Adı borc qalmaqalında hallanan və hərraca çıxarılan azərbaycanlı milyarder Telman İsmayılovun Antalyadakı möhtəşəm “Mardan Palace” oteli gələn təklifləri dəyərləndirməyə başlayıb.
Bunu azərbaycanlı iş adamının otelinin icraçı direktoru Çetin Pehlivan deyib.
İcraçı direktorun sözlərinə görə, otel 2009-cu ildə açılıb. Amma türk turizminin əsası olan “hər şey daxil” konsepti ilə ayaqlaşa bilmədiyini, bunun üçün də sonradan bu konseptə keçid etmək məcburiyyətində qalıb.
Ç.Pehlivan hərracla gündəmə gələn “Mardan Palace” oteli üçün beynəlxalq markalardan satın alma, ortaqlıq və kirayə təklifləri gəldiyini vurğulayıb: “Hazırda şirkətimiz görüşlər keçirir, təklifləri dəyərləndirir. Antalyaya dəyər qatacaq dünyaca məşhur marka zəncirindən də təkliflər var. Konsept dəyişikliyi işçi sayından tutmuş xidmət növlərinə qədər ciddi yüklər gətirdi. Keçmiş borclarla bağlı məsələ həll ediləndən sonra yolumuza yenidən “Mardan Palace” olaraq davam edirik”.
Onun sözlərinə görə, son zamanlar mətbuatda yayılan otelin müsadirəsi barədə deyilənlər həqiqəti əks etdirmir. O, həmçinin İtaliyanın “Artdecor” firmasına heç bir borclarının olmadığını, borcların 2010-cu ildən bağlandığını deyib.
“Açılışımızdan bu günə qədər hər zaman xüsusilə beynəlxalq markalardan müxtəlif təkliflər almışıq. Bu da markamızın dünya turizm şkalasındakı yerini göstərir. Markanı daha da irəli aparacaq modelin hansı olacağına hörmətli İsmayılov özü qərar verəcək. Mardan adı Telman İsmayılovun atasına məxsusdur və bu marka keyfiyyətini itirmədən yola davam edəcək” – Ç.Pehlivan deyib.
Ç.Pehlivan Türkiyənin tanıdılmasında böyük rol oynayan otelin şirkət sahibi Telman İsmayılovun İstanbul memarlığına olan heyranlığı və Türkiyə sevgisini ölümsüzləşdirmək üçün öz sərmayəsi ilə inşa etdirdiyi böyük layihə olduğunu deyib.
“İsmayılov əcnəbi sərmayədar olmağın bütün çətinliklərini və təzyiqlərini artıqlaması ilə yaşayıb. Amma o yenə də “Mardan Palace”a duyduğu və işçilərinə olan inanc, hörmətini itirməyib” – otel rəsmisi bildirib.
O, burada ildə ən azı 3 hind toyunun baş tutduğunu deyib və otelin “Bollywood” (Hindistan kino sənayesi) tərəfindən böyük maraq gördüyünü, yüksək büdcəli hind filmləri, klipləri, reklamalarının çəkildiyini xatırladıb.
Xatırladaq ki, möhtəşəm otelin inşasında 10 min kvadratmetr qızıl, 500 min kristaldan istifadə edilib. “Mardan Palace” İstanbulun tarixi binalarından ilhamlanaraq tikilib. 23 may, 2009-cu ildə istifadəyə verilib. Otelin açılışına dünya ulduzları qatılıblar.
1200 nəfərə xidmət edən oteldə 11 restoran, 11 kafe-bar, 1200 nəfərlik bal salonu var. Otelin açılış mərasiminə Paris Hilton, Monika Belluci, Merak Kerri, Mel Gibson kimi ulduzlar da qatılıb.
Otelin adı bundan öncə də borc qalmaqalında hallanıb və hərraca çıxarılacağı xəbərləri yayılıb. Lakin “AST Telman” 100 milyonluq borcu ödəcəyini bildirərək satışı dayandıra bilib (ANS PRESS).