“Gözümü dünyaya açanda ilkin”, əlbəttə ki, dərhal ana vətən, doğma torpaq haqqında sözlər, şeirlər əzbərləyəsi halda deyildim, bunlar sonra oldu, hətta “dərsə gedən bir uşaq” olub, “buz üstə qoçaq” çıxandan çox-çox sonra.
Ona qədər “pişiyim ala boyundur”, “ay canı məstan xoruz”, “Ala-bula boz keçi, ay qoşa buynuz keçi” kimi şeirlərin misralarını əzbərlədik, “cütçü sürür tarlada cüt şur ilə”ni oxuduq. “Dörd ay vardı ananın gözləri yol çəkirdi”yə gələndə artıq ana vətən haqda şeirləri də bilirdik, bilirdik ki, Azərbaycan adlı yurdumuz, yuvamız, məskənimiz var və el bilir ki, o bizimdir. Onu da bilirdik ki, buruqları göy sinəsində qatar-qatardır, ağ pambıqlı göy tarlalar da nə qədər desən.
Əvvəlcə bizə Kür qırağının əcəb seyrangahı olduğundan bəhs edən, xumar-xumar baxmağın göz, lalə tək qızarmağın üz qaydası olduğunu başa salan şairin axırda gəlib lazım bildiyi insntansiyalara, konkret olaraq şair dostuna, “Ey Vidadi, gərdişi-dövrani kəcrəftarə bax” deyə şikayət ünvanlamasını dövrün ictimai-siyasi həyatındakı neqativ hallara bağlamaqdaykən, məlum oldu ki, bu tərəfdə “Eşqdir mehrabı uca göylərin” söhbəti də var, üstəlik, Füzuli də rindü-şeydadır.
Amma o dövrlər eləydi ki, yeniyetməni eşqin göylərində çox uçmağa qoymurdular, deyirdilər, uşaq uçub uzağa gedər, ona görə də başa salırdılar ki, məcnunluqdan bir şey çıxmaz, bizim adımız əmək olmalıdır və əməksiz bir gün də yaşamamalıyıq. Allah tərəfi, əmək də adamı ucaldırdı, deputat, qəhrəman edirdi. Təbii ki, burda hakim partiyanın da böyük rolu varıydı. Bu üzdən biz bəşərin vicdanının, eşqinin, ürəyinin, fikrinin, zehninin, diləyinin partiyamız olduğu barədə şeirlər də əzbərləyirdik.
Bir az da böyüdük, həyatımızın şeirləri dəyişdi, başa düşdük ki, bəzi istedadlı şairləri uzun yaşamağa qoymayıblar, “Həqq mənəm, həqq məndədir, həqq söylərəm” deyən Nəsimini o dövrlərin İŞİD-inə qarşı çıxdığı üçün cəzalandırıblar, “Yenə o bağ olaydı, yenə yığışaraq siz o bağa köçəydiniz” deyə romantik arzulara dalan Müşviqi yaxşı şeirlər yazdığına görə güdaza veriblər və sair.
Biz ustad Şəhriyarın “Heydərbaba, gələmmədim gec oldu” kimi kövrək misralarını oxuyanda Heydər Əliyevin birinci hakimiyyət dönəmiydi, hələ Moskvaya getməmişdi, amma artıq gec idi, Şəhriyar yaşlaşmışdı, Arazın bu tayına gələsi durumda deyildi.
Əvəzində yeni şairlər çıxmışdı və biz onların “Qayğısız anlarımız, qayğılı anlarımız bir salama dəymədi?”, “Bir taleyin oyununda cütlənmiş zərik”, “Getmək istəyirsən, bəhanəsiz get”, “Unudulacaq bütün sevdalar”, “Bu dünyanın qara daşı göyərməz”, “Yenə bu şəhərdə üz-üzə gəldik”, “Bəlkə bu yerlərə bir də gəlmədim”, “Dağların başına düşən qardımı, dumandan xəbərsiz, çəndən xəbərsiz” və sair bu kimi misraların yer aldığı şeirlər oxuyur, əzbərləyir, sevirdik.
Nəhayət, bu günlərə gəldik. Salam Sarvanın şedevr misralarını oxumadıq, Qulu Ağsəsin adamı şapalaq kimi tutan şeirlərini əzbərləmədik, o biri istedadlı şairlərin adını belə öyrənmədik, bir də gördük, bay, hamımız Elzadan danışırıq, onun şeylərini (onun yazdıqlarına şeir desəm, şair Sədi Fətəlizadə gecə yuxuma girər, “utanmırsanmı” deyə ritorik sual verər) dərc edirik.
O da bu cür yazır: “Qalmışam yana-yana, mat qalmışam, mat… Yamanca zad qalmışam, zad!!!”, “Soxasoxdur, sizə yoxdur”.
Axırıncı dəfə onun özünə də şeir yazıblar, xanımı vəsf ediblər, sənətkar adlandırıblar. O da inanır ki, çox yaxşı şeylər yazır və müasir şeir məhz belə olmalıdır.
Bir müddət müğənni xanımın şeyləri saytlara yaxşı tiraj gətirirdi, hamı sayta girib oxuyurdu ki, görsün, Elza xanım bu dəfə necə bir şedevr ərsəyə gətirib. Saytlar da döşənib o şeyləri tirajlayırdı.
O gün məlum oldu ki, artıq onun yazdıqları ilə maraqlananlar xeyli azalıb, indi camaat şeir hayında deyil, müharibə-filanla maraqlanır, ondan bəhs edən xəbərləri oxuyur.
Bu münasibətlə hamınızı təbrik edirəm, şeirsevər dostlar. Nəhayət, müharibə də bir işə yaradı, poeziyanı xilas etdi.