cü ilin prezident seçkisinə 5 gün qalmış Asəf Quliyevə müəmmalı və səs-küylü istefasına görə “Azadlıq”da “gözün üstə qaşın var” yazan oldumu? Fuad Mustafayevin adını çəkib onu qınayan tapılıbmı?
Bahəddin Həziyevi narahat edən varmı Kərimli cəbhəsində? Baxmayaraq ki, o, ölkənin tirajına, nüfuzuna görə 3 qəzetindən birinin baş redaktorudur. AXCP-dən istefa verib qəzetçiliyi seçəndə B.Həziyevin adını dillərinə belə almadılar. “İqtidara satıldın” deyib üstünə yerimədilər.
Ə.Kərimlinin ən son istefa verən müavini Əbülfəz Qurbanlıdır. Bu ayın əvvəllərində qəfil və müəmmalı istefasından sonra Əbülfəzin haqqında “Azadlıq” qəzeti bir cümlə yazmadı.
Cəmil Həsənli iki dəfə öz partiyasını və liderini satıb gedib, sonra qayıdıb və bu gün Milli Şuranın sədri kimi Kərimlinin yanında yenidən mövqe tutur.
Əli Kərimli niyə bu adamları qınamır, qınatdırmır, söydürmür, mənəvi terrora məruz qoydurmur? Amma bütün işini-gücünü atıb Rauf Arifoğluya hücuma keçib. Bir fraqmentə – “Əməkdar jurnalist” fəxri adına görə “Yeni Müsavat”ın baş redaktoruna yazdırmadığı, dedirtmədiyi söyüş, təhqir qalmayıb. Amma onu satıb iqtidar tərəfə keçən keçmiş müavinləri barədə susur.
Ə.Kərimli prinsip peşində deyil. Olsaydı yuxarıda adlarını çəkdiyimiz şəxslərin barəsində də heç olmaya ayda bir məqalə yazdırardı. Tam əksidir – keçmiş AXCP-çilər Ə.Kərimli tərəfindən facebookda və “Azadlıq” qəzetində ciddi şəkildə qorunur. Səbəb? Səbəb maddi nemətlər, pul-para, şəxsi çıxarlardır. Deyilənə görə, gedənlərin bəziləri hələ də Ə.Kərimliyə faiz verir. Sus payı yəni. Bəlkə bizdən də umur? Faiz, xərclik, xərac tələb edir? Versək götürərmi? Götürər – həm də utanmadan. Belə işlərin sənətkarıdır o…
Bir də axı vaxtilə yanında, çevrəsində olan həmin adamlar bunun çox zibillərini bilirlər. Birdən adama qayıdıb elə şeylər yazarlar, deyərlər ki, gərək başını götürüb xaricə qaçasan. Tərs kimi Ə.Kərimliyə iqtidar xarici pasport vermir – ona görə qaçacaq yeri yoxdu, susacaq yeri var.
P.S. Əli Kərimlini tərk edib hətta iqtidar cəbhəsinə keçməyi belə mən böyük fədakarlıq, millətə xidmət sayıram. Kərimli yanında qalınacaq adam deyil. Zatən zaman-zaman bu, isbat olunub. Öz dostları belə bununla yollarını ayırırsa, əlavə nəsə deməyə ehtiyac qalmır.