Zimbabedəki “Hvanq” Milli Qoruğunda yaşayan və mühafizə altında Sesil adlı şir 50 min avro qarşılığında öldürülüb.
Qoruq rəsmiləri 13 yaşlı şirin ovlandıqdan sonra başının kəsildiyini və dərisinin soyulduğunu açıqlayıblar. Oksford Universitetinin həyata keçirdiyi mühafizə layihəsi çərçivəsində qorunan və boynundan xüsusi “GPS” xaltası olan Sesil ovçuların qurbanı olub. “Guardian” qəzetinin saytında yerləşdirilmiş məlumata görə, Sesili öldürmüş ovçulardan biri elə həmin qoruğun işçisi olub. Brakonyerlərin Sesili ovlamaq üçün ispan mənşəli bir şəxsdən 50 min avro aldıqları bildirilib.
Qeyd olunub ki, ovçular Sesili 40 saat izləyiblər və onu qoruq ərazisindən kənara çıxararaq sonra ovlayıblar. Bununla da özlərini məsuliyyətdən kənarda saxlamağa çalışıblar.