Hərdən sosial şəbəkədə qeydlər gözə dəyir, ictimai-siyasi fəallar iki ay öncə ölkədə həbsdə olan və siyasi məhbus sayılan şəxslərin cinayətkar adlandırıldığı bəyanata imza qoyan QHT və media qurumlarının tərkibində kimlərin olduğunu araşdırırlar və müzakirə edirlər.
O siyahıda tanınmış ictimai fəallar və bizimlə münasibəti normal olan həmkarlar var, ancaq bizim adımız həmin siyahının altında yoxdur. O siyahıya biz “Yeni Müsavat” qəzeti olaraq imza qoymamışıq. Bəziləri bunun belə olmasını çox istərdi və bəlkə də qəzetimizin adını orada tapmaq ümidi ilə siyahını dəfələrlə gözdən keçiriblər, amma yoxdur ki, yoxdur.
Güman ki, heç vaxt olmayacaq da. Çünki bunlar şübhəli, qərəzli siyahılardır və bir mətbuat orqanının, hətta QHT-lərin də imza qoymalı olduğu bəyanat, açıqlama deyil.
Biz nəyə görə öz üzərimizə hüquq-mühafizə orqanlarının və ya hakimiyyətin siyasi işlərlə məşğul olan strukturlarının funksiyasını götürməliyik və beynəlxalq hüquq təşkilatları ilə onların arasındakı “siyasi məhbus” qovğasında tərəf tutmalıyıq?
Budur, ölkədə bir-birinin ardınca siyasi motivli məhkəmələr keçirilir və insanlar mühakimə olunur. İttiham edən tərəf “təqsirkarların günahı sübut olundu” deyə bəyanat yayır, müdafiə tərəfi razılaşmır və bu məsələni beynəlxalq məhkəmə instansiyalarına daşıyacağını bildirir.
İşi Avropa İnsan Haqları Məhkəməsinə çıxan şəxslərin əksəriyyətinin sonda bəraət alacağını, qərəzli və sifarişli hökmlər verən hakimlərə görə Azərbaycan dövlətinin cərimələnəcəyini bilə-bilə ya bəri başdan təqibə-təzyiqə məruz qalanın tərəfində olmalısan, ya da qızğın müdafiəçi olmadan neytral qalmalısan.
Açığı, bu məsələ elədir ki, siyasi məhbus hesab edilən adamların hamısını külliyən və birmənalı müdafiə etmək mümkün deyil. Onların içində elə adamlar olub və var ki, fəaliyyətləri ilə insanlara ziyan vurublar. Məsələn, bir vaxtlar separatçı Ələkrəm Hümbətovın adı siyasi məhbusların sırasında gedirdi. Yaxud, bir vaxtlar erməni xüsusi xidmətinin sifarişi və təlimatı ilə Bakı metrosunda terror aktı törədərək 20-yə yaxın həmvətənimizin ölümünə bais olan “sadval”çıların adı siyasi məhbusların siyahısına salınmışdı.
Bundan başqa, istintaqında və mühakiməsində pozuntulara yol verilmiş, siyasi məsələlər qarışmış elə şəxslər var ki, onların ekstremist dini qruplaşmaların üzvü olduqları, xaricdən idarə olunduqları, ölkədə qarışıqlıq yaratmağa hazırlaşdıqları birmənalı şəkildə sübut olunub.
Belə adamları demokratiya və insan haqları uğrunda mübarizə apardıqlarına görə həbs olunmuş Tofiq Yaqublunun, İlqar Məmmədovun, Yadigar Sadıqovun, Sirac və Fərəc Kərimli qardaşlarının, Seymur Həzinin, Pərviz Həşimlinin, Anar Məmmədlinin, “Nida” təşkilatının üzvlərinin və digərlərinin adının yanında necə çəkəsən?
Tərs kimi, hakimiyyət adamları, hüquq-mühafizə orqanları o cür “siyasi məhbus”larla əsl siyasi məhbusları bir-birinə elə qatıblar ki, onlardan kimin kim olduğunu ayırd etmək üçün ciddi təfərrüata ehtiyac var.
Daha pisi odur ki, siyasi məhbusların siyahısı genişlənməkdə davam edir. Əfvi gözlənilənlər, həbsdən buraxılması artıq zəruri, vacib olanlar buraxılmır, əvəzində yeniləri məhkum edilir.
Bundan əvvəlki seçki illərində hakimiyyət beynəlxalq təzyiqləri bir az yumşaltmaq, mötədil seçki atmosferi görüntüsü yaratmaq üçün azadlığa buraxılması tələb olunan siyasi dustaqları hələ seçkiyə 6 ay qalmışdan azad edirdi.
Bu il isə seçkiyə 3 ay qalır, ancaq siyasi məhbusların sayı artırılır. Az qala bütün beynəlxalq təşkilatlar, eləcə də qüdrətli demokratik dövlətlər Azərbaycandakı bu durumu qətiyyətlə pisləyirlər, amma xeyri yoxdur, hakimiyyətin dünya birliyinə meydan oxuması davam edir.
Bu durum nə vaxta qədər davam edəcək, bəlli deyil. Bəlli olan odur ki, hər şey pisliyə doğrudur.