“Söhbətin lap şirin vaxtı idi, sol səmtdən, döngədən bir şəxs çıxıb yeyin yeriyib kəndlilərin yanına gəlib, salam verib üzünü tutdu Məmmədhəsən əmiyə:
Məmmədhəsən əmi, tez oğlanı göndər, pəyədən eşşəyi çıxarsın, minəcəyəm şəhərə, nəçərnik istiyibdir”
(Mirzə Cəlil, “Danabaş kəndinin əhvalatları”)
Tomas Qolts adında bir hiyləgər ingilis var. Qədim nağıllarımızda padşahın qızını tovlayıb alan keçəllərə bənzər unikal bir görkəmin yiyəsidir. Neft sunamisi Abşeronu basan vaxtlarda o da üzə çıxmışdı, cürbəcür əndrəbadi proyektlər cızıb yapistlərdən pullar qopardırdı. Halal xoşu olsun, nə deyə bilərik. Malını yeməyənin malını yeyərlər. Neft pulları belənçik cürbəcür “tomasların” və “fantomasların” cibinə axanda Azərbaycan xalqı fil qulağında yatırdı.
Həmin Tomas müəllimin bir proyekti belə idi ki, Bakıda yekə neft çəlləyini 2-ci dünya savaşındakı alman faşistlərinin motosikletinin tam bənzəri olan bir motosikletə yükləyib qarlı dağlar aşaraq, çox ellər dolaşaraq Ceyhan limanına aparmışdı. Bununla guya neftimiz kəmərdən qabaq dünya bazarına çıxmışdı. İkinci layihəsi də bunun bənzəri idi, bu dəfə Tomas müəllim qaz balonunda “Şahdəniz” qazını Ərzurum şəhərinə qədər aparmışdı.
Yenə yazıram, əslində belə lotular neft şirəsinin başında həmişə olmuşdur, heç maraqlı da deyildi, sadəcə, bir-iki gün qabaq kədərli xəbər oxudum: Tomas müəllim həmin motosikleti ARDNŞ-in qayırdığı neft-qaz muzeyimizə təhvil vermişdir. Xəbəri oxuyanda hardansa rəhmətlik Baba Pünhan yadıma düşdü, elə bildim yenə gözəl şeirlərindən birini oxuyur: “Müxalifət mitinqə şor-çörəklə, Amma iqtidar kotletnən gedir. Bəşər gələn əsrə raketnən gedir, Bizimkilər motoskletnən gedir”.
Bəli, ey gidi dünya, ey badi-giriftar, ey dadi-bidad (Alim Qasımov demişkən), əgər Tomas Qolts öz matah motosikletini muzeyimizə veribsə, demək, neft-qaz sənayemizin çöküşü şübhəsizdir. Əks halda, o cür çörəkli maşını niyə verəsən? Bəd ayaqda Saatlı bazarında qarpız daşımaq olardı. Amma gəmi batanda onu birinci motosikletlilər tərk edir. Dalıyca durba çəkənlər, tanker sürənlər-zad gedəcəkdir, qarı nənə oyanıb görəcəkdir yenə həmin köhnə, dibi yırtıq təknənin yanında oturubdur. Bizə qalan elə Tomas müəllimin motosikleti olacaqdır. Rövnəq müəllimə deyin, motosikletin lyülkasından bərk-bərk yapışsın.
Analoqu olmayan iqtisadi böhranın başqa əlaməti baş nazirin birinci, ikinci, üçüncü müavini, bütün faciə, daşqın, zəlzələ komissiyalarının sədri, hər cür hətərən-pətərən sözlər üzrə Nazirlər Kabinetində məsul işçi Abid Şərifovun dilindən səslənmişdir. Abid müəllim deyir ki, millətimiz çox yatır, gərək hamı səhər saat 8-in yarısında iş yerində olsun. Guya belə olsa, iqtisadi səmərə artarmış.
Uca millətimiz, necə deyərlər, acından günorta durur, bunların kefinə bax… Ancaq niyə də olmasın? Abid müəllimlə tam eyni gündə Şimali Koreya Yapokratik Respublikasının ümummilli liderinin siyasi kursunun layiqli davamçısı Kim Conq İn (ya da Conq Un – sizin üçün nə fərqi var?) fərman imzalamışdır: hər bir uca koreyalı səhər saat 5-də işə getməlidir! Kommunizm quruculuğu xalqı daim ayıq-sayıq olmağa səsləyir. Bizim koreyalılardan nəyimiz artıqdır və ya əskikdir? Lazım gəlsə biz iş vaxtını beşin yarısından edərik. Hətta analoqu olmayan iqtisadiyyat tələb edirsə heç yatmayaq. Guya yatanda fərli yuxu görürük…
Məsələn, mən keçən həftə yuxuda gördüm ki, Leninqradda (məhz Leninqrad idi, yuxumda şəhərin adı hələ Sankt-Peterburq olmamışdı) Hadı Rəcəbli ilə əyləşib araq içirik. Hadı müəllim təkidlə çayda çimmək istədiyini deyir, mən isə mane olmağa çalışıram, ancaq bacarmıram. Hadı müəllim Neva çayına baş vurub elə ordaca batdı, mən də qorxumdan yuxudan oyandım, çünki fikirləşirdim Oqtay Əsədova nə cavab verəcəyəm.