Bu gün onsuz da bu mövzuda yazacaqdım, aşağıda sizə təqdim etdiyim elan lap yerinə düşdü.
Sosial şəbəkədə yayılmış reklam xarakterli elan belədir (hərfinə, nöqtəsinə, vergülünə toxunulmayıb):
“TQDK imtahanında keçid balını keçə bilməyənlərə şad xəbər.
Attestatınızla birlikdə bizim mərkəzə yaxınlaşaraq lazım olan sənədləri təqdim edin. Və bakalavr təhsilinizi Türkiyədə davam etdirin. Türkiyənin 30-dan artıq Dövlət Universiteti sizi qəbul edir. İqtisadiyyat, turizm, mühəndislik, tibb, menecment, hüquq və s. ixtisaslar üzrə təhsil ala bilərsiniz. Yataqxana və universitetə qeydiyyat xidmətləri Bizim Təhsil Mərkəzi tərəfindən həyata keçirilir.
Qeydiyyatı üçün lazım olan sənədlər
1) Attestat
2) Şəxsiyyət vəsiqəsi
3) Şəkil 6 ədəd…”
İndi siz təsəvvür edin, bu iş baş tutsa, yəni elanda yazılanlar düz olsa, “TQDK-nın imtahanında keçid balını keçə bilməyənlər” xaricdə təhsil alaraq ölkəmizə mühəndis, iqtisadçı, hüquqçu kimi dönəcəklər. Bu məsələyə sonra dönərik.
İndilikdə ondan bəhs edək ki, bu, sadəcə, fırıldaqdır. Fəndgir və işbaz adamlar övladına nəyin bahasına olursa-olsun ali təhsil vermək istəyən valideynlərə kələk gəlib külli miqdarda pul-paralarını çırpışdırır, aradan çıxırlar. Onlar hətta abituriyentə nəfis tərtibatda işlənmiş, qaytanlı, surğuclu, imzalı, möhürlü qəbul kağızı təqdim edirlər. Ancaq “tələbə” təhsil müəssisəsinə yola düşmək günü gələndə məlum olur ki, lələ köçüb, yurdu qalıb.
Üç il öncə qonşumun başına belə bir iş gəlmişdi. Onun məzun oğlu TQDK-nın imtahanında keçid balını keçə bilməmişdi, “sürüşdürmüşdü”, axır ki, 170 civarında bal toplamışdı. Zəhmətkeş valideynlər onun təhsil almasını çox istəyirdilər, hansısa texnikuma düzəltmək istəyəndə bu cür bir elan görmüşdülər. Beləcə, tək oğullarının Bursa Dövlət Universitetinin tələbəsi olması üçün 5 manatından keçən zəhmətkeş ata vədə günü oğlunu Türkiyəyə yola salmaq istəyəndə şok keçirmişdilər. Təyin olunan ünvanda aldadılmış valideynlərdən və gənc tələbələrdən başqa heç kəs yox imiş. Fırıldaqçılar qaçıb aradan çıxmışdılar. 50-dən artıq “tələbə” isə diyircəkli çamadanları ilə küçənin ortasında qalaraq, aldandıqlarını anlamışdılar.
Qonşum başına gələnləri ictimailəşdirdi, hüquq-mühafizə orqanlarına şikayət etdi, bu barədə bizim qəzet də yazdı. Məqalənin dərc olunmasında sonra həmin fırıldaqçılara qarşı cinayət işi açıldı, tezliklə o şəxs saxlanıldı, qonşumun 5 min manatından təxminən 4500-ü özünə qaytarıldı. Ancaq o danışırdı ki, təxminən 10-15 adamın pulu qaytarılıb, qalan 90-100 nəfərə yaxın aldanmışın tam əksəriyyəti heç şikayətçi də olmayıblar. Ya qorxublar, ya da “it aparan olsun” deyib, puldan vaz keçiblər.
“Tələbə qəbulu” işinə baxan fırıldaqçı bir müddət yatandan sonra azadlığa buraxıldı. Belə görünür ki, adam indi “biznes”ini xeyli genişləndirib. Yuxarıda oxuduğunuz elanı da ya o, ya da onun kimi biriləri yazıb, yayıb.
Nə qədər təbliğat aparılır, aparılsın, izahat verilir, verilsin, xeyri yoxdur, yenə o fırıldaqçıların tələsinə yüzlərlə valideyn düşəcək, birtəhər qazandıqları pulu fırıldaqçılara qapdıracaqlar.
Çünki onlar istəyirlər ki, övladları ali təhsilli olsun, “əlində sənəti olsun”, “nəsə bir diplomu olsun”.
Bu adamlar özlərinə hesabat vermirlər ki, övladları savadsızdır, 700 mümkün baldan 200-nü (hətta ondan da aşağı) toplayırsa, uşaq oxumayıb, biliyi “iki” civarındadır və o, universitetə qəbul oluna bilməz. Hətta hansısa fırıldaqla qəbul olunsa da, ondan gələcəkdə mütəxəssis olmayacaq.
Nə məcburdur ki, hamı haqqı çatdı, çatmadı, universitetə daxil olsun. O qədər gözəl və gəlirli peşələr, sənətlər var və həmin gənclər öz istedadlarına uyğun iş tapa, peşə öyrənə bilərlər. 9-cu sinif təhsili olan avtomobil ustası tanıyıram, sexinin qarşısında növbə olur. Bir dəfə o adam gözümün qabağındaca 1 saatın içində 270 manat pul qazandı. Hər kəs onun haqqında “beyni kompüterdir, əlləri qızıldır” deyir, amma yəqin ki, o, ali məktəbə daxil olmaq istəsəydi, TQDK-nın imtahanında keçid balını keçə bilməzdi.
Yuxarıdakı elan fırıldaq olsa, bu, əlbəttə, pis şeydir, cinayətdir. Amma qorxasan, doğrudan da attestatla hüquqçu diplomu düzəldələr. Bax, bu cinayətdən də pisdir, faciədir.