Və ya ziyanın yarısından qayıtmaq da xeyirdir…
Siyasi dustaqlarla bağlı pis xəbərlər gəlir. Başa düşürük, türmədən xoş xəbər gözləmək absurddur, insanlar orda istirahətdə deyillər. Söhbət günahsız yerə tutulanlardan gedəndə isə vəziyyət bir az da tündləşir, həyəcanlı durum yaranır. Niyə?
Çünki bir var, insan törətdiyi cinayətə görə haqlı cəzasını alsın və başını aşağı salıb sakitcə, səbirlə öz “srokunu” çəksin, azadlığa çıxan gününü gözləsin, bir də var qanunsuz tutulsun və cəza kəsiləndən sonra da sakit buraxılmasın, mütəmadi şəkildə mənəvi basqılara məruz qalsın.
Göstərilən iki halda insanın sinir sistemi təbii ki, fərqli durumda çalışır. Əsəb sistemi, xroniki sıxıntı, günahsız tutulmadan dolayı keçirilən stress, depressiya isə insanlın immun sisteminə bilavasitə təsir edən ən ciddi faktordur. Bura türmə həyatındakı ağır fiziki şəraiti, zəif qidalanmanı da əlavə etsək, mənzərə tamamlanar.
Bəlli olar ki, haqsız yerə həbs olunanların səhhəti, ovqatı, immuniteti, daxili tarazlığı digər – haqqına tutulanlarla müqayisədə ikiqat-üçqat risk altındadır. Müasir təbabət isə əksər xəstəliklərin, hətta bədxassəli şişlərin kökündə immunitet amilini qoyur…
***
Belə risk amilləri fonunda dünən Tofiq Yaqublunun səhhətinin pisləşməsi haqda yayılan xəbər əslinə qalsa, təəccüblü olmadı. Bilən bilir, Tofiq bəy uzun müddətdir astma xəstəliyindən əziyyət çəkir. Türmə şəraiti isə belə xəstələr üçün əsla yaşam yeri deyil. Üstəgəl, onun az öncə yaşadığı ailə faciəsi, gənc qızını itirməsi səhhəti üçün əlavə və daha ağır psixoloji yük demək olduğundan, dərdinin üstünə bir dərd də gəlib, immuniteti bir az da düşüb. Bir insan üçün – çox deyilmi?
Tofiq Yaqublunun vəziyyətinin pisləşməsinin ardınca REAL Hərəkatının həbsdəki sədri İlqar Məmmədovun hücuma məruz qaldığı haqda məlumat yayıldı. Bu haqda Azadlıq Radiosuna danışan REAL-ın icra katibi Natiq Cəfərli hadisənin iyulun 29-da axşam saatlarında baş verdiyini deyib.
Onun sözlərinə görə, dustaqlar həyətdə gəzərkən bir nəfər İlqar Məmmədova hücum edib, ona bir neçə zərbə endirib, ölkədə vəziyyətin yaxşı olduğunu, niyə İlqar Məmmədovun bununla razılaşmadığını soruşub. İlqar bəy də bunun təxribat olduğunu anlayıb. Natiq Cəfərli onu da bildirib ki, İlqar Məmmədova qarşı edilən təzyiqlər aylardır davam edir və əsas məqsəd ona zorla əfv ərizəsi yazdırmaqdır.
Bu da sizə azadlığı tələb edilən siyasi dustaqların adi dustaqlardan başqa bir mühüm fərqi – məlum olur ki, onlar həm də əfv ərizəsi ilə bağlı mənəvi basqı altındadır. Eləcə də Yadigar Sadıqov, İntiqam Əliyev və digərləri böyük ehtimalla, eyni təhdidlərlə üz-üzədir.
Doğrudur, ərizə ilə bağlı basqılar bir yandan onun göstəricisidir ki, hakimiyyət hər halda siyasi məhbusları azad eləməli olduğunu anlayır. Di gəl ki, onu reallaşdırmağın qeyri-məqbul bir yolu seçilib – zorla etiraf yazdırmaq.
Belə baxanda qınamaq olmur. Ona görə ki, zorla əfv müraciəti yazdırma üsulu indiyədək dəfələrlə iqtidara uğur gətirib, onun işinə yarayıb. Fəqət, bu, heç də o anlama gəlmir ki, belə metod həmişə keçərli olacaq.
Hər halda, Tofiq Yaqubluya, İlqar Məmmədova, Yadigar Sadıqlıya bu cür müraciət-xahişlər yazdırmaq qeyri-mümkündür və gərək ki, bunu “yuxarılarda” da başa düşsünlər.
***
O da aydındır ki, hakimiyyət siyasi dustaqları “elə-belə” buraxmaqla öz imicinə xələl gəlməsindən ehtiyatlanır. Yəni o halda bu – insanları əsassız yerə tutduqlarının etirafı demək olardı. Bəs onda necə olsun? Günahsız adamlar, Qarabağ uğrunda təmənnasız döyüşmüş veteranlar, ziyalılar zindanda çürüsünlər? Hansı əsrdir indi?
Amma çıxış yolu var: bu da ondan qaynaqlanır ki, siyasi məhbusları içəridə saxlamaqla hakimiyyətin nüfuzuna daha çox xələl gəlir, nəinki onları ərizəsiz-filnasız azad eləmək. Yəni ziyanın yarısından qayıtmaq məsələsi.
5-6 nəfərə görə az qala iki ildir iqtidar beləcə, sivil dünya qarşısında danlaq yiyəsidir, iki ildir bu süni problemə görə başı ağrıyır, ABŞ-la Avropa ilə, nüfuzlu beynəlxalq təşkilatlarla üz-gözdür, arada ölkənin imici də gedir, hətta beynəlxalq erməni lobbisi bu məsələdən əleyhimizə məharətlə istifadə edir.
Bəlkə zorla əfv ərizəsi yazdırmaq kimi perspektiv məşğuliyyətdənsə, elə bir əfv qərarı verilsin və bununla da hamı – hakimiyyət də, beynəlxalq qurumlar da, siyasi məhbuslar və onların doğmaları da bu yükdən qurtulsun? Ən əsası, ermənilərin bəhanəsi kəsilsin!
Nə deyirsiz?