“Ancaq bilirsinizmi mən gec-tez nəyə nail olacağam? – keçmiş çeşidləyici gözlərini hiyləgərliklə qıyıb davam elədi. – Mən mütləq İsveç Qütb Ulduzunu alacağam. Belə orden var, dəyərli şeydir. Ağ xaç, qara lentdir. Çox gözəldir”
(Anton Çexov, “6 saylı palata”)
Sovet dövründə hansısa idarədə işə girmək, yaxud ümumiyyətlə tərcümeyi-hal yazmaq lazım gələndə mütləq xaricdə qohumunun olub-olmadığını da göstərməliydin. Bunu hökumətdən, “KQB”dən gizlətmək ağır nəticələr verə bilərdi və xaricdə qohumu yaşayan insan SSRİ üçün bir növ etibarsız insanlar kateqoriyasında idi.
İndi jurnalist, meydan.tv saytının yaradıcısı Emin Millinin qohumlarının başına gələnlər bunun tam eynisidir. Emin Milli siyasi dustaq olub, mühacirət edib, amma qohumları burdadır. Onun Avropadan yazdığı tənqidlərə görə artıq bir qaynını “cibinə nəşə atıb” tutublar. Bunu görən başqa qohumlar (cəmi 23 nəfər) necə qorxublarsa prezidentə müraciət yazıblar, Emin Milli ilə qohumluqdan imtina ediblər. Yazıblar bu adam öz ölkəsini bəyənməyən yaramazdır, onu pisləyirik, gərək qalıb burda zülm çəkəydi və sairə.
Zarafatsız, bu məktub yapistlərin siyasətini ifşa edən önəmli bir sənəddir. O qohumlara eşq olsun, yaxşı yazıblar. Ölkədəki repressiyanı, həmçinin qohumbazlıq siyasətini bundan yaxşı ifşa eləmək mümkün deyil. Nəinki oğul ataya cavabdehdir, bizdə adamın müxalif fikrinə görə hətta əmisi gəlini də incidilə bilər! İnanmırsınızsa müraciəti tapıb oxuyun. Orda imza atanlardan ikisi özlərini Emin Millinin “əmisi gəlini” kimi təqdim ediblər.
Xarici İşlər Nazirliyimizin ABŞ Dövlət Departamentinə “gedin öz dərdinizi çəkin, bizdə demokratiya və insan haqları fışqırır” məzmunlu etiraz notası ilə eyni vaxtda belə “qahım etirazlarının” ortaya çıxması ironikdir. Yaxşı olar qohum kollektivləri arasında belə iclaslar tez-tez qayırılsın, yerə müxalif mühacirin şəkli sərilsin, sonra qohumlar o şəkli oxlasın. Ya da kütləvi tüpürsünlər. (Fantaziyaya və qohumun iqtidara elədiyi pisliyin miqyasına baxır).
Bəzi dostlar isə heyrətə gəlir, deyirlər hökumət neyləmək istəyir, bu qədər də olarmı və sairə. Bilmirəm uca millətimiz niyə belənçik optimistdir, nəyə ümid edirmiş. Sən otur evində, halva-halva de, ağzın şirinləşsin. Bostana xiyar toxumu səpmisənsə, orda armud bitə bilməz. Yaxud ola bilməz ki, insan minsin 67 saylı avtobusa, axırda gəlib Biləcəriyə yox, Parisə çıxsın. Məntiq, prinsip etibarıyla əslində çıxa da bilər – Yer kürə şəklindədir. Amma avtobusun marşrutu var. 20 qəpik vermisən. Supdan əski qırığı çıxması lətifəsindəki kimi. Biri yemək yeyəndə görür supun içində cındır parçası var. Ofisiantı çağırır, deyir bu nədir. Ofisiant deyir: “1 manat vermisən, bəlkə istəyirdin supdan atlas parça çıxsın?”.
Başqa örnəklər də çəkim, özün görərsən necə ağlamalı vəziyyətdəyik.
Prezident müşavirə keçirmişdi, ondan sonra AZAL guya uçaq biletlərini ucuz elədi. Əslində heç bir ucuzlaşma yoxdur, bu haqda çoxlu yazılıb, araşdırmalar var. Amma ən karikatur olanı bilirsinizmi nədir? Uçaq biletlərinin ucuzlaşmasından ən çox razılıq, yaltaqlıq edənlər ömründə heç bir yana uçmayan adamlardır! Reallıqda uçanlar razı qalmalıdır, amma onlar qiymətləri görürlər, yenə AZAL-ı söyürlər. Uçmayanlar isə dövlət başçısına minnətdarlıq məktubu yazır.
Eyni şey dərman qiymətlərinin guya sentyabrdan ucuzlaşması yönündə baş verir. Tarif Şurası bəzi dərmanların təzə qiymətlərini açıqlayıb. Ömrü boyu dərman üzü görməyən boynuyoğunlar isə tədbiri alqışlayırlar.
Orduda vəziyyəti tənqid edirsən, üstünə ən çox gələnlər fərarilər olur. Gömrükdə rüşvətdən danışırsan, heç vaxt sərhədi keçməyənlər səni söyürlər. Avtobus sürücüsünə deyirsən yaxşı sür, salondakı sərnişinlər sənə qarşı mırıldaşır. Müəllimi tənqid edirsən, ən çox rüşvət verən valideyn sinəsini qabağa verir.
Mövzu SSRİ ilə başlayıb, onunla da qapanır. Boris Pasternakın cəmi bir romanı olub: “Doktor Jivaqo”. Romanı birtəhər xaricə ötürüb, 1958-ci ildə bu gözəl əsərə görə Nobel ödülü alıb. Amma SSRİ romanı bəyənməyib, bu üzdən yazıçıya qarşı axmaq çıxışlar başlanıb. O çıxışların demək olar hamısında bu sözlər varmış: “Oxumamışam, ancaq pisləyirəm…”