“Siz haçansa çaxır butulkası açmısınız? Lənət şeytana, səsi ləzzət eləyir! Bəs ilikli sümük tapan it görmüsünüz? (Platon deyirdi ki, it – dünyadakı ən fəlsəfi heyvandır). Əgər görmüsünüzsə, o zaman həmin itin sümüyü necə qısqanclıqla qoruduğunu, necə razılıqla quyruq bulayıb ehtiyatla ağzına aldığını, necə marçıltı ilə gəmirdiyini, necə həvəslə sümürdüyünü də görmüsünüz. Buna onu nə məcbur edir? O, nəyə ümid edir? Hansı xeyri tapacaq? Bir damcı beyindən başqa demək olar heç nə”.
(Fransua Rable, “Qarqantua və Pantaqruel”)
İl olmuş 2015, azərbaycanlılar hələ də “şortik” mövzusunu müzakirə edirlər. Bəziləri deyir belə geyinmək olmaz, bəziləri deyir əcəb eləyirik. Hətta normal dövlətlərdə cəmiyyətdən təcrid edilib müalicəyə göndərilməsi zəruri olan, bizdə isə yapistlərin dəstəyi ilə siyasi partiya qayırmış bir gerizəkalı qısa şalvar geyinənlərin ayağına yandırıcı turşu atmağa çağırıbmış. Sonra media bu “qabaqda gedən zəncirli”nin özünün şortikli şəkillərini tapıb dərc elədi. Bu dərəcədə bekarçılıqdır yəni.
Mən bu müzakirələrə baxanda fikirləşdim ki, vaxt gələcək, biz başqa planetlərə köçəcəyik, amma o zaman da azərbaycanlılar “Marsda şortik geymək Allaha xoş gedərmi” mövzusunda diskussiya edəcəkdir. Yəni bu bizim alın yazımızdır, karmamızdır, hara fırlansaq xeyri yoxdur. Gəlib təzədən yaxamızdan yapışacaq.
Misal üçün, özünü filosof adlandıran bir lətifə personajı keçən ay Ramazan vaxtı demişdi: “Dünyada 1 milyard yarım müsəlman var. Bu insanlar gündə maye qəbul etmirsə, normada hər bir insan azı 2 litr maye qəbul etməlidir, belə olan halda dünyada gündə 3 milyard litr içməli suya qənaət olur. 30 gün üçün hesablasaq, 90 milyard litr su olacaq. Müsəlmanlar 1 ayda Xəzər dənizinin həcmi qədər dünya ekologiyasına xidmət edir, içməli suya qənaət edir”. Eynilə “Amerikanlar Aya endilər, biz Günəşə kosmonavt göndərək, yanmasın deyə gecə göndərək” süjetli sovet lətifəsinin təkrarıdır.
İndi sən bu adama nə deyə bilərsən? 70 yaşı var e! İndən belə desən nə xeyri olacaq?
Son günlər teatr sənayemizdə də qeyri-adi yay aktivliyi müşahidə olunmaqdadır, halbuki qabaqlar yay aylarında aktyor və aktrisalarımız, rejissor və manıslarımız yuxuya gedirdilər. Bəlkə də cənab prezident neft pulu azaldığı üçün mütrüblərin xalq artisti adını, təqaüd və medallarını kəsibdir, o üzdən qırğın gedir. Görkəmli sənətkarlarımızın dialoq və monoloqlarına, bir-birinə dediyi itin sözlərinə yalan olmasın, Şekspir həsəd aparardı.
Örnək üçün, açırsan bir saytı, görürsən xalq artisti əməkdar rejissora deyir: “Dilini qoy qarnına”. Bəh-bəh… Ziyalılığa bax! Sonra girirsən ayrı sayta, orda korifey sənətkarımız bir az yaşca balaca qalifey sənətkarı qoyub qabağına, cəmdəyinə döşəyir: “Əə, sən haranın tulasısan, bizim qastrol pulumuzu kəsirsən? Keçən dəfə rayona gedəndə kababı icra başçısı aldı, bu alçaq isə kamandiroviçnini basdı yedi”. Sonra jurnalist bir link qoyur, deyir baxın, orda artistlər baş rejissorun üzünə tüpürübdür. Baş vurursan həmin, necə deyərlər, sözügedən linkə, burda isə el anası, səhnəmizin Ofeliyası, Karmeni, Tomrisi, Medeyası aktrisa Millibəyim xalanın öz tuman bağı ilə teatrın direktoru Güllübəyim xalanı boğması səhnəsinə rast gəlirsən. Amma insafən saytlar belə şeylərin üstündən “18 +” yazırlar. Sağ olsunlar, yoxsa mentalitetimiz zibil olar.
Qəzet yazır ki, teatrın baş rejissoru səhnədə dönər satan aparat quraşdırıb. Bir ayrı qəzet isə aktyorların qrim otağında pulla domino oynadığını qeyd edir. Bir azman sənətkar deyir mən filəm, teatrın direktoru isə qarışqadır. Direktorun cavabı ləngimir: “Sən heç filin… xortumu da deyilsən!”
Əlbəttə, bütün bu diskussiyalar incəsənətimizi qabağa aparır. “İncəsənət” sözünün içində “çənə”, “cəsəd” sözləri var. Mədəniyyətdəki “mədə” sözünü də ta özünüz bilirsiniz. Mirşahin müəllimin bazarına girmək olmasın, sənətkarlarımız çənələşməli, mədə uğrunda savaşmalıdır, yoxsa sənət çökər, yerdə cansız cəsədlər qalar.