“Kiprlilər qarşısında deyil…”.
Dünən Avropa Liqasının III təsnifat mərhələsinin oyununda “Apollon”un qapısına penaltini dəqiq yerinə yetirdikdən sonra etdiyi jestinə görə, “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov Azərbaycan azarkeşlərindən üzr istəyib.
Oxu.Az xəbər verir ki, buna baxmayaraq onun kiprlilərdən üzr istəmək niyyəti yoxdur.
“Penalti təyin edilənə qədər 20 dəqiqə “Apollon”un qapısı arxasında Azərbaycanın bayrağına baxdım, – Report.az-a verdiyi müsahibəsində Hüseynov bildirib. – Kipr azarkeşləri bayrağımızı yandırmağa çalışırdılar. Onlar onun bir hissəsini yandırmağa müvəffəq oldular. Sonra isə onu parçalayaraq asdılar. Bu, mənə pis təsir etdi. Mən özümü saxlaya bilmədim və penaltini vurduqdan sonra bu jesti göstərdim.
Mən bunu etməməliydim. Amma axı bu Azərbaycan bayrağı idi! Mən daha dözə bilmədim. Mən hiss etdiklərimi təsvir etmək iqtidarında deyiləm. Məni anlamaq üçün bu mühitdə olmaq lazımdır.
Yəqin ki, bu jesti bayrağı yandıran tamaşaçılara göstərsəydim məni daha yaxşı anlayardılar. Amma əsas mənim etirazımın nəzərə çarpmasıdır.
Özümü qəhrəman hiss etmirəm. Xahiş edirəm, bu hərəkət qəhrəmanlıq hesab edilməsin. Bu, baş verənlərə mənim reaksiyam idi.
Mən üzr istəmək istəyirəm. Kiprlilər qarşısında deyil, Azərbaycan azarkeşlərindən bu hərəkətə görə hər bir azərbaycanlıdan üzr istəyirəm. Amma demək istərdim ki, bu, 100 dəfə də təkrarlansa, mən 100 dəfənin hamısında eyni cür hərəkət edərdim”.