Emin Millinin qohumlarının xüsusi müraciət hazırlayaraq, bir-bir imzalayaraq, ondan imtina etməsi hadisəsi əslində rəzalətdir. Belə şeylər ötən əsrin birinci yarısında tüğyan edən repressiya illərində olub, amma o da yəqin ki, bu şiddətdə olmayıb, uzağı, bir neçə ailə üzvünün “xalq düşməni”ndən imtina etmələrinə dair ifadələr alınıb.
Burada isə 20-dən artıq qohum bir müraciətlə, bir hərəkətlə nəslin ən tanınmış, parlamış nümayəndəsindən imtina edir. Mənəvi deqradasiyanın nəticəsidir bu.
Ən pisi odur ki, onlar öz qohumlarından imtina etməklə kifayətlənmirlər, bunu ictimailəşdirmək xətti götürürlər, istəyirlər onların bu addımını ölkə rəhbərliyi, ictimaiyyət və mətbuat da bilsin.
Onları buna vadar edən səbəblər var, əlbəttə. Başlıcası, dolanışıq, güzəran, çörək, baş salamatlığı…
Təbii ki, Emin Millinin qohumları bu addımı ürəkdən, istəyərək, gerçəkdən də Eminə nifrət edərək atmayıblar. Onlar buna məcbur ediliblər və müqavimət göstərməyiblər.
Əvvəllər belə deyildi. Bu kimi təşəbbüslərə müqavimət göstərənlər vardı.
Əslində bu hakimiyyətin adamları repressiya etmək istədikləri şəxslərə qarşı həmişə bu fənddən istifadə ediblər, onların əlində işi-gücü olan qohum-əqrəbasını incidib, onlardan lazımi ifadələr almağa çalışıblar.
Məsələn, bu sətirlərin müəllifi də vaxtilə bənzər davranışa məruz qalıb. Bu hadisə 2001-ci ilin axırlarında olub.
Yaddaşı iti oxucular xatırlayar ki, o zaman gözlənilmədən (həmişə yazdığım yazılardan biri sarayda qəzəb doğurmuşdu) ciddi təqib-təzyiqlərə məruz qaldım. Kim harada necə sifariş vermişdisə, ailə üzvlərimə, hətta uzaq qohumlarıma da təzyiq edirdilər. Rayonumuzun icra hakimiyyəti başçısı Nəbi Muxtarov (lənətullah) atamı və əmimi icra hakimiyyətinin administrasiyasına çağıraraq, onlara deyib ki, yaranmış situasiyadan çıxmaq üçün ən yaxşısı AzTV-nın çəkiliş qrupunun rayona dəvət edilməsi və sizin çıxış edərək Xalid Kazımlıdan imtina etməyiniz olar.
O zaman əlində vəzifəsi olan əmim də İH başçısının bu təklifi ilə razılaşmayıb, atam da sərt cavab verib. Atam deyib ki, o, imtina ediləsi oğul deyil, camaat onunla fəxr edir.
Beləliklə, nə AzTV-nin çəkiliş qrupu rayona gələsi olub, nə də kimsə yazılı mətn hazırlamağa cəhd göstərib.
Yadıma düşür ki, o zaman qəzetlərə verdiyim açıqlamada ailəmə təzyiq edənlər barədə ağır ifadə işlətmişdim və göründüyü kimi, o rəzil təklifi hələ də unutmamışam.
Dediyim odur ki, müqavimət göstərməyəndə, susqun qalanda əlində vəzifəsi, səlahiyyəti olan şəxslər daha da qabağa gedir, adamı belə rəzil durumlara salmağa çalışırlar. Adam ya qohumundan, ya da çörəyindən imtina etmək seçimi qarşısında qalanda çörəyi seçməli olur.
Digər qohumlar isə məcburiyyət üzündən onsuz da adamdan imtina etmiş olurlar. Sadəcə, onlar bunu yazılı şəkildə etmirlər, şifahi olaraq deyirlər ki, həmin şəxslə heç bir ünsiyyətləri yoxdur, heç toyuna, yasına da getmirlər, hətta “uşaq vaxtı gördüyümdür”, “o kim, biz kim, heç o bizim nəsildən deyil, soyadımızın eyniliyinə baxmayın” deyənlər də olur.
Seçim qarşısında qoyulan şəxslərin vəzifəsi nə qədər yüksəkdirsə, onun imtinası o qədər şiddətli, bariz, səs-küylü olur.
Ancaq itirməyə girli bir vəzifəsi olmayan şəxslərin belə bir addım atmasının da sadə bir izahı var. Burada təkcə çörək amili yoxdur, eyni zamanda təhlükəsizlik məsələsi də var. Onlar ailənin gənc üzvlərindən bir neçəsinin dolaşdırılıb tutulacağından qorxurlar. Görünür, hər kəsin qorxacaq bir yeri var və hakimiyyət qırğıları bu “zəif daban”ları yaxşı bilirlər.
Fəal siyasətlə, tənqidi jurnalistika ilə məşğul olanların yeganə çıxış yolu odur ki, özləri qohumlarından imtina etsinlər və bunu ictimailəşdirsinlər. Məsələn bu cür: mən, filankəs bəyan edirəm ki, qohumlarımdan imtina edirəm və onların başına hansı oyunların gətiriləcəyi vecimə də deyil, gedin nə istəyirsiniz, edin, o onlar, o da siz.
Bəlkə onda bəziləri başa düşərlər ki, adamları qohumla şantaj etmək effektsiz üsuldur.
P.S. Sosial şəbəkədəki paylaşımlardan bəlli olur ki, bir çox üzdə olan şəxslərin qohumları əslində onlardan imtina ediblər, xeyirdə-şərdə üz-üzə gələndə salamlaşmaqdan, söhbətləşməkdən, şəkil çəkdirməkdən çəkinirlər, ünsiyyətdən qaçırlar və s. Bunlar elə adamlardır ki, hakimiyyət dəyişikliyi olardısa, adamın qapısının ağzında yatar, salam vermək üçün növbəyə durardılar.