Bu, çoxdan isbat olunub, biz Roma papasından artıq katolik ola bilirik. Hətta Suriyada döyüşənlərin sayı göstərdi ki, yerə gələndə biz Üç Ocağın Sahibindən, Səudiyyə kralından artıq vəhhabi də oluruq.
Fransa aristokratiyasını pəs etdirəcək kübarlığımız da var. Məsələn, bu saat burdan məktub yazıb Obamaya “sən” deyə müraciət edə bilərsən, amma eyni xitabı öz ölkəndə sovet dövrünün “Təşviqatçı” jurnalı boyda kitabı çıxmış bir yazara eləsən, səni sosial şəbəkədə dostluğunqdan çıxarar. And içə bilərəm ki, hər gün yüzlərlə adam “sən” xitabına görə bloka atılır. Yəni bu dərəcədə kübarlıq var bizdə. Bukinhem sarayının əyanları qədər.
Öz ölkəmizin qayda-qanunlarına riayət etmədiyimizə baxmayın, beynəlxalq nəzakət qaydalarına, etiket və protokol tələblərinə bizdən çox riayət edən tapılmaz. Bəşəri dəyərlərə hörmətin xası bizdə, liberal prinsiplərin ən qatı daşıyıcıları bizdə, cinsi, milli, irqi azlıqlara hörmətin dönməz dəstəkçiləri bizdə və s.
Bax, o üzdəndir ki, Kiprdə futbol oynayarkən, penalti vurandan sonra qolunu qulaclayan Cavid kapitanı bu saat öz ölkəmizdə daha çox tənqid edirlər, nəinki Kiprdə. Çünki kapitan guya ki, idman centlmenliyi qaydalarını pozub.
Sanasan, Cavid balta götürüb baş yarıb, ya da Breyvik kimi 77 adamı bir dizə qətlə yetirib.
Neyləyib kapitan? Heç nə. Qol vurub və səhərdən bəri beynini xarab edənlərə qolunu göstərib, vəssalam. Düz adamsınızsa, niyə pis yozursunuz?
Artistliyin lüzumu yoxdur, onun yerində olsaq, ondan da betər edərdik. Bunu hamıya aid etmək olmaz, amma canında qeyrəti olan hər kəs elə edərdi. Ona qalsa, elə adamlar var ki, o vaxt Budapeştdə heç nə eləməzdi, axıra qədər Qurgenin təhqirlərini peysərə verib qayıdardı ölkəsinə, gedib təzə əsgərliyə gələnlərin üstünə şeşələnər, başlarına vurub əllərindən konturlarını alardı.
Mən həmin oyuna baxırdım. Doğrusu, yunan azarkeşlərin cığallığı məni də hiddətləndirmişdi. Zalım balaları dil boğaza qoymurdular, hakim ”Qəbələ”nin xeyrinə düdük çalan kimi, qışqırışırdılar, söyürdülər, fıştırıqlayırdılar. Olurdu ki, “Apollon”unun oyunçusu bizimkini vurub şikəst edirdi, hakim oyunu saxlamağına peşman olurdu: söyüş, fit, qışqır-bağır. Nə olub, adə? Bu da 1974-cü il deyil ki, özünüz türkləri basıb qırasınız, Türkiyə ordusu qırılanları müdafiəyə gələndə tumanı çəkəsiniz başınıza.
Ermənilərin adı çıxıb, dostlar, Kipr yunanları onlardan da betər cığal, həyasız və əsəbidirlər. Düzdür, millət vahid orqanizm olmadığı üçün bütöv millət haqqında elə demək olmaz, bu liberal dəyərlərə də ziddir, amma həqiqət bundan ibarətdir ki, Kipr yunanlarının içində cığal, həyasız, sital, hikkəli adamların xüsusi çəkisi, məsələn, hollandların, finlərin, çexlərin eyni tip adamlarının xüsusi çəkisindən azı iki dəfə ağırdır.
Ona görə də Cavidi heç kəs qınamasın. Yazıq özü də deyir ki, o atmosferdə olsaydınız məni yaxşı başa düşərdiniz.
Sağlığınıza, iyulun 30-da həmin atmosfer televizordan axıb Azərbaycandakı evlərə tökülürdü. Görürdük, yunan azarkeşlər nə pəstəha çıxarır və bizim uşaqlar necə mətanətlə, qeyrətlə döyüşür. Hələ milli bayrağımızın cırılması məsələsini qoyuram qırağa.
Ümumiyyətlə deyim ki, futbolda ən zəhləm gedən şey azarkeş dəstəyi ilə, “doğma divralar” amili ilə qazanılan qələbədir. Ay “azarkeşlər 12-ci oyunçudur”-zad. Adama deyərlər, rəhmətliyin nəvələri, başqa vaxt sağlam rəqabətdən, idman ədalətindən danışırsınız, amma işinizə gələndə meydana 12 oyunçu ilə çıxırsınız?
Qoy hər şey düznəqulu olsun, güclü olan, yaxşı oynayan qalib gəlsin. Yoxsa rəqibi fıştırıqlayıb pisikdirəcəyik, Türkiyədən əxz etdiyimiz “yuuuh!” nidası ilə karıxdıracağıq, o da topu qapıçıya ötürdüyü yerdə səhv edəcək, bizimki də topu qapıb qapıya vuracaq, qol olacaq, biz də fəxr edəcəyik ki, yaxşı oynayırıq? Belə futbolu olmaz olsun. Bunun adı “evdə xoruzluq, çöldə toyuqluq”dur.
Bax, iyulun 30-da Kipr yunanları elə etmək istəyirdi, alınmadı, əvəzində Caviddən qapılarında və qarşılarında qol gördülər. Özü də ikinci qolda dirsək də görünürdü.
Gəlin biz avqustun 6-da yunanlar kimi eləməyək, nə rəqibi yuhalamayaq, nə fıştırığa basmayaq, qoyaq, oynasınlar. Onların cavabını Cavid Larnakada verdi, məsələ bitdi.
Unutmayaq ki, biz yeri gələndə Roma papasından artıq katolik ola, hətta dünyanın ən qədim xalqlarından birinə mədəniyyət göstərə bilərik.