Zəhmətkeşlərimiz mənə həddindən çox etimad göstərirlər, bəzən buna görə xəcalət çəkirəm. Çünki onların arzularına, istəklərinə uyğun ola bilmirəm. Məşhur məsəldə deyilən kimi, hamımıza çətindir, mərhumə üçün lap çətindir.
Yeri gəlmişkən, bu məsəlin necə yarandığını mənə jurnalist Xədicə İsmayıl danışıb. Yadımda qalan belədir ki, 30-cu illər repressiyasının qızğın vaxtlarında camaat bir yas mərasimində tanınmış aktyor Mirzəağa Əliyevin başına toplaşır, deyirlər, Mirzəağa müəllim, sən görkəmli insansan, hökumətlə də yaxınsan, bəlkə deyəsən bu camaata niyə zülüm eləyirlər, niyə günahsız insanları tutub güllələyir, Sibirə yola salırlar və sairə. Mirzəağa müəllim ətrafa baxır, görür ki, burda azı hər dörd adamdan üçü NKVD (sovet DİN və MTN-i) işverənidir. Həqiqəti desə, atasını yandıracaqlar, deməsə, camaat pis baxacaq. Ona görə də bu cümləni deyir: “Hamımız üçün çətindir, mərhumə üçün lap çətindir”.
İndi bax, misal üçün, daimi oxucularımızdan hörmətli Vasif Həsənov yazıb tələb edir ki, nə üçün bizdə hələ Selfiyyə Nazirliyi yaradılmayıbdır, axı az qala hər kəsin cənab prezidentlə selfi şəkli vardır.
Doğrudan da insanlar prezidentlə selfi şəkil çəkdirəndən sonra işlərində qabağa gedirlər. Bəziləri həmin şəkli maşının içindən asır, nəticədə maşın qəzalardan qurtulur, yol polisi bəlasından uzaq olur.
Elə adam var o şəkili kabinetində dörd divardan asıb kənar fiziki və yad qüvvələrdən, İŞİD və ABŞ-ın mənfi təsirlərindən qorunur. Yəni ali baş komandanla çəkilən selfi Səhiyyə Nazirliyindən güclüdürsə, nə üçün bizdə Selfiyyə Nazirliyi də olmasın?
Lakin bu nazirliyi qayırmaq mənim səlahiyyətlərim çərçivəsində deyildir. Mən, ümumiyyətlə, heç bir nazirlik qayıra bilmərəm, sizin kimi sadə xalqın oğluyam, hətta bəzən cibimdə Kefli İsgəndərin hirsli vaxtı cibindən çıxardığı araq butulkası da olmur.
Bax, təzəlikcə bir deputat qırığı gömrük idarəmiz haqda nəsə pis söz qırıldatmışdı, bundan sonra onun qardaşının xoruzunu qoltuğuna verib idarədən bayıra atdılar. Olan şeydir, bizə xaricdən tənqid yazanın burda nəslini tuturlar, hələ bu yaxşı qurtarıb. Bəs mənim diqqətimi nə cəlb elədi? İdarənin adı! Deputatın qardaşı Dövlət Gömrük Komitəsinin Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin rəisi işləyirmiş!
Nə qəşəng idarədir. Gərək Narxoz-un toz basmış diplomunu tapım, mən də Araz Çayının Dərəsində Azərbaycan Respublikasının Qoyunlarını Otarma Baş İdarəsinə baş çobanın birinci müavini vəzifəsinə özümü düzəldim. Bu saat mətbuata şiddətli qayğı var, bəlkə bizə də vəzifə verdilər.
Yaxud bir gün elektron poçtumu açıram, açmağımla da peşman oluram. Görürəm, bəlkə yalan olmasın, on səkkiz oxucu eyni məzmunda məktub yazıbdır. Hamısı da məktuba bir xəbərin linkini yapışdırıbdır, xəbərdə deyilir “kın” (vitse-skiper Arif Rəhimzadə demiş) Azərbaycanda eşşəklərin sayı azalıbdır. Hətta dəqiq olsun, şübhəm yaranmasın deyə statistikanı da qoyublar, ordan belə məlum olur kın, ötən ilin müvafiq dövründə respublika ərazisində eşşəklərin sayı 3400 nəfər azalmışdır, filan ayda 40 min eşşək qeydə alınmışdır, keçən ay 7,9 faiz eşşək soncuqlayırdısa, hazırda adambaşına düşən və şəhərimizin park və meydanlarında ağnayan eşşəklər 5,3 faiz olmuşdur və sairə. Bütün məktublara bir boz eşşəyin şəkli də birləşdirilibdir, bu eşşək başını aşağı salıb elə asudə şəkildə yaşıl otları qırpır, adam lap həsəd aparır.
İndi mən bu oxuculara nə cavab yazım? Eşşəklərin sayının azalmasının mənə nə istisi-soyuğu? Azalıbsa, lap belə əcəb eləyib. Artıbsa, cəhənnəmə artsın. Mən bəyəm hər eşşəkdən yazmağa borcluyam? Ümumiyyətlə, haçana qədər eşşəklərdən yazacağıq? Qətiyyən lazım deyil. Ölkəmiz bu dərəcədə inkişaf edir, ancaq bunları eşşəklərin statistikası düşündürür. Birdəfəlik yadda saxlayın, bu eşşək mövzusunun eşşəyi çoxdan ölüb. Eşşək hərtərəfli şəkildə araşdırılıb, quyruğunun ucundan gözəl gözlərinə, itməkliyindən anqırmağına qədər analiz edilib, görkəmli ekspertlərimizin bu mövzularda mükəmməl elmi araşdırmaları vardır. AMEA biologiya bölməsində ayrıca “equus asinus” kafedrası yaradılmışdır. (Eşşəyin latınca elmi adı belədir). Kimin sualı varsa, ora yazsın, məni eşşəklər maraqlandırmır.
Canavar mövzusunda sualınız varsa, bu başqa məsələ…