Çeçenistan polisləri İŞİD yaraqlılarından pul alan qızları saxlayıblar.
Oxu.az LifeNews-a istinadən xəbər verir ki, respublikanın üç sakini yaraqlılar ilə sosial şəbəkələrdə yazışıblar və İŞİD-çilərin onlara pul köçürdükləri təqdirdə ekstremist qrupa qoşulacaqlarını vəd ediblər.
Şübhəli bilinənlərdən biri LifeNews əməkdaşı ilə görüşməyə razılıq verib.
Məryəm çəkiliş qrupuna bir şərt qoyub – onu heç kim tanımamalıdır. Öz həyatının xırdalıqlarını müsəlman qadını açıqlamamalıdır. Amma iş yalnız ənənələrdə deyil. Qız sadəcə utandığını etiraf edib. İndi o fırıldaqçılıqda şübhəli bilinir, amma ona qarşı ittiham irəli sürülməyib və o hələ ki evdədir. Xarici görünüşcə o, zərif və təvazökardır, Məryəm İŞİD-çiləri aldadaraq ekstremist qrupa qoşulacağı barədə vəd verərək, onlardan 45 min rubl alıb.
Rusiyada qadağan edilmiş qrupdan pul almaq bir neçə mərhələdən ibarətdir. Əvvəlcə sosial şəbəkələrdə tanışlıq, əgər insan “tələyə düşərsə”, qız o zaman açıq üzlə şəklini qoyur ki, adam “tərpənsin” və pul göndərsin.
Məryəmin sözlərinə görə, bir neçə ay öncə o, sosial şəbəkədə naməlum şəxsdən məktub alıb. Gənc adam ona Suriyadan olduğunu yazıb. Yazışma başlayıb. Və bir müddət sonra o, qıza hər şeyi atıb yaraqlıların arasında yeni həyata başlamağı təklif edib.
– O, məni cəlb etməyə başladı: “Suriyaya gəlmək istərdiniz? Burada hər şey yaxşıdır”. Mən isə ona vəsaitimin olmadığını söylədim. O, mənə Kivi-pulqabıya 10 min atmağı təklif etdi, – şübhəli bilinən şəxs deyib.
Qız razılaşıb, pulları çıxardıqdan sonra isə yazışmaya son verib, öz səhifəsini yeni tanışı üçün bağlayıb. Ona köçmək haqqında təkliflər gəlirdi, “İslam Dövləti”nin daha iki üzvü Məryəmə 15 və 20 min pul köçürüblər. Qız isə əslində köçmək haqqında ciddi fikirləşərək, bilet almağı düşünüb. Amma tanışlarının başına gələn əhvalatlar onu fikrindən dönməyə vadar edib.
“Tanışlardan çoxları gedib, amma bunun axırı yaxşı bitməyib”, – qız bildirib.
Çeçenistanda Ekstremizmə qarşı Mübarizə Mərkəzinin əməkdaşları hər gün internetdə vəziyyəti monitorinq edirlər. İndi diqqəti yalnız ekstremist və terrorist qrupların fəallığına deyil, eləcə də həmvətənləri olan qızların səhifələrinə də yönəltmək lazım gəlir.
“E” mərkəzində deyirlər ki, saxta səhifələr yaradaraq yaraqlılarla ünsiyyət quran bir sıra şəxslər aşkar edilib. Onların arasında qadınlarla yanaşı, kişilər də var. Onlar virtual reallığın imkanlarından istifadə edərək özlərini cazibədar müsəlman qadını kimi təqdim edirlər. İndi onlar saxlanılıblar, xüsusi xidmətlər isə onların təqsirlərini sübut etmək üçün dəlillər axtarırlar.
İndi fırıldaqçıların özləri pulsuz qalmaq təhlükəsi qarşısındadırlar və bu, ən yaxşı halda belə olacaq. Belə fırıldaqçılıq üçün minimum cəza cərimə, maksimum isə 6 il müddətinə azadlıqdan məhrum olunmadır. Məryəm hələlik başqa bir yerə getməmək barədə iltizam altındadır, ona qarşı hələlik ittiham irəli sürülməyib, amma qız artıq özü hər şeyi polislərə etiraf edib. Artıq sosial şəbəkələrdə tanımadığı insanlara cavab verməməyə üstünlük verir.