Ölkəmizdə fəaliyyət göstərən saytlardan biri nəqliyyat nazirinin qardaşı oğlu, millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədovdan müsahibə götürüb. Reklam olsun deyə o saytın adını da yazıram: “Baku.ws”.
Maraqlı müsahibədir, müsahibə götürən müsahibə verənə yaxşı suallar ünvanlayıb.
Əslində Aynar Məmmədovu oxucularımıza geniş təqdim etməyə ehtiyac yoxdur. Oxucularımızın 99 faizi onu tanıyır. Yerdə qalan bir faiz isə qəzet, sayt oxumağa bu il başlayanlardır. Yəqin ki, onlar Aynar Məmmədovu yaxşı tanımırlar. Çünki bu il qəzetlər ondan az yazır, amma keçən il çox yazırdılar. Adam qalmaqallı olayları ilə ölkənin ictimai-siyasi gündəminə oturmuşdu.
Baku.ws. saytının müxbiri Aynar Məmmədova elə bir suallar verib ki, onun keçənilki məşhurluğu məhz həmin sualların altındakı mətləblərdəydi.
Məsələn, həmkarımız soruşub: “Jurnalist Rasim Əliyevin qətlə yetirilməsinə münasibətiniz necədir?”
Aynar Məmmədov belə cavab verib:
“Bu hadisəni kəskin qınayıram. Bir insanın həyatına son qoymaq nə dərəcədə doğrudur? Bu işdə əli olanlar, günahkarlar cəzasız qalmazlar. Bəzi jurnalistlərə isə xüsusi hörmətim var. Onlardan da özümə qarşı hörmət görürəm”.
Müsahibəni oxuyan bəzi dostların versiyasına görə, əslində jurnalist A.Məmmədova bu sualı ona görə verib ki, keçən il onun da adı jurnalist döydürməkdə hallanırdı və bu iş ən yüksək səviyyədə qalmaqala səbəb olmuşdu.
Ona görə də güman olunur ki, Aynar Məmmədovun suala daha səmimi cavabı belə ola bilərdi:
“Bu hadisəni kəskin şəkildə qınayıram. Bir insanın həyatına son qoymaq heç doğru deyil. Başqa yollar var. Əgər kimisə yazdığı sözə, paylaşdığı şəklə görə cəzalandırmaq istəyirsənsə, vacib deyil ki, onu öldürtdürəsən. Adamın üstünə 5 idmançı göndərməmək də olar. Şəxsi təcrübəmdən çıxış edib deyə bilərəm ki, bundan ötrü iki idmançı da bəsdir. Rusların bir atalar sözü var, deyirlər ki, dvoe voyska odnomu. Yəni iki adam bir adam üçün qoşun deməkdir. Hətta o iki idmançının biri kənarda durub söhbətə qarışmaya da bilər. Ona görə ki, yarımçıq da olsa peşəkar idmançı istənilən jurnalistdən güclüdür, çevikdir, üstəlik, əlbəyaxa döyüş fəndləri bilir. Təvazökarlıqdan kənar olsa da, deməliyəm ki, bu işlərdə əsas məsələ idmançının fiziki hazırlığı, əsəbiliyi deyil, əsas məsələ sifarişi verənin nə dərəcədə qanunpərəst, vicdanlı olmasıdır. Adama əvvəlcədən xəbərdarlıq etmək lazımdır, bax ha, elə vur ki, sınığı, çıxığı olmasın, elə yerindən vur ki, ölüb-eləməsin, şikəst olmasın, xəstəxanaya düşməsin və sair. Bu xəbərdarlıqlar mütləq edilməlidir. Çünki bəzi idmançılar hır-zır qanmırlar. Ağılları özlərinə, öz məşq yoldaşlarına gedir, qabaqlarına çıxanı götürüb çaxırlar yerə. İdmançılar buna vərdiş ediblər, dözürlər, amma zəif adamlarda, o cümlədən jurnalistlərdə müqavimət əmsalı aşağı olur, bir də görürsən, əzilirlər, yaxud heç istənilmədiyi halda ölürlər. Yadımdadır, keçən il belə bir əhvalat olmuşdu, bizim idmançı dostlardan biri evinin qapısının ağzında məşhur jurnalistlərdən birini (reklam olmasın deyə ad çəkməyək) cəzalandırmaq istəmişdi, adamı götürüb yerə çırpmış, 3-4 dənə də təpik vurmuşdu. O kadrları tapın baxın, idmançının centlmenliyini görəcəksiniz. Fikir verəcəksiniz ki, idmançı jurnalistin başına təpik vurmaq imkanına sahib ola-ola bunu etmir. Niyə? Çünki ona jurnalistin döyülməsini sifariş verən oğlan tapşırıb ki, çox və bərk döymə, eləcə, bir-iki şillə vur getsin, ağlı başına gəlsin. Ona görə də mən jurnalistlərlə problemi olan dostlara, tanışlara tövsiyə edirəm ki, sifariş verdikləri adamı, türkün sözü, titizliklə seçsinlər və normal, korrekt sifariş versinlər. Bir neçə şillə-təpiklə həll olan işdə aşırı güc istifadə edərək ölkədəki ictimai-siyasi sabitliyə xələl gətirəcək addımlar atmasınlar. Birinci halda, pul-para ilə qurtarmaq olur, ikinci halda isə, nə bilmək olar, bir də gördün, iş xüsusi nəzarətə götürüldü. Ondan sonra çətin ola bilər”.
Bax, belə. Səmimi cavab belə olar. Yoxsa nə “jurnalistlərə hörmətim var”-zad…