Aprelin 25-də sonuncu görüşümüzdə onu çox üzgün, dalğın, sozalmış gördüm. Yanaşı oturmuşduq, bu cür situasiyalarda dilə gətirilən standart kəlmələrdən bir neçəsini təkrar edir, təsəlli verirdim.
Əvvəlcə onun üzgünlüyünə, dalğınlığına, xəstəhal görkəminə ayrı bir məna vermədim. Adam gənc qızını, övladını qucağına belə ala bilməmiş nakam ananı qara torpağa qoyub gəlmişdi, başqa nə cür olacaqdı ki…
Ancaq 3-4 dəqiqədən sonra məhkum qardaşım, həbsdən sırf qızının vaxtsız vəfatına görə buraxılmış Tofiq bəyin dərman içdiyini gördüm. O xəstəydi, 50 yaşın və məhbəs divarlarının yaratdığı mərəzlər ondan yan keçməmişdi.
Üstəlik, bu adam keçmiş döyüşçüdürsə, müharibənin od-alovundan keçibsə, neçə dəfə ölümün gözünə dik baxıbsa, yaş torpaqda sürünübsə, qucağında qanına bələnmiş əsgər yoldaşını daşıyıbsa, açıq havada gecələyibsə, döyüşdən sonra Maralgölün buzlu suyunda çimməyə vadar olubsa, bütün bunlar onun səhhətində öz təsirlərini nə vaxtsa göstərməliydi.
Ağzımızda müharibə, qan-qada, od alov deyirik, bu sanatoriya, kurort, tətil kəndlərində istirahət deyil.
O, bəlkə də ömründə heç vaxt, hətta icra hakimiyyəti başçısının birinci müavini olanda da uzun müddətli, iki həftəlik, bir aylıq istirahətə yollanmayıb. Ailəsini götürsün, yaşıl, sərin rayonlardan birinə getsin, isti dənizlərin sahilində narın qumda dincəlsinE Olmayıb. Bu adam özünü tanıyalı, biləli daima mübarizələrdə olub. 1988-ci ildən meydanlardadır. Həmin ilin noyabrında Azadlıq meydanında, ocaq başında ən çox gecə keçirən adamlardan olub. Bəlkə çiyninə adyal atmağı da özünə sığışdırmayıb. Sonra da müharibə meydanı, GoranboyE MurovE
Onun döyüş yolu, şəxsi şücaəti, rəşadəti barədə bir neçə dəfə yazmışam, indi təkrar etmək istəmirəm. Yalnız onu deyə bilərəm ki, bu ölkədə milli qəhrəman adını daşımağa ən çox haqqı çatan 10 hərbçimizdən biri məhz Tofiq Yaqubludur. Onun əli qanlı-qanlı yazdığı döyüş xatirələrini oxuyanda adamın tükü biz-biz durur.
Gəl gör ki, bu igid vətən oğlu (əslində onun vətəni Gürcüstandır, amma Tofiq bu xalqın, Azərbaycanın oğludur) bu gün məhbəsdədir, dörd divar arasındadır və daha pisi, səhhətində problemlər yaranıb.
Heç cür anlamaq olmur, nəyə görə bu şəxs günahsız yerə həbsdə yatmalıdır? “İsmayıllı işi” üzrə keçirilən saysız-hesabsız məhkəmə prosesləri işin bütün detallarını ortaya qoydu axı, Tofiq Yaqublunun heç bir günahının olmadığı sübut olundu axıE
Ona qarşı bu qədər mərhəmətsizliyin səbəbi nədir? Siyasi mübarizəsimi? Ondan başqa da partiya sədrlərinin müavinləri var və vaxtaşırı tənqidi ruhlu açıqlamalar verirlər.
Bəlkə qəzetimizdə dərc etdirdiyi publisistik yazılarına, felyetonlarına görə ona qarşı hiddət yumşalmır? Bu da ağlabatan deyil. Bu qəzetdə daha sərt yazılarla çıxış edənlər həmişə olub, yenə də var.
Hər dəfə əfv sərəncamı imzalananda, amnistiya elan olunanda onlarla, hətta yüzdən artıq sırf kriminal keçmişi olan, dinc insanların malına, mülkünə, həyatına qəsd etmiş canilər azadlığa buraxılır.
Yəni bir igid Qarabağ döyüşçüsü, son dərəcə vətənpərvər insan olan Tofiq Yaqublu o əfv olunan canilər qədər də olmadı?
İki ildən artıqdır yazırıq, onun necə bir vətəndaş, ziyalı olduğunu anladırıq, xidmətlərini sadalayırıq, bunlar da bir işə yaramır?
Ölkənin ən çox oxunan qəzet və saytlarının tanınmış imzaları olaraq bəzən tələb, bəzən xahiş edirik, yəni bizim sözümüzün heç bir dəyəri yoxdur?
Söhbət canını məmləkət, millət yolunda fəda etmiş bir insanın həyatından, sağlamlığından gedir.
Mən onu 20 ildən çoxdur tanıyıram, o, bu cəmiyyət üçün təhlükəli adam deyil, tam əksinə, cəmiyyətə fayda verən, nümunə olan bir insandır.
Belə işıqlı adamları məhbəsdə saxlayıb dustaq etmək, səhhətlərində geridönməz proseslərin başlanmasına rəvac vermək olmaz. Əli Kərimin oğlu Orxan məhbəsdən xəstə çıxdı və artıq həyatda yoxdur, yaxşı oldumu?
Siz ey səlahiyyətli insanlar, deyin, günahsız dustaqları buraxsınlar…
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.